Qarabağ və Şərqi Zəngəzurun bərpası ölkə iqtisadiyyatının inkişafı üçün yeni imkanlar yaradacaq

Qarabağ və Şərqi Zəngəzurun bərpası ölkə iqtisadiyyatının inkişafı üçün yeni imkanlar yaradacaq İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişhəcmli tikinti-quruculuq, abadlıq işlərinin aparılması yaxın gələcəkdə regionda turizmin inkişafına əhəmiyyətli təsir göstərəcək. Yol infrastrukturunun sürətlə qurulması, “ağıllı kənd” və “ağıllı kənd təsərrüfatı” layihələrinin gerçəkləşdirilməsi bu sektorun tezliklə yeni inkişaf mərhələsinə daxil olacağına əminlik yaradır.
Hazırda adları çəkilən konsepsiyaların həyata keçirilməsi ilə bərabər, turizm marşrutlarının işlənib hazırlanmasına da xüsusi əhəmiyyət verilir. Çünki, indidən bu layihə icra olunmasa, Böyük Qayıdışdan sonra turizm sektorunun inkişafında müəyyən problemlər üzə çıxa bilər. Ona görə də bərpa prosesi ilə yanaşı, Qarabağ və Şərqi Zəngəzur bölgələrinin turizm potensialı da dərindən araşdırılmalı, turizm marşrutları, tarixi abidələr, cəlbedicilik cəhətdən zəngin, füsunkar, təkrarolunmaz təbiət məkanları diqqətlə nəzərdən keçirilməlidir.
Qarabağ və Şərqi Zəngəzurun bərpası ölkə iqtisadiyyatının inkişafı üçün yeni imkanlar yaradacaq. Belə ki, əsasən, 2022-2025-ci illər üçün xərclərin əsas prioritetlərindən biri müharibənin nəticələrinin aradan qaldırılması, düşməndən təmizlənən ərazilərin bərpası, yenidənqurulması və ölkə iqtisadiyyatına reinteqrasiyası olacaq.
Cari ildən başlayaraq, növbəti illər ərzində də bu tədbirlərin daha genişmiqyasda davam etdirilməsi, öz doğma yurdlarına qayıdan vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin təşkil edilməsi, sözügedən ərazilərdə iqtisadi fəaliyyətin bərpa olunması istiqamətində tədbirlərin maliyyələşdirilməsinə ehtiyac vardır. İşğaldan azad edilmiş ərazilərdə görüləcək işlərin səmərəliliyinin artırılması, o cümlədən, mərkəzləşdirilmiş qaydada həlli məqsədilə nəzərdə tutulan bütün tədbirlər Strateji Fəaliyyət Planı üzrə vahid konsepsiya əsasında həyata keçiriləcək.
Ölkə rəhbərinin tapşırığına əsasən, Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı turizmin və turizm klasterlərinin inkişafı, təşviqedici və tənzimləyici siyasət mexanizmlərinin işlənilməsi, innovativ texnologiya alətlərinin tətbiqi, turizm infrastrukturu, dövlət-özəl əməkdaşlıq və digər prioritet istiqamətlər əsasında hazırlanan Qarabağda Turizmin İnkişafı Strategiyası da mühüm əhəmiyyətə malikdir. Bu strategiyada turizm məhsullarının hazırlanmasının həmin ərazilərdə turizm infrastrukturunun qurulması ilə paralel aparılması nəzərdə tutulub. Başqa sözlə, Böyük Qayıdışı şərtləndirən yaşayış evlərinin tikintisi, infrastruktur layihələrinin reallaşdırılması ilə birgə turizm məhsullarının da yaradılması planlaşdırılıb
İşğaldan azad olunan ərazilərimiz bərpa olunduqdan sonra ölkəyə gələn turistlərin sayının qısa zamanda 5 milyon nəfərədək yüksələcəyi gözlənilir. Eyni zamanda, daxili turizmin gəlirlərinin yüksələcəyi və Ümumi Daxili Məhsuldakı payın artacağı proqnozlaşdırılır. Pandemiyadan əvvəl il ərzində 5 milyondan artıq vətəndaşımız turist kimi xaricə gedirdi. İndi isə onların bir qisminin işğaldan azad olunmuş ərazilərə səfər edəcəyi proqnozlaşdırılır. Bu da valyutanın ölkədə qalmasına imkan yaradacaq. Bütövlükdə, Qarabağ və Şərqi Zəngəzur növbəti dönəmdə turizmin inkişafında yeni drayverə çevriləcək.
Vətən müharibəsindən ötən müddətdə işğaldan azad edilən ərazilərdə Füzuli Beynəlxalq Hava Lima­nının tikintisi, Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və inşası, Kəlbəcər-Laçın istiqamətinə Göygöl rayonundan başlayaraq magist­ral yol salınmasının nəzərdə tutulması, eyni zamanda, Şuşanın füsunkar təbiət coğrafiyasında yerləşməsi, şəhərdəki tarixi-mədəni obyektlərin, Xarıbülbül və Qarabağ mehmanxanalarının ən son standartlara uyğun formada təmir edilərək istifadəyə verilməsi Qara­bağda dayanıqlı turizmin inkişafını şərtləndirəcək, Füzuli, Xocavənd və Şuşanın turistlər üçün əlçatan olmasına mühüm təsir göstərəcək. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Tərtər rayonunun Suqovuşan qəsəbəsinə səfərləri zama­nı burada Turizm İnkişaf Konsepsiyası əsasında yaradılacaq turizm kompleksinin təməlinin qoyulması da bunun bariz nümunəsidir. Bu turizm mərkəzinin də icrasının ərazidə aparılan bərpa-quruculuq işləri ilə paralel gerçəkləşdirilməsi nəzərdə tutulur. Belə ki, burada ərazinin minalardan təmizlənməsi, dağıdılan tikililərin qalıqlarının yığışdırılması, abadlaşdırılması əraziyə uyğun bitkilər əkilməsi də planlaşdırılır.
Bu yerdə ötən əsrin 70-ci illərində Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Suqovuşan su anbarı tikilib. Otuz il düşmən əsarətində qalan bu torpaqlarda qurub-yaratmaq düşmənin yadına düşməyib. İndi isə Suqovuşanın dünyanın ən gözəl təbiət incilərindən birinə çevrilməsi qərara alınıb. Belə bir füsunkar zonada, Suqovuşan Su Anbarının ətrafında turizm kompleksinin yaradılmasına başlanıb, sahilboyu gəzinti cığırlarının salınması, oturacaqların, söhbətgahların quraşdırılması nəzərdə tutulub.
Biz inanırıq ki, bütün bu reallaşdırılan layihələrin sayəsində ,çox füsunkar ,təkrarolunmaz təbiətə malik və tarixi abidələrlə zəngin Qarabağ və Şərqi Zəngəzur bölgələri tezliklə Azərbaycanın əsas turizm zonalarından birinə çevriləcək. Hər kəs böyük inamla və sevgi ilə öz doğma torpaqlarında , yurd yuvalarında firavan yaşayacaqdır.

Maştağa qəsəbəsi, 255 saylı tam orta məktəbin
müəllimi Ülviyyə Abdullayeva

Oxşar xəbərlər