Ulu öndər Heydər Əliyevin gördüyü tədbirlər onu tarixə Azərbaycanın xilaskarı kimi daxil etdi

Ulu öndər Heydər Əliyevin gördüyü tədbirlər onu tarixə Azərbaycanın xilaskarı kimi daxil etdi XX-XXI əsr Azərbaycan tarixinin bütöv bir mərhələsi, önəmli bir hissəsi ulu öndər, dahi siyasətçi Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin 34 illik rəhbərliyi dövrü Azərbaycan tarixinin ən parlaq inkişaf mərhələsi olmuşdur.

1969-cu ilədək Azərbaycan SSRİ-nin tərkibində yalnız xammal mənbəyi kimi çıxış edir, bütün sahə və istiqamətlər üzrə ən geridə qalmış ölkələrin başında gəlirdi. Respublikamızın inkişafı üçün əhəmiyyətli resurs mövcud olsa da, onlardan səmərəli surətdə istifadə edilmirdi. Amma Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olması ölkəmizin Sovet dövrü tarixində dönüş nöqtəsi oldu. Ulu öndər Heydər Əliyev strateji tədbirlər görməklə, davamlı və nizamlı inkişafı təmin etməyi bacardı. Sürətli sənayeləşmə kursu seçildi və qısa zaman kəsiyində sənaye sahəsinin inkişafında mühüm irəliləyişlər qeydə alındı. Ardıcıl surətdə sənaye müəssisələri tikilib istifadəyə verildi ki, bu da davamlı inkişaf konsepsiyasının həyata keçirilməsini təmin edən əsaslardan biri oldu. Qısa müddətdə Azərbaycan İttifaq səviyyəsində sənaye istehsalının artım sürətinə görə ilk yerdə qərarlaşdı. Bununla yanaşı, kənd təsərrüfatı sənaye təməli üzərində inkişaf etdirildi və istehsal olunan məhsulların orta illik həcmi mütəmadi surətdə atırıldı. Artıq 1982-ci ildə kənd təsərrüfatı məhsullarının istehsal həcmi ilk dövrlərlə müqayisədə 6 dəfə artırılmışdı ki, bu da aqrar sektorun inkişafı yönündə həyata keçirilən siyasətin səmərəliliyindən xəbər verirdi. Eyni zamanda, Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə neft sənayesində də tənəzzül meyilləri aradan qaldırıldı və bəhs edilən sahədə ehtiyatlardan səmərəli istifadə etməklə davamlı və nizamlı inkişafın əsası qoyuldu. Lakin onun Azərbaycandan uzaqlaşdırılmasından sonra ölkəmizin başı üzərindən qara yellər əsməyə başladı.İqtisadiyyatda başlanan tənəzzül ermənilərin ərazi iddiaları ilə Ermənistandan on minlərlə qaçqının gəlməsi ilə çulğalaşaraq əhalinin narazılığını artırırdı.

Bütün bunlar ölkədə milli azadlıq hərəkatının yaranmasına və nəhayət 1991-ci ilin oktyabrında müstəqlliyn bərpasına gətirib çıxardı. Lakin Azərbaycanın o zamankı iqtidarın səhvləri nəticəsi idi ki, şəraitdən istifadə edən təcavüzkar Ermənistan strateji baxımdan ən əlverişli ərazilərimizi ələ keçirdi. Xalqımızın bir sıra ictimai-siyasi xadimlərinin terror aktlarına məruz qalmaları, dövlət strukturları arasında çəkişmələrə start verilməsi və bunların daha kəskin xarakter alması Azərbaycanın bir dövlət kimi varlığını sual altına almışdı. Ölkədə tam bir anarxiya yaranmışdı və daxili çəkişmələr özünün pik nöqtəsinə çatmışdı. Artıq "əlinə silah alan" hakimiyyəti ələ keçirməyə çalışırdı və bölücü meyillər olduqca güclənmişdi. Həmin ərəfədə güclü siyasi liderin nüfuzuna söykənən mütəşəkkil siyasi subyektlər lazım idi ki, Azərbaycanı anarxiya meyilləri ilə müşayiət edilən xaotik durumdan xilas etsin.

Beləliklə, müstəqilliyin ilk illərində Azərbaycan çox ciddi problemlərlə üzləşdi və sistematik strategiyanın həyata keçirilməməsi nəticəsində kataklizmlər iqtisadi, siyasi, sosial, hüquqi və digər sahələri iflic etdi, ölkədə vətəndaş müharibəsi, separatizm təhlükəsi artdı. Bu durum 1993-cü ilə, Ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsinədək davam etdi. Ölkəmizdə hökm sürən anarxist meyilllərin neytrallaşdırılmasında,

mürəkkəb siyasi-hüquqi kataklizmlərin qarşısının alınmasında və ictimai-siyasi sabitliyin əldə edilməsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin liderlik keyfiyyətləri birinci dərəcəli amil kimi xüsusi rol oynadı. Ulu öndər ölkədə sabitliyi bərpa etdi, sosial-iqtisadi tənəzzülün qarşısını aldı, müstəqilliyin əsaslarını möhkəmləndirmək istiqamətində addımlar atdı. Əbədiyaşar lider Heydər Əliyevin gərgin əməyi sayəsində 1995-ci il noyabr ayının 12-də xalq referenduma gedərək Azərbaycan Respublikasının Konstitusiyasını qəbul etdi. Milli həmrəylik və bütövlük yarada biləcək ideologiya isə yalnız 1993-cü ildəki siyasi dönümdən sonra müəyyənləşdirildi. Eyni zamanda, həyata keçirilən fəal xarici siyasət beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun yüksəlməsinə, bir çox dövlətlərlə yüksək səviyyədə əlaqələrin qurulmasına, ölkənin siyasi imicinin dəyişməsinə səbəb olmuş, onun xarici-iqtisadi əlaqələrinin genişlənməsi və ölkəyə güclü investisiya axını üçün zəmin yaratmışdı. Ulu öndər Heydər Əliyevin gördüyü tədbirlər onu tarixə Azərbaycanın xilaskarı kimi daxil etdi.

1997-ci ilin 15 iyun tarixindən bayram edilən, 1998-ci ildən isə dövlət bayramı statusu alaraq hər il rəsmi bayram kimi qeyd edilən 15 iyun xalqımızın Milli Qurtuluş günü kimi hər il təntənə ilə anılır.

Zabrat qəsəbəsi, X.Vəliyev adına 75 saylı tam orta məktəbin

tarix müəllimi Asif Hüseynov

Oxşar xəbərlər