Səməd Cəfərov: Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycanın dövlətçilik tarixində xüsusi bir mərhələ təşkil edir

Səməd Cəfərov: Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycanın dövlətçilik tarixində xüsusi bir mərhələ təşkil edir “Ovçular ət və ət məhsulları” MMC-nin təsisçisi Səməd Cəfərov - Azərbaycan Xalq Cümhuriyyəti Türk və İslam dünyasında ilk Parlamentli Respublika, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Müstəqil Azərbaycan Cümhuriyyəti qısa vaxt ərzində böyük nailiyyətlər əldə etmişdir. İlk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çox əsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin – Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olmuşdur. Bu görkəmli dövlət xadimləri, vətənpərvər ziyalılar, peşəkar hərbçilər xalqımızın yaddaşında əbədi yaşayacaqlar. İnsan hüquq və azadlıqlarının bərqərar olması, etnik, dini və cinsi mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.

Hər bir xalqın, millətin sahib olduğu ən böyük sərvət onun müstəqil dövlətinin olmasıdır. Lakin müstəqillik təsadüfən qazanılmır və ya onu hədiyyə etmirlər. Müstəqilliyə gedən yol böyük mübarizələrdən keçir. Hələ Sovet dövründə bizim tarixi keçmişimiz unutdurmağa çalışanda Ümummilli Lider Heydər Əliyev Azərbaycanda elə bir inkişaf strategiyası həyata keçirdi, elə cəsarətli layihələri reallaşdırdı ki, onlar sonradan müstəqil Azərbaycanın əsas sütunlarına çevrildi. 1991-ci ildə müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda təcrübəsiz adamların hakimiyyətə gəlməsi tezliklə xaos və özbaşınalığa gətirib çıxardı. Digər tərəfdən də, Ermənistan tərəfindən torpaqlarımızın 20%-i işğal olunmuş, bir milyondan çox qaçqın və məcburi köçkün ordusu yaranmışdı. Çətin və mürəkkəb ictimai-siyasi vəziyyətin ağır olduğu bir zamanda Heydər Əliyev xalqın təkidi və tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdı. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə çox ciddi islahatlar aparılmağa başlanmışdır. Nizami ordu yaradılmışdır. Ölkəmizə böyük həcmdə xarici sərmayə gəlməyə başlamışdır. Azərbaycançılıq ideologiyası rəsmi ideologiya kimi qəbul edilmişdir. Bir sözlə, məhz o illərdə Azərbaycanın strateji inkişaf istiqamətlərin əsası qoyuldu. Və bu gün ölkə başçısı İlham Əliyev tərəfindən bu prinsiplər əsas tutaraq bölgədə, dünyada dəyişən vəziyyətə uyğun olaraq öz inamlı siyasətini aparır. Bu gün biz fəxrlə deyirik ki, Müstəqil Azərbaycan Respublikası nəinki regionun, dünyanın lider ölkələri sırasındadır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət, imzaladığı Sərəncamlar, dövlət proqramları, xüsusi sosial və iqtisadi dəstək tədbirləri və Respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsləri, göstərdiyi qayğı xalqımız tərəfindən rəğbətlə qarşılanır. Azərbaycanın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və ölkə başçısı tərəfindən daha da gücləndirilən davamı siyasət nəticəsində bu gün ölkəmiz Azərbaycan Xalq Cümhuriyyətinin sədaqətli və layiqli varisi kimi demokratik dövlət quruculuğu proseslərini sürətlə həyata keçirir və inkişaf etdirir.

Bu il Müstəqillik gününü Şanlı Qələbəmizdən sonra 2-ci dəfə keçiririk. Azərbaycanın çox şanlı tarixi olub, ancaq Qarabağın işğal olunması, vətəndaşlarımızın erməni vandalizminin qurbanı olması sanki xalqımızda bir natamamlıq sindromu yaratmışdır. Ona görə də bayramları da, tarixi günləri də ürəkdən keçirə bilmirdik. Ancaq, 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun möhtəşəm Qələbəsindən sonra sanki, xalqımızın özünə inam hissi daha artdı. Bu Zəfəri ölkəmizin başçısı, diplomat, sərkərdə İlham Əliyev, igid, cəsur, mərd əsgər və zabitlərimiz qazandırdı. Azərbaycan öz tarixi torpaqlarını erməni faşizminin əsarətindən azad etdi. İndi Qarabağda, Şərqi Zəngəzurda quruculuq işləri aparılır, tezliklə həmin ərazilərin vətəndaşları orada yaşamağa başlayacaqdır. Artıq Şuşa mədəniyyət paytaxtı olmaqla yanaşı, həm də beynəlxalq statuslu tədbirlərə ev sahibliyi edir. Füzuli hava limanı hər kəsi yaxşı mənada təəccübləndirir. Çəkilən yollar, tunellər, enerji, qaz, su infrastrukturu, tikilən yaşayış binaları, sosial obyektlər, salınan kəndlər, şəhərlər Azərbaycanın qüdrətini, iqtisadi imkanlarını göstərir. Elə Müstəqillik günü ərəfəsində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Füzuli, Cəbrayil, Zəngilana səfər etməsi, görülən işlərlə tanış olması, təməlqoyma mərasimində iştirak etməsi və Zəngilan rayonun Ağalı kəndinin “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış etməsi, sakinlərlə görüşü artıq Azərbaycanın qədim Qarabağ və Şərqi Zəngəzur torpağında “Böyük Qayıdışın” başlanğıcını qoydu. Cənab Prezidentin də dediyi kimi, “biz bu torpaqlara qayıtmışıq, əbədi olaraq öz tarixi torpaqlarımızda yaşayacağıq”. Bir daha Müstəqillik günü münasibəti ilə xalqımızı təbrik edir, hər bir vətəndaşımıza sağlamlıq, firavanlıq, rifah arzulayıram! Qüdrətli, güclü Azərbaycan naminə öz töhfəmizi verək!

Oxşar xəbərlər