Dünya milli birliyimizə, həmrəyliyimizə bir daha şahid oldu

Dünya milli birliyimizə, həmrəyliyimizə bir daha şahid oldu Ölkə Prezidenti cənab İlham Əliyevin gösətirişi ilə dünya Azərbaycanlılarının V Qurultayının – Zəfər Qurultayının məhz Şuşada, türk dünyasının mədəniyyət paytaxtında, qələbə rəmzində keçirilməsi təsadüfi deyil. Müasir tariximizin qürur və şərəf dolu qəhrəmanlıq salnaməsini yazan Azərbaycan xalqı 2020-ci ilin 8 noyabr tarixindən bu yana olan hər gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Şuşa, biz səni dirçəldəcəyik” nidalarına köklənib. O tarixdən etibarən qalib xalqımız 30 illik həsrətdən sonra yurda qayıdışın sevincini yaşayır. Məhz bunun üçün dünya Azərbaycanlılarının V qurultayı Azərbaycanın qazandığı tarixi zəfərin simvolu sayılan Şuşada keçirilir.
Çox böyük tarixi məna daşıyan Zəfər Qurultayı 65 ölkədən 400-dən soydaşımızı Şuşada topladı. Torpaqlarımızın işğaldan azad olunmasından sonra dünya Azərbaycanlılarının ilk böyük görüşü Şuşada reallaşdı. Dünya Azərbaycanlıları bir daha nümayiş etdirdilər ki, dünyanın harasında yaşamalarından asılı olmayaraq öz Vətənlərinə bağlıdırlar. Müstəqil Azərbaycan bütün Azərbaycanlıların Vətənidir. Bu eyni zamanda Azərbaycan dövlətinin gücünün və dünya Azərbaycanlılarının möhkəm həmrəyliyinin təzahürüdür. Prezident cənab İlham Əliyev qurultayın açılışındakı çıxışında diaspor təşkilatlarımız qarşısında ciddi tapşırıqlar qoydu. Dövlət Başçımız qurultayda öz nitqində bir çox məsələlərə toxundu və dünya Azərbaycanlıları üçün postmünaqişə dövrünə uyğun yol xəritəsi cızdı, haqlı olaraq Azərbaycan xalqının heç zaman bu işğalla barışmadığını vurğuladı.
Yeni reallıqları, həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqda xaricdə yaşayan Azərbaycanlıların, diaspor təşkilatlarının üzərinə daha böyük məsuliyətlər düşür. Eyni zamanda xaricdə yaşayan azərbaycanlıların bu sahədə imkanları daha genişdir. Onlar yaşadıqları ölkələrin ictimaiyyətini daha ətraflı maarifləndirmək imkanına malikdirlər. Qarşıya qoyulan əsas hədəf də tarixi Zəfərin reallıqlarını dünya ictimaiyyətinə çatdırmaqdır.
Azərbaycan xalqının əzmi, Vətən sevgisi, Azərbaycan əsgərinin gücü və bütün bu amillərin Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə “dəmir yumruğa” çevrilməsi 44 günlük Vətən müharibəsinin nəinki regionda, eyni zamanda, dünyada yeni reallıqların başlanğıc nöqtəsi oldu. Bu şərəfli tarixin davamı olan Azərbaycan mədəniyyətinin incisi olan Şuşada reallaşan tarixi qurultay soydaşlarımızın yaşadıqları ölkələrdə fəaliyyətlərini daha əzmlə davam etdirmələrinə təkan verəcək.
Rüstəmova Gültəkin – 113 saylı orta məktəbin direktoru


Oxşar xəbərlər