
Sürətlə dəyişən, təhdidlərin durmadan artdığı bir dünyada bütün güç mərkəzləri ilə münasibətləri ən yüksək səviyyəyə çatdırmaq ölkəmizin milli təhlükəsizliyinin qorunmasını təmin edir. Bəyənnamə tərəflər arasında bərabərhüquqlu münasibətləri yüksək səviyyədə tənzimləyən sənəddir, hər iki tərəfin, o cümlədən Rusiyanın üzərinə ciddi öhdəliklər qoyur. Bu öhdəlik Azərbaycanın ərazi bütovlüyü, suverenliyi, separatizmə qarşı mübarizə, bir – birinin daxili işlərinə qarışmamaq və digər məsələləri əhatə edir.
Milli maraqların aliliyi, beynəlxalq münasibətlərin qəbul olunmuş norma və qaydalarına riayət, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşdırılması və Rusiya Federasiyasının vasitəçilik rolu, uzunmüddətli sülh naminə əməkdaşlıq, hərbi – texniki və siyasi əməkdaşlıq, humanitar, səhiyyə, aqrar – sənaye kompleksi və s. sahələrdə əməkdaşlıq bəyənnamə ilə müəyyən olunmuş əməkdaşlığın əsas prinsipləri və strateji sahələridir.
Moskva Bəyannaməsində ölkələrin müstəqilliyinin və ərazi bütovlüyünün tanınmasının xüsusi qeyd olunması regiondakı yeni düzən fonunda olduqca vacib məqamdır.
Sənəddə mühüm məqamlardan biri də 10 noyabr 2021 – ci il tarixdə üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyinin vurğulanmasıdır. Son anlaşma 10 noyabr bəyannaməsinin yerinə yetirilməsi üçün yeni imkanlar yaradır. Bu isə Zəngəzur dəhlizinin açılması kimi öhdəliklərin reallaşmasına növbəti dəstəkdir. Bu baxımdan da Rusiya ilə müttəfiqlik sahəsində qarşılıqlı əməkdaşlıq bəyənnaməsinin imzalanması tarixi hadisədir.
Bütün bunlar bir daha sübut edir ki, müstəqil, öz milli maraqlarına əsaslanan çoxşaxəli siyasət Azərbaycanın beynəlxalq arenada rolunun və nüfuzunun yüksəlməsinə, region ölkələri, dünyanın güc mərkəzləri ilə etibarlı və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmağa və onu inkişaf etdirməyə imkan verir.
Türkiyə ilə imzalanmış Şuşa bəyənnaməsi kimi Rusiya ilə Moskva bəyənnaməsi də Azərbaycanın ərazi bütovlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir. Azərbaycan öz müstəqil siyasətinə, təhlükəsizliyinə əlavə zəmanət qazanır.
90 nömrəli tam orta məktəbin müəllimi
Həsənova Vəsilə Murtuz qızı