
Eyni zamanda Zəngəzur dəhlizinin açılması üçün daha bir tutarlı hüquqi əsas var ki, bu da hələ 1918-ci il Cümhuriyyət dövrünə dayanır. Bildiyimiz kimi, 1918-ci ilin may ayında Azərbaycanın müstəqilliyi elan olunarkən ermənilərin vəhşiliklər və soyqırımı ilə müşayiət olunan çirkin işğalçılıq niyyətlərinə son qoyulması məqsədilə İrəvan da daxil olmaqla tarixi Azərbaycan ərazilərinin 9 min kvadrat kilometrlik kiçik bir ərazisi Ermənistan dövləti yaradılması üçün onlara verilmişdi. O zaman Zəngəzur, Göyçə də daxil olmaqla Azərbaycanın bütün əraziləri Azərbaycan Xalq Cumhuriyyətinin tərkibində bir çox dünya dövlətləri tərəfindən tanınmışdır. 20-ci əsrin sonunda isə Azərbaycan Cumhuriyyət dövründə mövcud olmuş və Rusiya tərəfindən işğal olunmuş ərazilərinin bərpasını nəzərdə tutaraq öz müstəqilliyini elan etmişdir. Bu isə Zəngəzur, həmçinin Göyçənin Ermənistan dövləti tərəfindən işğal altında saxlanılmış Azərbaycan torpaqları olduğuna hüquqi əsas verir.
Bildiyimiz kimi, Zəngəzur qədim Azərbaycan torpağı olub, türk xalqları arasında olan əlaqələri qırmaq, regionda ermənilərin xeyrinə dini və etnik dəyişikliyin aparılması planına uyğun olaraq Azərbaycandan alınaraq indiki Ermənistan ərazisinə verilmişdir. Məlumdur ki, Zəngəzur mahalında ta qədimdən türk tayfaları və yerli azərbaycanlılar yaşamışlar. Zəngəzur ərazisindəki qədim Azərbaycan toponimləri də buranın Azərbaycan xalqına məxsus olduğunu göstərir. Ermənilər bu yerlərdəki toponimləri saxtalaşdıraraq erməniləşdirməyə çalışsa da, son hadisələr onların 200 illik məkrli planlarını puç elədi. Zəngəzur dəhlizinin açılması bu coğrafiyada iqtisadi əlaqələrin inkşaf etməsinə, türk xalqları arasında olan iqtisadi-mədəni münasibətlərin genişlənməsinə səbəb
olacaq. Eyni zamanda Azərbaycan Respublikasının ərazisi tərkibinə daxil olan, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan Respublikası arasında quru əlaqənin açılması ölkə daxilində də iqtisadi münasibətlərin dərinləşməsinə səbəb olacaq. Zəngilan və Qədim Azərbaycan torpağı arasında olan quru yolu vasitəsi ilə artıq logistika hərəkəti, sadə vətəndaşların da Naxçıvana səfəriniasanlaşdıracaqdır. Bir sözlə, Zəngəzur dəhlizinin açılması ilə Avrasiyanın nəqliyyat şəbəkəsinə yeni "arteriya'' əlavə olunacaq. Bu, region ölkələri arasında ticarət və iqtisadi əlaqələrə müsbət təsir göstərəcək. Məsələn, bu halda Türkiyə əsas iqtisadi tərəfdaşlarından olan Azərbaycana quru yolu ilə birbaşa çıxış əldə edəcək. Bu, onlar arasında turizm və iqtisadi sahədə ikitərəfli əlaqələrin inkişafına töhfə verəcək. Digər tərəfdən, Zəngəzur dəhlizi Türkiyə üçün Mərkəzi Asiyaya qapı rolunu da oynayacaq. Bu, Ankaranın türk dünyası ilə iqtisadi əlaqələri gücləndirməsinə imkan verəcək. Bundan başqa, bu gün Azərbaycan və Türkiyə Qars-Naxçıvan dəmir yolu layihəsi üzərində çalışır. Bu layihə Naxçıvanla Türkiyəni birləşdirəcək. Növbəti mərhələdə bu dəmir yolunun Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın qərb bölgələri ilə birləşdirilməsi Bakı ilə Ankara arasında ikitərəfli ticarət əlaqələrinin inkişafına yeni təkan verəcək. Zəngəzur dəhlizinin açılması, bölgədə bütün kommunikasiyaların bərpası regiona xarici investorları da cəlb edəcək. 44 günlük Vətən müharibəsi şəhidlərimiz bizə yalnız işğalda olan Qarabağ ərazisinin işğaldan azad olunması hədiyyəsini deyil, həmçinin yüz illər boyu doğma yurdumuz olan Zəngəzura qayıtmaq şansını da verdi.
Bakıxanov qəsəbəsi, 72 saylı məktəb-liseyin
tarix müəllimi Nərgiz Mikayılova