Evlilik ildönümündə evə nəşi gələn şəhidimiz: "Övladına qoyduğu ad taleyi oldu"

Evlilik ildönümündə evə nəşi gələn şəhidimiz: Vətən Müharibəsində şəhid olanlardan biri də Azərbaycan Silahlı Qüvvələrinin baş giziri və hərbi tibb qulluqçusu Eldar Abdullayevdir.

Eldar Firuddin oğlu Abdullayev 1982-ci ilin 23 iyulunda Sumqayıtda doğulub. O, 1988-ci ildə Sumqayıtda 3 nömrəli məktəbin 1-ci sinfinə daxil olub, 1998-ci ildə 35 nömrəli məktəbi bitirib. 1999-cu ildə Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinə qəbul olub. 2001-ci ildə bu universitetin hərbi feldşer ixtisasını bitirib. Eldar ali təhsilini bitirdikdən sonra hərbi tibb sahəsində çalışmağa başlayıb. O, 2003-cü ildə Ağdamın Sarıcalı hospitalında, ayrı-ayrı illərdə Goran hərbi hissəsində, Bakıda Mərkəzi Hərbi Hospitalda komendant və son olaraq 2017-ci ildən Beyləqanda hərbi hissədə çalışıb.

O, 2020-ci ilin oktyabrın 18-də ön cəbhədə yaralı əsgərləri xilas edərkən qəhrəmancasına şəhid olub.

Evlilik ildönümündə evə nəşi gələn şəhidimiz: "Övladına qoyduğu ad taleyi oldu"


Sağ ikən “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi” yubiley medalları, 1-ci, 2-ci və 3-cü dərəcəli “Qüsursuz xidmətə görə”, şəhid olduqdan sonra isə "Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə", “Döyüşdə fərqlənməyə görə”, “Vətən uğrunda” medalları ilə təltif olunub.

Ölkə.Az anım ildönümündə şəhidimizin bacısı Aygün Fətullayeva ilə söhbətləşib.

Evlilik ildönümündə evə nəşi gələn şəhidimiz: "Övladına qoyduğu ad taleyi oldu"


- Eldar Abdullayev xasiyyətcə necə biri idi?

- Biz ailədə 3 uşaq olmuşuq, 2 qardaş bir bacı. Eldar bizim sonbeşiyimiz olub. O, aramızda ən cəsarətli, qorxmaz ürəyiyumşaq xasiyyətdə olan idi. Hamının qayğısına qalardı.

Eldarın şəhid olanda 39 yaşı var idi, amma buna baxmayaraq elə uşaq qəlbli qalmışdı. Çox saf, hamıya inanan, hamını özü kimi bilən, başqalarının dərdinə şərik olan idi. İstəyən olsa, cibindəki axırıncı pulunu fikirləşmədən verirdi.

Universitet müəllimləri də anma mərasimində deyirdilər ki, Eldarın özünəməxsus gülümsəməsi vardı. Doğrudan da nə vaxt baxırdın Eldar gülümsəyirdi.

Heç vaxt problemlərindən danışmazdı, heç kimi narahat etmək istəməzdi. Hətta müharibə vaxtı imkan tapan kimi hər gün zəng edərdi.

27 sentyabrda hərbi əməliyyatlar başladığı andan döyüşlərə qatılmışdı. Çoxlu sayda yaralı və şəhidlərimizi döyüş ərazisindən, minalanmış zonadan xilas etmişdi.

Evlilik ildönümündə evə nəşi gələn şəhidimiz: "Övladına qoyduğu ad taleyi oldu"


- Bildiyim qədərilə şəhidimiz ailəli idi...

- Bəli, Eldar 2009-cu ilin 18 oktyabrda Fatimə xanımla ailə qurmuşdu. 3 qız övladları doğulmuşdu. Eldar şəhid olanda böyük qızının 10, ortancıl qızının isə 8 yaşı vardı. Çox təəssüf ki, Eldar 3-cü qızını görə bilmədi. Ahumuz 2021-ci ilin fevralın 1-də atasının şəhadətindən 4 ay sonra dünyaya gəldi.

Yay ayları idi. Üçüncü qızının olacağını eşidəndə mənə zəng elədi. Sevincək dedi ki, bacı, üçüncü dəfə qız atası olacağam, cənnəti qazanacağam. Amma xəbəri yox idi ki, qızı dünyaya gəlməmiş cənnəti qazanacaqdı.

Eldar övladlarına, ailəsinə çox bağlı idi. Uşaqlar atalarını gec-gec görürdülər. Çünki Eldar Beylaqanda işləyirdi, ailəsi isə Sumqayıtda qalırdı. Buna baxmayaraq hər gün hamımızla ayrı-ayrılıqda danışırdı.

Evlilik ildönümündə evə nəşi gələn şəhidimiz: "Övladına qoyduğu ad taleyi oldu"


- Dediniz ön cəbhədə şəhid və yaralıları çıxarırdı. Bəs bu müddət ərzində nə vaxtsa özü də yaralanmışdımı?

- İki dəfə kontuziya almışdı. Deyilənə görə, həm də yaralanmışdı. Amma biz bu barədə xəbərsiz olmuşuq. Narahat olmayaq deyə, nə ana-atama, nə mənə bir söz demişdi. Elə həmişə deyirdi ki, hər şey yaxşıdır, irəli gedirik, daha da yaxşı olacaq və s. Bizdən çox narahat olurdu.

- Eldar Abdullayev də bir çox qəhrəmanlarımız kimi, başına gələnlərdən danışmayıb. Bəs hərbçi yoldaşları onun haqqında nə deyir?

- Bəzi şeyləri bilirik. Çünkü o hərbi hissədən şəhid çox oldu. Demək olar ki, az adam sağ qalmışdı.

Qardaşım 22 il feldşer işləyib. Həkim olmayanda həkimlik edib. Eldar çox təcrübəli idi. Hətta cavan həkim iş yoldaşı deyirdi ki, mən Eldardan çox şeyi öyrənmişəm, öyrənə də bilərdim. Elə həmin yoldaşının yanında şəhid olmuşdu.

Müharibə yeni bitəndə şəhid anaları vatsapda bir qrup yaratmışdılar. Orada Rzayev Tərlan adında bir şəhidin anası Eldarın bacısı olduğumu biləndə, dedi ki, oğlu həmişə qardaşım barəsində xoş sözlər danışırdı. Rzayev Tərlan anasına deyibmiş ki, narahat olma, burada bir həkim var, bizə atalıq edir, evdən yemək gətirir, əlləri ilə yedizdirir.

Özüm də Eldarın etdiyi yaxşılıqlara şahid olmuşdum. Biz Beylaqana gedəndə, ət alırdı, yoldaşına pirojki, ev yeməyi bişirtdirib əsgərlərə aparırdı. Deyirdi, qoy, ev yeməkləri yesinlər.

Müharibədən gələn əsgərlər də deyirdi ki, onları heç vaxt irəli getməyə qoymazdı. Deyirmiş, "mən sizdən daha təcrübəliyəm". Onları həmişə qoruyurdu.

Hətta keçən il tanımadığımız biri sosial şəbəkələrdə Eldarla sonuncu görüşü haqqında yazmışdı.

Evlilik ildönümündə evə nəşi gələn şəhidimiz: "Övladına qoyduğu ad taleyi oldu"


- Nə yazmışdı?

- Əli Abdulla adlı sosial şəbəkə istifadəçisi olan oğlan yazmışdı ki, şəhid olmazdan bir gün əvvəl qardaşımı görüb:

“Şəhid olmamışdan bir gün əvvəl axşam mənimlə görüşdü. Şərəfsizlərin siqaretindən çəkdi. Dedim, qayıdacaqsan? Fikirli idi, cavab vermədi. İkinci dəfə təkrar sual etdim ki, Eldar, qayıdacaqsan? Dedi, əmioğlu, hə, qayıdacağam. Dedim, sən Allah ehtiyatlı ol, iki körpən var. Gülümsədi. Dedi ki, qismətimizdə varsa, şəhid olacağıq. Dedim, dəlisən, ay kişi, elə demə, Allah gecindən versin. Dedi ki, Vətən sağ olsun! Gətirdiyi siqaretləri birgə orada olanlara payladıq. Sonra qucaqlaşdıq.

Hər dəfə ön cəbhədən şəhid və yaralı gətirəndə mənimlə görüşüb sağollaşırdı. Elə də narahat olmurdum. Həmin gün qucaqlaşıb ayrılanda, sanki sonuncu gedişi imiş kimi qəlbimə hüzn doldu. Maşına mindiyi anda yanındakı həkim yoldaşına yaxınlaşıb dedim ki, sən canı Abdullayevdən muğayat ol. Həmin həkim gülümsündü. Dedi ki, əmioğluna tapşır, o bizdən muğayat olsun, biz ondan yox, o qocadır, biz cavan. Gülüşdük. Sabahı gün həmin həkim yoldaşı gəldi. Tibbi yardım maşınının arxa qapısını açıb bir şəhid çıxardılar. Yaxınlaşdım. Dedim, bu kimdir? Həmin cavan həkim yoldaşı ağlayaraq məni qucaqladı. Dedi, qardaş, əhdinə vəfalı ola bilmədim. “Eldardan muğayat ola bilmədim”, deyəndə, dizim əsdi. Üzündəki parçanı açıb hönkürtü ilə ona sarıldım. Hələ də onun şəhid olduğuna inana bilmirəm, yoxluğunu qəbul edə bilmirəm”, - tanımadığımız cavan oğlan bu sözləri yazmışdı.

Birgə yaralı və şəhidləri ön cəbhədən götürməyə getdiyi şəxslər danışır ki, bəzən əsgərləri minalanmış ərazidən götürməyə gedirdilər. Həmin vaxtı da Eldar gəncləri qoymurmuş, deyirmiş ki, birinci mən gedim, sonra siz arxamca gəlin.

- Qardaşınız dostlarına başına gələnləri danışırdımı?

- Eldar şəhid olandan sonra yas mərasiminə gəlmişdilər. Deyirdilər ki, hər gün onunla əlaqə saxlayırdıq. Hətta bir dəfə görüntülü danışıblar. Amma qardaşım bizimlə görüntülü danışmırdı. Səbəbini başa düşmürdük. Dostları isə deyirdilər ki, Eldarın bütün üst-başı qan içərisində idi. Yanında əlavə geyim olmadığına görə paltarını dəyişə bilmirmiş. Deyirmiş, əynindən formanı bir həftədir çıxarmır, başı qan iyindən xarab olur. Yəni o vəziyyətdə idi. Ona görə bizə çox şeyi demirdi ki, narahat olarıq.

- Müharibəyə gedənlər açıq-aşkar olmasa da, üstüörtülü ailəsinə vəsiyyət eləmişdi. Bəs Eldar bəyin sizə, həyat yoldaşına və s. hansısa vəsiyyəti olmuşdumu?

- Dediyim kimi, həmin vaxt yoldaşı hamilə idi. Üstəlik riskli hamiləlik idi. Ona görə ona çox şeyi demirdi. Hətta Eldargilin binasında 3 şəhid olmuşdu. Eldardan 10 gün əvvəl birini gətirmişdilər. Azər adında oğlan idi. Fatimə görüb pis olmuşdu. Eldara zəng edirdi, zəng çatmırdı. Özündə deyildi. Bütün iş yoldaşlarına zəng edib xəbər almağa çalışmışdı. Sonra Eldara xəbər veriblər ki, sənə evdən zəng gəlib. Danışıblar.

Bizə də hər gün zəng edib deyirdi ki, özünüzdən muğayat olun, sizi çox istəyirəm. Mənim də 3 övladım var. Onlara çox gözəl dayı olub. Həmişə deyirdi, uşaqları qoru. Deyirdi, çox darıxıram, inşallah, görüşərik.

Haradasa 5-6 il bundan əvvəl kiçikçaplı döyüşlər olmuşdu. Deyirdi ki, neytral zonadan şəhidi çıxardıq, bizi vura bilərdilər. Deyirdim, Eldar, niyə gedirsən, birdən sənə bir şey olar. Mənə baxırdı, deyirdi ki, bacı, nə danışırsan, istəmərəm ki, orada əsgərimiz orada qalsın. Deyirdi, götürmək lazımdır ki, heç olmasa, anası övladının qəbri üstdə ağlaya bilsin. O dərəcədə düşüncəli idi.

Müharibə vaxtı telefonda “özünü qoru” sözünə gülərək “uzaqbaşı şəhid olacağam” cavabını verirdi. Sonra da deyirdi, narahat olma, hər şey yaxşı olacaq.

- Sonuncu dəfə onunla nə vaxt danışmışdınız?

- Oktyabrın 17-si danışmışdım. Amma həyat yoldaşı oktyabrın 18-i səhər tezdən danışıb. Eldar həmin gün Fatiməyə deyib ki, bu gün bizim toyumuzun 11 illiyidir, narahat olma, yaddan çıxarmamışam. Elə az danışıblar. Eldar yoldaşına deyib ki, axşam zəng edərəm, rahat danışarıq. Həmin axşam Eldarın nəşini evə gətirdilər.

- Sonuncu övladının adını özü qoymuşdu?

- Uşaqlarının üçünün də adını özü qoyub. Birinci qızı Asya ana nənəmizin adını daşıyır. Sən həyatın təsadüfünə bax. Nənəmiz də şəhid qızı olub. 1918-ci ildə nənəmizin atasını ermənilər qətlə yetirib. Həmişə nənəm bu barədə danışırdı. Deyir, bir gün döyüşə gedənlər qayıtdı, amma atam yox. Dedilər, şəhid olub. Həmin nənəmin adını atam öz qızına qoydu. Taleləri də eyni gətirdi. Bizim Asyamızın da qismətində şəhid qızı olmaq varmış...

- Müharibə barədə sizə nə isə demişdimi?

- Zəng edəndə çox qısa danışırdıq. Bəzən deyirdi ki, filan rayonu götürdük. Amma açıq danışmırdı, şifrəli deyirdi. Məsələn, Cəbrayıla Los-Angeles deyirdi. Parolla bir-iki söz deyirdi, vəssalam.

- Qardaşınızın hansı şəraitdə şəhid olması barədə sizdə məlumat varmı?

- Oktyabrın 18-i Eldargili döyüş zonasından çıxıblar. O vaxtı Hadrut azad olunmuşdu, amma orada diversiya qrupları var idi, gəlib təxribat törədirdilər. Bunlar da o yoldan keçəndə, həmin ərazini raket atəşinə tutublar. Eldargildən öndə olan maşın partlayıb. Sonra başlayıblar onların maşınını atəşə tutmağa. Onlar da maşından çıxıb gediblər ki, bir evdə gizlənsinlər, sonra da kömək çağırsınlar. Həmin vaxtı orada olan Sənan adlı həkim danışır ki, evə daxil olanda Eldar sürücüsünü içəri girməyə qoymayıb. Özü hamıdan əvvəl evə girib ki, birdən orada kimsə olar. Onlar içəri girəndə, orada Eldargili erməni artıq gözləyirmiş. Deyilənə görə, elə həmin erməni diversantı digərlərinə hansı əraziləri atəşə tutmaq barədə göstəriş verirmiş. Eldar evə girən kimi birinci ona, sonra isə sürücüsünə atəş açıb. O biri həkim isə ərazidən qaçıb kömək çağırmağa gedib.

Sonrası da dediyim kimi, toy günü öz evinə şəhid kimi gətirildi...

Qeyd edək ki, Eldar Abdullayevin şəhadətə yüksəlməsindən sonra Sumqayıtda vaxtilə yaşadığı məhəllədə qonşular və iş yoldaşları tərəfindən bulaq tikilib. Tibb Universitetinin həyətində məzun şəhidləri abidəsində adı qeyd olunub. Təhsil aldığı orta məktəbdə Eldarın adına guşə yardılıb. Bakıda bir neçə məktəbdə sinif otaqları onun adını daşıyır.

Söhbətləşdi: Billurə Yunus

Oxşar xəbərlər