

Müharibənin birbaşa iştirakçısı olan Rusiya və Ukrayna da müharibənin tez bir zamanda bitməsində maraqlı olsa da, artıq hər iki tərəfin geri çəkilmə yolu yoxdur. Hər hansı tərəfin geri çəkilməsi, məğlubiyyət deməkdir. Tərəflərin geri çəkilməyə yolu olmaması ABŞ və İngiltərənin Rusiya üçün planlarını reallaşdırmaq üçün geniş imkanlar açır. Sanksiyalar fonunda müharibənin hər günü Rusiya üçün milyardlara başa gəlir.
Digər tərəfdən ABŞ müharibənin uzanmasından istifadə etməklə NATO-nun şərq cinahında mövqelərini möhkəmləndirməyə çalışır və Rusiyaya qarşı hərbi-psixoloji təzyiqlərini davam etdirir. Martın 14-dən etibarən Alyansın şimal-şərq cinahında "Soyuq cavab" adı altında Norveçdə son 30 ildə ən genişmiqyaslı hərbi təlimlər keçirməsi bunu göstəricisidir. Bununla paralel olaraq şərq cinahında Polşa və Baltik ölkələrində hərbi iştirakını artırıb yeni hərbi texnika və avadanlıqla təmin etməkdədir. Əlavə olaraq Ukraynanın Alyansa üzv olmasına nail ola bilməsə də, ən azından Finlandiya və İsveçin NATO-nun iyun ayında İspaniyada keçiriləcək sammitində üzvlüyünü hüquqiləşdirmək istəyir.

İkinci əsas məqam Rusiyaya qarşı sanksiyaları davam etdirməklə ilkin mərhələ kimi Ukraynanı hansısa formada Avropa İttifaqına üzvlüyünə nail olmaqdır. İstanbulda keçirilən sonuncu Rusiya-Ukrayna dialoqunun yekunu olaraq Putinin şəxsi nümayəndəsi Medinski Kiyevin bu quruma üzv olmasına qarşı çıxmadığını açıqlayıb. ABŞ prezidenti Bayden də bəyan edib ki, Rusiya Ukraynadan geri çəkilmək istiqamətində konkret addımlar atmayınca onun dediklərinə inanmaq olmaz. Kremlin bu mövqeyi o qədər inandırıcı görünməsə də, Moskvanın mövqeyində yumşalma və əvvəlki mövqeyindən geri çəkilmə kimi qiymətləndirmək olar. ABŞ Rusiyaya qarşı hərbi təzyiq siyasətini davam etdirmək üçün maddi-texniki dəstəyini artıracaq. Ağ Ev eyni zamanda müttəfiqləri ilə davamlı işləyərək, hər vasitə ilə onların bu mövqedən geri çəkilməsinin qarşısını alacaq.
Düzdür, Ağ Ev Rusiyanın tam məğlub olmayacağının da fərqindədir. Amma bacardıqca Rusiyanın hərbi, iqtisadi cəhətdən hərtərəfli çöküşünə nail olmaq istəyir. Bu yolla ABŞ həm NATO-nun şərqə doğru irələməsinə, həm də "Böyük Orta Şərq" konsepsiyasını həyata keçirməyi planlayır. Yəni ABŞ və İngiltərənin Rusiyaya qarşı planlarının arxasında Çin və İran maraqları da dayanır. Həmin planın tərkib hissəsinə əsasən Ağ Ev Moskvanın qolunu qırıb zərərsizləşdirməklə Pekin və Tehrana ediləcək təzyiqlərdən kənarda saxlamaqdır.