
Təmənnasız, sözsüz, şərtsiz yurddaşlarının təhsili, səhhəti, rifahı, gələcəyi üçün əlindən gələni edirdi. Bakıya təmiz suyun çəkilməsi, məktəblərin açılması, teatr binasının tikilməsi, Bakıya gözəllik verən memarlıq abidələrinin inşası Tağıyevin göz qabağında olan fəaliyyətidir. Lakin bunlardan başqa təhsil sahəsində göstərdiyi xeyriyyəçilik fəaliyyətinin nəticələri ilə xalqın tarixində, inkişafında daha çox özünü göstərdi. Azərbaycanın mədəni, siyasi, iqtisadi inkişafında çox böyük əməkləri olan bir çox ziyalılarımız məhz Tağıyev sayəsində təhsil almışlar. Onlara yardım etməklə Tağıyev vətənin gələcəyini düşünmüşdür.
Məhz bu səbəblərdən Tağıyevin abidəsinin ucaldılması əlamətdar hadisədir. Xanlar Əhmədovun müəllifi olduğu abidə xalqımızın Z.Tağıyevə olan minnətdarlıq borcudur.
Abidə Bakı sakinlərinin ən sevimli yerlərindən birində, qala divarının önündə qoyulmuşdur. Sanki o hələ də aramızdadır. Öz duruşu ilə, baxışı ilə: “Mən xalqım üçün yaşadım, siz də xalqınızı düşünün. El malı elin olmalıdır” ,- deyir.
İnanıram ki, Zeynalabdin Tağıyevin həyatı, fəaliyyəti hər kəs üçün bir örnək olacaq və olmalıldır. Varlı olaq, kasıb olaq, fərqi yoxdur. Hər kəs bacardığı qədər öz ətrafını gözəlləşdirməli, yaxşılaşdırmalıdır.
Bakıxanov qəsəbəsi, 213 saylı məktəb-liseyin
direktoru Səbinə Əliyeva