8 noyabr Şuşa zəfəri 44 günlük Vətən müharibənin dönüş nöqtəsi olmuşdu

8 noyabr Şuşa zəfəri 44 günlük Vətən müharibənin dönüş nöqtəsi olmuşdu
2022-ci il 20 oktyabr tarixində Cəbrayıl rayonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyəti Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatla çıxış etdilər. Cənab İlham Əliyev çıxışında Zəngilan Hava Limanının açılışını qeyd etdiklərini bildirdi. Prezident bu günün Zəngilan şəhərinin işğaldan azad olunmasının ikinci ildönümü olduğunu və bu hadisənin Qarabağ və Şərqi Zəngəzur üçün çox önəmli rol oynadığını vurğuladı. Çünki Zəngilan azad olunduqdan bir müddət sonra Qubadlı işğaldan azad edilmiş və ordumuz Şuşaya doğru irəliləmişdi. 8 noyabr Şuşa zəfəri isə 44 günlük Vətən müharibənin dönüş nöqtəsi olmuşdu.
Cənab İlham Əliyevin çıxışında qardaş ölkə Türkiyə ilə bağlı fikirləri diqqətəlayiq idi. Əlbəttə, qələbəni Azərbaycan xalqına yaşadan şəhidlərimiz, qazilərimiz, cəsur və yenilməz ordumuzdur. Amma bu da danılmaz faktdır ki, Türkiyənin dostluğu, hərtərəfli dəstəyi Azərbaycana güc verdi, səngərdəki əsgərimizi daha da ruhlandırdı. Biz birlikdə olanda bütün dünyaya qarşı savaşa biləcəyimizi gördük. Kədərimizə də, sevincimizə də şərik oldular. Bizim qardaşlığımız düşmənləri vahiməyə saldı. Müharibədən sonra da heç vaxt dəstəklərini əsirgəmədilər. Qarabağda inşaat, yol çəkilişi işlərində Türkiyə şirkətləri bizimlə birgə çalışır. Onlar qısa müddət ərzində böyük işlər görürlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmçinin onu da qeyd etdi ki, Türkiyə dünyada önəmli güc mərkəzidir. Türkiyə ilə olan işbirliyimiz artıq beynəlxalq səviyyəyə yüksəlmişdir. Daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da çıxış etdi və ilk olaraq iki gün əvvəl qeyd edilən Müstəqilliyin Bərpası Gününü bir daha təbrik etdi. O, Qarabağda görülən yenidənqurma işlərini təqdir etdi. Yenidənqurma işlərində həmrəy olduğumuzu, nəhəng layihələri birgə həyata keçirməyə daim hazır olduqlarını bildirdi. Cəbrayılda təməli qoyulan “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” kompleksi həmrəyliyin simvoludur. Rəcəb Tayyib Ərdoğan bildirdi ki, Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək Zəngəzur dəhlizi sülhə, əmin-amanlığa şərait yaradacaq, həmçinin Xəzərdən keçməklə Şərq-Qərb, Orta Dəhliz marşrutları üzərində yerləşən bütün ölkələr üçün ticarət və sərmayə imkanları təqdim edəcəkdir.
Bu gün Azərbaycanın hər yerində Azərbaycan-Türkiyə bayraqları birlikdə dalğalanır. Bu xalq düşmənini də, dostunu da yaxşı tanıyır. Biz həmişə qardaş idik, amma onların Vətən müharibəsində hərtərəfli dəstəkləri bu dostluğu daha da gücləndirdi. Əziz şairimiz Bəxtiyar Vahabzadə o misraları boşuna yazmamışdı:
Bir millətik, iki dövlət,
Eyni arzu, eyni niyyət,
Hər ikisi Cümhuriyyət
Azərbaycan-Türkiyə...

Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Nuranə Qarayeva



Oxşar xəbərlər