Vahid reyestrin olması KİV-lər üçün strateji inkişaf proqramlarının hazırlanmasını da asanlaşdıracaq

Vahid reyestrin olması KİV-lər üçün strateji inkişaf proqramlarının hazırlanmasını da asanlaşdıracaq Azərbaycan xalqının inkişafına öz töhfəsini verən milli mətbuatımız tarix boyu milli düşüncənin formalaşmasında mühüm rol oynayıb. Ötən əsrin sonlarında Azərbaycanı müstəqilliyə aparan yolda da mətbuat fəal iştirak edib.

Dövlət müstəqilliyi bərpa olunduqdan sonra isə demokratik cəmiyyətin tərkib hissəsi kimi inkişaf yolu keçdi. Ümumilli lider Heydər Əliyevin Fərmanı əsasında 1998-ci il avqustun 6-da senzuranın ləğvi milli mətbuatın inkişafında yeni mərhələnin əsasını qoydu.

Mətbuat sahəsində yaradılmış ənənələri daha da möhkəmləndirən Prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı nəticəsində kütləvi informasiya vasitələrinin fəaliyyətində yeni mərhələ başladı. Bu dövr ərzində Azərbaycan mediası böyük inkişaf yolu keçdi.

Bu gün Azərbaycanda jurnalistikanın məlumatlandırma, maarifləndirmə, əyləndirmə kimi əsas funksiyalarının yerinə yetirilməsinə ciddi əməl olunur. Ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin informasiya tələbatının təmin edilməsi, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ciddi addımlar atılır.

Ölkə başçısı cənab İlham Əliyevin 2021-ci ilin əvvəlində “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” imzaladığı fərmanla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun bazasında media sahəsində əsaslı inkişafa nail olunmasına dəstək olacaq, media subyektlərinin bütün sahələrini əhatə edəcək yeni qurum - Medianın İnkişafı Agentliyi yaradıldı (MEDİA). Agentlik fəaliyyətə başladıqdan sonra isə Azərbaycan Prezidentinin müvafiq fərmanı ilə verilmiş tapşırığa əsasən “Media haqqında” yeni qanun layihəsi üzərində hazırlıq işləri aparıldı. Hərtərəfli əsaslandırma nəticəsində hazırlanan yeni qanun layihəsi artıq geniş müzakirələr üçün təqdim olunub.

Qanun layihəsi vahid jurnalist kartlarının təqdim olunması, ciddi mətbuat orqanlarının ayırd edilməsi, ümumiyyətlə, jurnalistika fəaliyyətinin tənzimlənməsini özündə müəyyən edən sənəddir.

“Media haqqında” qanun layihəsi Azərbaycanda indiyədək tətbiq edilməmiş yeniliklərlə zəngindir. Burada onlayn medianın hüquqi statusunun tanınması məsələsi xüsusi vurğulanmalıdır. Onlayn media 20 ilə yaxındır ki, Azərbaycanda yaranıb, inkişaf edir və bu gün ölkəmizin media məkanında çox böyük paya malikdir. Amma onun hüquqi tənzimlənməsi tamamlanmamışdı. Bu hal da, həm onlayn media sferasında fəaliyyət göstərən jurnalistlər, həm də cəmiyyət üçün problemlər yaradırdı. Bu problemlərin aradan qaldırılmasında da yeni qanun layihəsi ciddi əhəmiyyət daşıyır.

Burada vahid reyestrin tətbiq edilməsi isə ölkədə nə qədər KİV qurumunun, nə qədər jurnalistin fəaliyyət göstərdiyinə aydınlıq gətirəcək. Vahid reyestrin olması KİV-lər üçün strateji inkişaf proqramlarının hazırlanmasını da asanlaşdıracaq.

Onu da qeyd etmək lazımdır ki, yeni qanun layihəsi, həm də KİV-lərin peşəkarlaşmasını stimullaşdıracaq. Hərbi və fövqəladə vəziyyət hallarında davranış standartları, insanların şəxsi həyatına müdaxilənin yolverilməzliyi, təhqir və böhtanın qarşısının alınması, müəllif hüquqlarının qorunması və sair halların hamısı detallı şəkildə layihədə əksini tapır. Bu cür hallarda jurnalistlərin digər hansı mənbələrə istinad edəcəkləri də göstərilir. Layihədə nəzərdə tutulan ən önəmli məqamlardan biri də sərbəst çalışan jurnalistlərin hüquqlarının tanınmasıdır.

Bakıxanov qəsəbəsi, N. İsmayılov adına

80 nömrəli tam orta məktəbin

Azərbaycan dili və ədəbiyyat müəllimi Rasimə Abbasova

Oxşar xəbərlər