Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılması əlamətdar hadisədi

Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılması əlamətdar hadisədi Bildiyimiz kimi yanvar ayının 18-də Prezident İlham Əliyev tərəfindən böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin şəhərimizin ən görkəmli hissələrindən birində, “İçərişəhər” metrosunun qarşısındakı meydanda ucaldılan abidəsinin açılışı olub. H.Z.Tağıyevin əziz xatirəsinin daim yaşadılması, millət və insanlıq qarşısındakı xidmətlərinin on illiklər keçsə də unudulmamasını təcəssüm etdirən bu heykəl hər birimizdə sevinc hissi yaratdı. Böyük xeyriyyəçi, qayğıkeş insan, maarifçi, sərvətini ölkənin milli-mədəni, sosial-iqtisadi inkişafı yolunda əsirgəməyən səxavət sahibi Hacı Zeynalabdin Tağıyev məhz bu şəkildə yenidən yad olundu.

Azərbaycan tarixində xeyirxah əməlləri ilə böyük iftixar sahibi olan Hacı Zeynalabdin Tağıyev cəmiyyətdə tutduğu mövqeyi, ölkənin ictimai-iqtisadi və mədəni-maarif sahəsində misilsiz xidmətləri ilə dövrünün başqa kapitalist və milyonçularından fərqlənirdi. Məşhur azərbaycanlı maarifpərvər milyonçu, Rusiya imperiyasının dövlət müşaviri, Şərqdə ilk qızlar məktəbinin yaradıcısı, sərvətini xalqın gələcək rifahı üçün sərf edən böyük səxavət sahibi Hacı Zeynalabdin Tağıyevin adını uzun illər təsiri altında olduğumuz sovet rejimi bizə unutdurmağa çalışsa da, böyük xeyriyyəçilik fəaliyyəti ilə hafizələrdə yaşayan bu böyük şəxsiyyəti yaddaşlardan silə bilmədi.

Onun fəaliyyətində elə hallar olmuşdur ki, xalqın ehtiyacı öz şəxsi mənafe və qazancından qat-qat yüksək olmuşdu. Tağıyevin təşəbbüsləri çox vaxt çətinliklə həyata keçirdi. Əcnəbi və erməni kapitalistləri, yerli çar məmurları Hacı Zeynalabdin Tağıyevin hər bir təşəbbüsündən qorxuya düşərək, hər vasitə ilə ona mane olmağa çalışırdılar. Ancaq bütün mürəkkəbliklər qarşısında Hacı Zeynalabdin Tağıyev öz əməlləri ilə xalqın əbədi rəğbətini, hörmətini qazanmağa nail olur. O, Bakıda ilk qızlar məktəbi tikdirmişdir. Bu bütün Zaqafqaziyada yeganə qızlar məktəbi idi.

Qəzet və jurnalların çap edilməsi, xeyriyyə cəmiyyətləri də ilk növbədə Tağıyevin adı ilə bağlıdır. Böyük xeyriyyəçi hər il öz pulu ilə 20 azərbaycanlı tələbəni müxtəlif universitetlərə təhsil almağa göndərmiş, Qafqazda dörd məktəbin maliyyə xərclərini çəkmişdir.

Milyonçu Hacı Zeynalabdin Tağıyevi xeyriyyəçilik fəaliyyətinə görə Bakıdakı müsəlman, rus, erməni və yəhudi xeyriyyə cəmiyyətlərinin hamısı özlərinə fəxri sədr seçmişdilər. Böyük xeyriyyəçinin savab əməllərindən biri də onun şəxsi vəsaiti hesabına Bakıya Şollar su kəmərini çəkdirməsi olmuşdur. Bu kəmər indi də paytaxtımızın içməli suya olan tələbatının ödənilməsində mühüm rol oynayır. Bakı şəhərinin küçələrini bəzəyən bir çox binalar da Hacının yadigarıdır. Onun əsl memarlıq nümunəsi olan şəxsi mülkündə isə hazırda Azərbaycanın Tarix Muzeyi yerləşir. O, tək Azərbaycanda deyil, Rusiyada və bütün müsəlman aləmində tanınmış sərmayədar idi. Bakı sərmayədarları içərisində heç bir milyonçu xalqa, camaata Tağıyev qədər yaxın olmamışdı. Çünki o, özü xalqın içərisindən çıxmışdı, adi palçıq daşıyan fəhlədən adlı-sanlı, qüdrətli sərmayədar dərəcəsinə qədər yüksəlmişdi. Xalqımızın yaddaşında xeyriyyəçilik mücəssəməsi kimi özünə əbədi heykəl ucaltmış “millət atası” adını da ilk dəfə o aldı.

H.Z.Tağıyev özünün əməlləri, müdrikliyi, xalqının gələcəyinə qayğısı, heyranedici səxavəti, alicənablığı, zamanla ayaqlaşmaq bacarığı ilə nəsillərin yaddaşında silinməz iz qoydu. Onun çoxşaxəli sahibkarlıq, ictimai-siyasi fəaliyyəti Azərbaycanın iqtisadi və mədəni inkişafına yönəlmişdi.

Böyük xeyriyyəçinin şərəfinə ucaldılmış abidənin açılışında iştirak edərkən ölkə başçımız H.Z.Tağıyevin xeyriyyəçilik fəaliyyəti barədə geniş məlumat vermiş və dahi şəxsiyyətin fəaliyyətini yüksək qiymətləndirmişdir. Dövlət başçımız H.Z.Tağıyev tərəfindən XX əsrdə əsası qoyulan xeyriyyəçilik ənənələrinin ölkəmizdə hazırda

Heydər Əliyev Fondunun timsalında davam etdiyini vurğulamışdır. Həqiqətən də Heydər Əliyev Fondunun ölkə daxilində və xaricində fəaliyyətinə nəzər saldıqda tam əmin olaq olar ki, sözügedən Fond öz fəaliyyəti ilə xeyriyyəçilik missiyasını uğurla və daim yüksələn xətlə icra etməkdədir.

Həmçinin, xeyriyyəçilik missiyası çərçivəsində Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yaradılan “YAŞAT” və “Qarabağ Dirçəliş Fondu” da öz açıq və şəffaf fəaliyyətləri ilə cəmiyyət tərəfindən yüksək qiymətləndirilən fondlardır. Hər iki fond xalqın yüksək etimadını və inamını qazanmışdır. Beləliklə, ölkə başçımızın da çıxışında vurğuladığı kimi, ölkəmizdə xeyriyyəçilik ənənələri var, davam edir və cəmiyyətdə çox yüksək qiymətləndirilir. Çünki xeyriyyəçilik hər zaman Azərbaycan xalqının ayrılmaz əlaməti olub və şübhəsiz ki, gələcəkdə də olacaqdır.

Vüqar Usubov,

Salyan rayon Marışlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə

Oxşar xəbərlər