Qürur yerimiz, and yerimiz ŞUŞA

Qürur yerimiz, and yerimiz ŞUŞA Hər bir azərbaycanlının özünə əziz bildiyi cənab Prezidentin ailə üzvləri ilə birlikdə Novruz bayramını tarixi mədəniyyət beşiyimiz olan Şuşa şəhərində, Cıdır düzündə qeyd etməsi qəlblərdə sonsuz bir sevincə səbəb oldu.Sanki biz özümüz də orada - Cıdır düzündə alovlanan tonqalın yanında 30 ildir dilimizdə olan duanın gerçəkləşdiyinin şahidi olurduq. Ölkə başçımızın sözləri ilə desək, “Allah Azərbaycan xalqının dualarını eşitdi."
Oradan-Cıdır düzündən cənab İlham Əliyevin Azərbaycan xalqına müraciəti mühüm tarixi hadisədir. El-obamızda bayram əhval-ruhiyyəsini yüksəldən bu çıxışla da bütün dünyaya göstərmiş olduq ki, biz öz torpaqlarımızı nəyin bahasına olur olsun, qaytarmalı idik və bunu etdik.
Ölkə başçısı xalqa müraciətində bir çox mühüm məqamlara diqqət çəkdi. Ən önəmli məqamlardan biri erməni vandalizmi və onların törətdikləri vəhşiliklərin nəticələri idi.
30 illik erməni  işğalı nəticəsində bütün bina və məscidlərimiz dağıdılmış,məscidlərdə heyvanlar saxlanılmış, bizim müqəddəs abidələrimiz təhqir edilmişdir. Su elektrik stansiyalarını dağıdan erməni vandalları Dağlıq Qarabağın qədim azərbaycanlı kəndi olan, 19-cu əsrdən bəri onların olduğunu iddia etdikləri Tuğ kəndini də viran etmişlər.
Bildiyimiz kimi Qarabağ xanlığının banisi Pənahəli xanın iqamətgahı Şuşa şəhərinin tarixi mərkəzində yerləşən bir saray idi. Erməni vandalları işğal zamanı bu tarixi binanı da dağıdıblar,əsl barbarlıq nümayiş etdiriblər. Şuşa şəhərinin mərkəzi meydanında yerləşən, XIX əsrə aid Karvansaray tarix-memarlıq kompleksini , Şuşa Dövlət Rəsm Qalereyasını,Şuşa Xalça Muzeyini dağıdan ermənilər Şuşa şəhərinin öz ruhunu poza bilməyiblər. Düşmən Şuşanı  özününküləşdirməyə çalışsa da, mənfur niyyətinə çata bilməyib. Şuşa öz ləyaqətini mühafizə edə bilib.
Ali baş komandan, ölkəmizdə icra olunan bütün gözəl işlərin layihəçisi, memarı olan Prezidentimiz Şuşanın bərpa olunması üçün bütün imkanların səfərbər olunacağı barədə müjdə verdi. Şuşanın bərpa olunması ilə bağlı bəzi layihələr Ümummilli lider Heydər Əliyevin adını daşıyan Fond tərəfindən icra olunacaq. Vaqif məqbərəsində tezliklə bərpa işlərinin başlanacağını, əvvəlki görkəminin bərpa ediləcəyini bildirən Prezidentimiz artıq işlərə start verildiyi haqda məlumat verdi.
Hər zaman qonaq-qaralı olan Şuşa öz qonaqlarını yeni və müasir komplekslərdə qəbul edəcək. Aparılacaq yenidənqurma işlərindən sonra Şuşa qonaqlarını müasir səviyyədə qarşılaya biləcək. Şuşa regionun ən gözəl istirahət bölgəsinə çevriləcəkdir.
Gözlənilən odur ki, Şuşaya çox böyük turist axını olacaq, ona görə burada “beş”, “dörd” və “üç” ulduzlu otellər olmalıdır.
Bütün bunlarla yanaşı, Şuşanın enerji təminatı ilə bağlı olan layihələrin bir hissəsi olan Şuşa yarımstansiyası inşa olunub və fəaliyyət göstərir. Bu bina qısa müddət ərzində inşa edilməsinə baxmayaraq, Şuşanı dayanıqlı enerji ilə təchiz edir.
Qoy bütün dünya bilsin ki, Şuşa əzəli Azərbaycan şəhəridir. Azərbaycan istənilən düşməni yerinə otuzdura biləcək gücün, qüvvənin sahibidir. Bu baxımdan, II Qarabağ müharibəsi bütün revanşistlərə dərs olmalıdır. Cənab Prezidentin dediyi kimi, bu gün hər birimiz böyük qürur hissi ilə , fəxarətlə deyirik: “Şuşa sən azadsan!”, “Şuşa Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!”

Ramana qəsəbəsi, R.Zorge adına 90 nömrəli tam orta məktəbin direktoru Yeganə Məhərrəmova

Oxşar xəbərlər