Azərbaycanda turizm sənayesi uğurla inkişaf edir

Azərbaycanda turizm sənayesi uğurla inkişaf edir Turizm-fəal istirahətin ən geniş yayılmış növüdür. Hər il minlərlə insan səyahət həvəskarları sırasına qoşulur, bununla da turizm dünyada daha geniş vüsət alır. Turist xidmətləri ilə məşğul olan istehsal, ticarət və nəqliyyat müəssələrini məcmusu turizm sənayesini formalaşdırır. Turizm sənayesi yüksək inkişaf səviyyəsinə malik olmalıdır. Ölkəmizdə turizmin inkişaf etdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Turistlərə göstərilən xidmətin səviyyəsi ildən- ilə yüksəlir.

Azərbaycan xalqı qonaqpərvərlik xüsusiyyətinə malikdir. Bu da ölkəmizə gələn turistlərin diqqətini cəlb edir. Onlar bizim diyarda özlərini çox rahat, öz vətənlərində olduğu kimi hiss edirlər. Pandemiyaya qədərki dövrlərdə hər il təqribən 15-20% turist artımı müşahidə olunurdu. İnanıram ki, normal həyat şəraitinə qayıtdıqdan sonra bu artımın ildən-ilə yüksəlməsinin canlı şahidi olacağıq.

Ölkədə turizmi inkişaf etdirmək və turizm ehtiyatlarından səmərəli istifadə etmək məqsədilə ölkə Prezidentinin 2002-ci il 27 avqust tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı” təsdiq olundu.

Xarici turizmlə yanaşı, daxili turizmin inkişafına da diqqət yetirilir. Xüsusilə də sosial turizmə-aztəminatlı ailələrin, əlillərin istirahət və sağlamlıqlarının bərpasına yönələn turizmə önəm verilir.Turizmin bu növlərinin genişlənməsində Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Dövlət Sosial Müdafiə Fondu və digər əlaqədar təşkilatlar dövlətimizin siyasətini uğurla həyata keçirirlər.

Daxili turizmin inkişaf etdirilməsi istiqamətində Yanardağ və Nardaran qalası turist marşurutuna salınıb. “Qala” Dövlət tarixi Etnoqrafiya Muzeyi yaradılıb. “Xınalıq” Dövlət Tarixi-Memarlıq və Etnoqrafiya Qoruğunun mədəni, tarixi və etnoqrafiya məkanı olaraq qorunması və burada turizm imkanlarının inkişaf etdirilməsi üçün “Xinaliğin inkişaf proqramı” layihəsi işlənib hazırlanıb.

6600-dən artıq mədəniyyət abidəsini əhatə edən milli-mədəni İrs Siyahısı qəbul edilmişdir. Bunlardan 65-i dünya, 2034-ü ölkə, qalanı isə yerli əhəmiyyətlidir. UNESCO-nun Dünya İrs siyahısına Azərbaycandan İçərişəhər, Şirvanşahlar sarayı və Qız qalası salınmışdır. “İçərişəhər” Tarixi Memarlıq Qoruğunun ərazisindəki 10 dünya, 27 ölkə əhəmiyyətli abidə maraqlı turizm obyektləridir.

Əlverişli iqlim şəraiti (Lənkəran-Astara, Nabran-Yalama, Abşeron və b.), müalicəvi mineral sular və neft palçıqları ( Lənkəran, Kəlbəcər, Naxçıvan, Naftalan, Abşeron və b.) sağlamlıq turizminin inkişafına geniş imkan yaradır. Respublikada dövlət təbiət qoruqlarının və milli parkların sayının artması təbiət, ekoloji və ekzotik turizm növlərinin inkişafını sürətləndirmişdir.

2020-ci ilin payızında Azərbaycanın 20 faiz ərazisinin Ermənistan ordusunun işğaldan azad edilməsindən sonra yeni yolların çəkilməsi, hava limanlarının

istifadəyə verilməsi, “ağıllı” şəhər və kəndlərin salınması həmin regionda turizmin inkişafına xeyli dərəcədə təkan verməkdədir. Biz əminik ki, Qarabağ Azərbaycan turizminin ən gəlir gətirən və dünya turistlərinin həm istirahət, həm də səyahət üçün ən çox müraciət edəcəkləri bölgə olacaq.

96 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Təranə Nəcəfova

Oxşar xəbərlər