
Yaddaşında Türklüyün var olduğu qürur dolu tarixini yaşadan Ana Vətənim-Azərbaycanım!
Minlərlə can qurban oldu... Vətən adlanan Ana qədər əziz, Tanrı qədər uca bir yer üçün.
Qaranlığa gömülən vaxtlarda igidlərin yandırdığı odun işığında bir yol göründü. Əsarətdən qurtaran, nura aparan bir yol-Şəhidlik yolu!
Yağı düşmən tapdağı altında əsir olmuş Vətən torpağını azad görmək istəyi günü-gündən coşub-daşan Xalq düşmənə nifrətini, Vətənə sevgisini artırdı. Öz liderinə, oz sərkərdəsinə inandı. Tarixin qaranlıq keçmişində onu didib-parçalayan nə varsa, hamisını silib atmaq istədi. Ürəyində Şuşa həsrəti, qulağında Xocalı harayı ayağa qalxdı.
“Vətən bağı al-əlvandır, yox üstündə Xarıbülbül..” Necə də gözəl deyilib. Qəhrəman igidlərimizin müqəddəs qanı ilə yenidən göyərdi Xarıbülbül. Bu, Türklük tarixinin dönüş nöqtəsi oldu.
Dünyanın cənnət güşəsi sayılan yaşadığımız bu torpağın bir qarışını belə düşmənin murdar əlində qoymaq istəməyən ər və ərənlərimiz bütün dünyaya Türkün gücünü göstərdilər.
Tarixin keşməkeşli, dolaşıq mərhələlərində parçalanaraq kiçilən Vətənimizin başı çox bəlalar çəkib. Soydaşlarımız yaşadığı doğma torpaqlardan zorla çıxarılıb. Göyçə, Zəngəzur həsrəti ilə için-için sızlayıb..
Bu da azmış kimi, yenidən zorla sürgün olunub, repressiyaya məruz qalıb.
Qarabağa göz dikən erməni qatilləri körpələrimizin qanını axıtdılar. Qız-gəlinləri əsir etdilər..
Bu vəhşilərə “dayan!” demək üçün nifrətini, qəzəbini dəniz kimi coşduran xalq kükrədi. Bir dəmir yumruq kimi oz qəhrəman sərkərdəsinin-Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşdi, düşmənin başını əzdi.
Artıq tarixə qara hərflərlə yox, qızıl hərflərlə yazılacaq həmin günlər!
“Ordum varsa, Yurdum var!” Qəhrəman zabitləri, əsgərləri ilə tarixi yenidən yazan şanlı müzəffər Ordumuz qarşısına çıxan hər şeyi yıxıb-dağıdan bir sel olub düşmənin üstünə axdı. Hər şeyi yandırıb-yaxan ildırım kimi başının üstündə çaxdı. İllərdir qorxu yaratmağa çalışan düşməni bir anda yerlə-yeksan etdi, külünü göyə sovurdu. Məhv edilən həyatların, vəhşicəsinə öldürülən günahsız insanların: körpələrin, yaşlıların, qız-gəlinlərin intiqamını aldı Şanlı Ordum!
30 il öncə itirilən torpaqların kənd-kənd, şəhərbəşəhər düşmən əsarətindən azad olunduğu günlər bir insanın ən sevincli, qürur dolu günləridir. Tariximizi özündə yaşadan, babamız Şah İsmayıl Xətayidən bizə miras qalan bu torpaqlar öz əsl sahibinə qaytarıldı. Qəhrəman döyüşçülərimiz bir qartal kimi Murovdagdan qanadlanıb Qarabağ üzərində qanad çaldılar. Xudafərin harayına səs verdilər. Xətayinin davamçısı olan, bütöv Azərbaycan üçün irəli gedən igidlər öz qanları və canları ilə bunu bacardılar.. Yaralı döyüş yoldaşını geridə buraxmayan, onu çiynində daşıyaraq fəxr yerimiz, qürur mənbəyimiz Şuşa qalasına qalxan igidlər Tanrıdan güc alaraq yenilməzliyin nə olduğunu göstərdilər. Bu torpaqların igidlər oylağı: Cavanşir torpağı, Babək yurdu olduğunu düşmənə sübut etdilər.
Həmişə xalqının yanında olan lider, müzəffər Ali Baş Komandan İlham Əliyev söylədiyi hər sözü ilə insanları qələbəyə ruhlandırdı. Hər kəsin qəlbində ümid yeri oldu. Möhtərəm Prezidentimizin dediyi “Qarabağ Azərbaycandır!”
devizi bütün dillərdə əzbər oldu. Əsgərlərə ruh verən, onları qələbəyə səsləyən, düşməni qorxuya salan çıxışları bütün xalqı yumruq kimi birləşdirdi.
Neçə illərdir, öz doğma əsl sahiblərini gözləyən Cəbrayıl, Füzuli, Zəngilan, Hadrut, Ağdam, Laçın, Kəlbəcərin harayına Ordumuz yetişdi. Onları düşmən zülmündən xilas etdi.
Odlar yurdu Azərbaycanı öz qardaşları sayılan Türkiyə və Pakistan düşmənlər arasında tək buraxmadı. Qardaş-qardaşa dayaq olan kimi dayaq oldu. Düşmənin canına daha da vəlvələ saldı. Erməni xislətli bəzi dövlətlər himayə etdikləri erməni quldurlarının darmadağın olduğunu görən kimi Vətənim Azərbaycanı təkləməyə, sıxışdırmağa çalışdılar. Amma qardaş köməyi sayəsində geri çəkildilər.
İllər öncə cənnət Qarabağımızı işğal edib talan edən, bunu qələbə kimi qeyd edən mənfur düşmən artıq məğlub olur, yaratdıqları “keçilməz” dedikləri müdafiə sədlərində məhv edilirdi. Azərbaycan əsgərinin gücünü artıq ənsəsində hiss edən düşmən qorxaqcasına, silahını ataraq işğal etdiyi torpaqdan qaçdı. İti qovan kimi qovuldu.
İşğaldan qurtarılan hər yerdə düşmənin əsgi parçasının çıxarılıb yerinə üçrəngli bayrağımızın sancıldığını görmək bizi sevincdən yerə-göyə sığdırmadı, qanad verib uçurdu. Əsgərin mətanəti, əzmli duruşu hər kəsi duyğulandırdı, sevinc göz yaşlarına boğdu.
Məğlubiyyətlə barışa bilməyən xain düşmən şəhərlərə bombalar yağdırdı, günahsız dinc insanları qətlə yetirdi. Amma millətin iradəsini, qətiyyətini qıra bilmədi. Müzəffər Ordumuz torpaqlarımıza doğru uzanmış bu qanlı əlləri axıra kimi kəsməkdə qərarlı idi.
Odlar yurdunun üzərinə otuz ildir çökmüş bu qaranlıq pərdəsi yavaş-yavaş aralanır, öz yerini nurlu sabaha buraxırdı. Doğma torpaqlarımızda, yurd yerlərimizdəki şər yuvaları dağılır, məhv olurdu.
Şanlı Qəhrəman Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın başçılığı ilə durmadan irəli gedir, ədaləti bərqərar edirdi.
Möhtəşəm gün həlib çatdı. 8 noyabr 2021-ci il. Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edərək böyük fəxarət və qürur hissi ilə Şuşa şəhərinin işğaldan azad olunduğunu bəyan etdi.
Bu, tarixi bir çıxış idi. Dünyanın ən xoş xəbəri idi bu deyilənlər. Bu sözlərin gücünü, qüvvəsini hiss etməmək mümkün deyildi. Ali Baş Komandanın müqəddəslik və qürur rəmzi olan Şəhidlər xiyabanında dediyi sözlər adamın ruhunu titrədir, qanını oynadırdı.
Ordumuzun gücü qarşısında düşmən qüvvələri tab gətirə bilmədi. Bir vaxtlar Cıdır düzündə “təlxək” kimi rəqs edən erməni başçısı artıq təslim sənədi imzalayırdı. Cənab Prezidentimizin müdrik siyasəti və qətiyyəti düşməni təslim olmağa, qalan torpaqlardan rədd olub çıxmağa vadar elədi.
Daşı-daş üstündə qalmayan, xarabalığa çevrilən yurd yerlərimiz: şəhərlərimiz, kəndlərimiz tezliklə yenidən qurulacaq, oralara yeni həyat gələcək.
“Bir ölür, min dirilirik!” Tarixə “44 günlük müharibə” adı ilə düşən Vətən müharibəsində üç minə yaxın əsgər və zabitimiz doğma torpaq uğrunda oz canlarından keçib müqəddəslik mərtəbəsinə yüksəldilər. Onlar Birinci Qarabağ savaşını unutmadılar, unutdurmadılar. Vaxt yetən kimi azğın düşməni öz qanında boğdular. Dədə-babadan miras qalan igidliyi, qorxmazlığı həmişə özlərində daşıdılar. Bayrağı uca tutdular, vətən göylərində dalğalandırdılar. Hər kəsin yetə bilməyəcəyi ən ali zirvəyə-Şəhidlik zirvəsinə yüksəldilər. Qəhrəmanlıq rəmzinə çevrildilər. Ucaldıqca ucaldılar və həmişə bizimlədirlər! Allah şəhidlərimizə rəhmət eləsin. Vətən müharibəsində yaralanan qazilərimizə Allah şəfa versin.
Qarabağ Azərbaycandır!
Yaşasın Azərbaycan xalqı!
Yaşasın Ali Baş Komandan cənab İlham Əliyev!
Yaşasın Azərbaycan Ordusu!
Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyatı müəllimi Səid Babayev