Prezidentimizin hər bir müsahibəsi həqiqətlərimizin təbliği üçün zəngin mənbədir

Prezidentimizin hər bir müsahibəsi həqiqətlərimizin təbliği üçün zəngin mənbədir Dövlət başçısı cənab İlham Əliyevin hər bir nitqi, yerli və xarici mətbuata müsahibələri reallıqlarımızın təbliği ilə yanaşı, ölkə Prezidentinin natiqlik məharətini, zəngin diplomatik təcrübəsini, dünya miqyaslı siyasi lider obrazını, hər bir fikrini konkret faktlarla əsaslandırmaq bacarığını nümayiş etdirir. Bu baxımdan möhtərəm Prezidentimizin avqustun 14-də “CNN Türk” televiziya kanalına müsahibəsi mühüm məqamlarla, çağırışlarla diqqəti cəlb edir. Cənab İlham Əliyev sözügüdən müsahibədə telekanalın suallarını qalib ölkənin qalib Lideri kimi cavablandırdı. Digər mühüm məqam isə odur ki, daim dövlətinin, xalqının sabahını düşünən, gələcəyə hesablanmış siyasəti, yeni təkmil islahatları ilə Azərbaycana davamlı uğurlar qazandıran Prezidentin əldə olunan nailiyyətlərdən, dövlətimizin beynəlxalq hüquqa əsaslanan balanslaşdırılmış xarici siyasəti nəticəsində ayrı-ayrı ölkələrlə qurduğu əməkdaşlıq əlaqələrindən, postmüharibə dövrünün reallıqlarının gerçəkləşdirilməsi məqsədilə möhkəm hüquqi bazanın mövcudluğundan məmnunluğunun aydın ifadəsini yaradır. Əsas olan budur ki, Azərbaycan müstəqilliyinin 30-cu ildönümünü Prezident İlham Əliyevin qətiyyəti, ordumuzun rəşadəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində ərazi bütövlüyü təmin olunan, işğaldan azad edilən torpaqlarında üçrəngli bayrağı dalğalanan, 30 ilin işğalına 44 gündə son qoyan qalib ölkə kimi qeyd edəcək. Sözügedən müsahibə, ümumilikdə, Prezident İlham Əliyevin güclü, öz xalqını dərindən sevən, bütün qüvvə və bacarığını Azərbaycanın daha da qüdrətlənməsinə, xalqımızın ən böyük arzularının gerçəkləşdirilməsinə sərf edən, bütöv bir millətin sevgi və böyük dəstəyini qazanmış Lider olduğunu təqdim edir. Möhtərəm Prezidentimiz bu etimadı, nüfuzu, inamı ölkəmizi güclü dövlətə çevirməklə, ərazi bütövlüyümüzü bərpa edib Ümummilli lider Heydər Əliyevin vəsiyyətini, Azərbaycan xalqının bütün istək və arzularını gerçəkləşdirməklə qazanıb.

Azərbaycan özünün çağdaş tarixində yeni səhifə açıb. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri həyata keçirilir. Bu torpaqlarda ermənilər tərəfindən bütün infrastrukturun dağıdılması və talan edilməsi, hazırda Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması ilə bağlı gərgin iş aparılması, bu işlərin planlı şəkildə, maksimal sürətlə həyata keçirilməsi göz önündədir. Reallıqlar Ermənistanın dağıdıcı, Azərbaycanın isə qurucu, yaradıcı olduğunu təsdiq edir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bərpa və yenidənqurma işlərinin başa çatdırılmasında əsas rəqib zamandır. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hər bir müsahibəsi istər 30 illik işğal, istər Vətən müharibəsi, istərsə də postmünaqişə dövrünün reallıqlarını öyrənmək üçün zəngin mənbədir.

Abdulkərimova Samiyə, 12 saylı şəhər poliklinikasının baş həkimi

Oxşar xəbərlər