“Baku” jurnalının baş redaktoru Leyla Əliyeva ilə görkəmli aktyor Rasim Balayevin söhbəti

“Baku” jurnalının baş redaktoru Leyla Əliyeva ilə görkəmli aktyor Rasim Balayevin söhbəti Məhz əfsanəvi aktyor Rasim Balayev kimi sənətkarlara görə 1970-1980-ci illəri Sovet Kinosunun Qızıl Dövrü hesab edirlər.
"Baku” jurnalının baş redaktoru Leyla Əliyeva ilə görkəmli aktyor Rasim Balayev filmlər və kitablar, ailə və yaradıcılıq, keçmiş və gələcək haqda söhbət edib. Amma mövzudan asılı olmayaraq, söhbətin qayəsini sevgi təşkil edir.

Hər bir nəslin öz mədəniyyət kodu var. Amma müxtəlif yaşlı, fərqli dünyagörüşlü insanları birləşdirən unikal mədəniyyət kodları da mövcuddur. Rasim Balyayevin rolları, xüsusilə də onun Nəsimi obrazı belə kodlardandır.

"Ölkə.Az" sözügedən müsahibəni təqdim edir.

Leyla Əliyeva: Aktyor olmaq qərarına nə zaman gəldiniz?

Rasim Balayev:Mən Ağsu şəhəri yaxınlığındakı kəndlərdən birində böyümüşəm. Evimizdə televizor yox idi deyə, tez-tez kinoteatra gedirdim. Artıq o zamanlardan filmlərə aktyor mövqeyindən yanaşırdım: bu və ya digər rolu necə oynayacağımı düşünürdüm. Sonra dram dərnəyinə yazıldım. Məktəbdə böyük tənəffüs vaxtı şeyir deməyə başladım. Deyirdilər ki, pis alınmır. Beləliklə, aktyor olmaq istəyim məqsədə çevrildi. Onu da deyim ki, valideynlərim bu qərarımı dərhal qəbul etmədilər.

“Baku” jurnalının baş redaktoru Leyla Əliyeva ilə görkəmli aktyor Rasim Balayevin söhbəti


Leyla Əliyeva: Bəs onlar hansı peşənin sahibi olmağınızı istəyirdilər?

Rasim Balayev:Anam həkim, atam isə tarixçi olmağımı istəyirdi. Xoşbəxtlikdən, Teatr İnstitutunda imtahanlar iyulda başlayırdı, digər ali məktəblərdə isə avqustda. Mən Teatr İnstitutuna qəbul olunmaq üçün Bakıya gələndə valideynlərim imtahanlardan kəsilib, avqustda "normal” ali məktəbə qəbul olunacağıma umidli idilər. Amma onların istəyinə rəğmən müsabiqədən keçdim. Valideynlərim özlərini sevinən kimi göstərsələr də, əslində belə olmadığı aşkar sezilirdi. Yalnız tələbə vaxtı televiziyada şeyir deməyə başlayanda valideynlərim həqiqətən mənə görə sevindilər.

Leyla Əliyeva: Siz dahi Nəsimini oynamısınız. Bu rol sizə təklif olunanda necə reaksiya vermişdiniz?

Rasim Balayev:1973-cü ildə Heydər Əliyev Nəsiminin 600 illiyinin qeyd edilməsi ilə bağlı sərəncam verdi. Şairə həsr olunmuş çox sayda kitab və tablo meydana gəldi. Əlamətdar günə qədər bədii film çəkməyi də qərarlaşdırdılar. Eşitmişdim ki, Nəsimi rolu tanınmış aktyorlardan birinə qismət olacaq. Odur ki, ssenarini mənə verəndə açıb oxumadım da. Mən həmin vaxt xəstəxanada yatırdım. Çox guman ki, depressiya səbəbi ilə yaranan mədə xorasından müalicə olunurdum.

Leyla Əliyeva: Uğursuzluq zolağına düşmüşdünüz?

Rasim Balayev:Bəli, çox ağır mərhələ idi. Bundan iki il əvvəl atam dünyadan köçmüşdü. O, sağlam, həyat dolu bir insan idi. Ölümü qəfil oldu, infarktdan dünyasını dəyişdi. Onunla vidalaşmağa çatdırmadım. Atamın ölümü elə gözlənilməz oldu ki, uzun müddət şokdan çıxa bilmədim, çox ağrılı idi. İşim də getmirdi: kinogenik olmadığımı səbəb gətirərək məni bir neçə dəfə filmlərə çəkməkdən imtina etmişdilər. Bu məni tamam ruhdan salmışdı.

Odur ki, rejissor Həsən Seyidbəyli məni sınaq çəkilişlərinə dəvət edəndə bunun adi bir rəsmiyyət olduğuna əmin idim. Cavab verdim ki, əlbəttə, rol maraqlıdır, amma başqa bir aktyor tapsalar, daha yaxşı olar. Çünki mənim ömrümə az qalıb.

Ertəsi gün palatamın qarşısında həkim izdihamı yaranmışdı. 50 nəfərə yaxın həkim vardı, hər biri də məni müayinə etmək istəyirdi. Bu məni çox qorxutdu. Düşündüm ki, doğrudan da həyatımın sonudur. Həkimimdən soruşdum ki, bunlar niyə gəliblər? O isə cavab verdi ki, bilmirəm, əslinə qalsa, vəziyyətin o qəddər də ağır deyil. Az sonra məlum oldu ki, rejissor Səhiyyə Nazirindən konsilium çağırmağı xahiş edib. Bilmək istəyirmiş ki, mənimlə işləmək mümkün olacaq, ya həqiqətən başqa aktyor axtarmaq lazımdır.

Məni əsas rola təsdiq edən Həsən Seyidbəyli Mərdəkan sanatoriyasında dincəlib müalicə almağım üçün "putyovka” təşkil etdi. Orada hər səhər müxtəlif müalicəvi prosedurlardan keçirdim, sonra isə avtobusa əyləşib məşqə yollanırdım. İki aydan sonra isə çəkilişlərə başladıq.

Leyla Əliyeva: Necə düşünürsünüz, mürəkkəb emosional vəziyyətiniz obraza maksimum dərəcədə yaxınlaşmağınıza təsir etdi?

Rasim Balayev:Hər şey üst-üstə gəldi. Sonradan bildim ki, çəkilişləri kurasiya edən dövlət komissiyası Seyidbəylinin əsas rolu təcrübəsiz aktyora həvalə etmək qərarını dəstəkləmirmiş. Ona deyirmişlər ki, bu rolu tanınmış, təcrübəli aktyora həvalə edin. Eksperiment aparmaq həvəsinizi isə başqa filmlərdə gerçəkləşdirin. Amma Həsənin mənim simamdan xoşu gəlmişdi. O mənimlə Nəsimi, ya da Nəsiminin özü üçün yaratdığı obrazı arasında oxşarlıq görürdü. O, istəyirdi ki, tamaşaçılar məni məhz Nəsimi kimi tanıyıb qəbul etsinlər, tanınmış aktyor olmamağım isə yalnız məsələnin xeyrinə idi.

Təəccüblü olan bilirsiniz nədir? Bu vaxtadək işsiz oturmuşdum, çox istəyirdim filmlərə çəkilim. Bu cür vacib filmdə əsas rola təsdiq ediləndən sonra isə canıma qorxu doldu. Nəsimi rolu Hamletin "Olum, ya ölüm?” dilemması kimi qarşımda dayanmışdı. İstənilən digər filmdə nəzəri cəhətdən səhvə yol vermək haqqım olsa da, bu filmdə belə bir haqqım yox idi! "Nəsimi”də ən xırda yanlışımı bütün Azərbaycan sezərdi. Ya rolumu çox yaxşı oynamalı, ya da sənətdən getməli idim.

“Baku” jurnalının baş redaktoru Leyla Əliyeva ilə görkəmli aktyor Rasim Balayevin söhbəti


Leyla Əliyeva: Yəqin, çəkilişlər başlayanda qorxu hissi itdi?

Rasim Balayev:Bəli, çəkilməyə başlayan kimi tamamilə sağaldım. Çəkiliş vaxtı bütün ağrılarımı unudurdum. Mənimlə çox sevdiyim sənətkarlar çəkilirdi. Xalq artisti İsmayıl Osmanlı və əməkdar artist Səməndər Rzayev. Onlarla birgə iki ay ərzində əsas səhnələri təhlil etmişdik, bu adamlar mənə çox dəstək olmuşdu.

Leyla Əliyeva: Sizin üçün öyrənmək asan idi?

Rasim Balayev: Bəli. Mən kifayət qədər müşahidəçi insanam və özümü dərk edən gündən peşəmdə mənə gərək ola biləcək hər şeyi yadda saxlamışam. Xaricdə olanda hətta quşları da müşahidə edirəm. Bizim quşlara bənzəyirlərmi, onlar kimi cəh-cəh vururlarmı?

Dublyaj zamanı da məndən təcrübəli həmkarlarımı müşahidə edirdim, hər birindən nəsə öyrənirdim. İndi aktyorlar rollarını studiyada tək-tək səsləndirir, əvvəllər isə eyni səhnədə iştirak edən bütün aktyorlar rollarını bir yerdə səsləndirirdi.

Leyla Əliyeva: Yeri gəlmişkən, dublyaj haqqında. "Nəsimi”nin rus dilli versiyasında Sizi səsləndirən Vyaçeslav Tixonov obrazı müəyyən mənada özününküləşdirib. Sizə elə gəlmirmi ki, bunu etməklə O, rolunuzun müştərək müəllifinə çevrilib?

Rasim Balayev: Bəli, O bunu böyük ustalıqla edib. Təəssüf ki, "Nəsimi”nin Moskvadakı səsləndirilməsində iştirak etməmişəm. Amma onunla bağlı bir olaydan xəbərim var. Əvvəlcə Tixonov vaxt qıtlığına görə dublyajdan imtina edib. O zaman "Baharın 17 anı” filminin çəkilişləri hələ bitməmişdi. Amma filmə baxdıqdan sonra işin öz qrafikinə uyğunlaşdırılması şərtilə razılaşıb. Belə də ediblər, filmi gecələr səsləndiriblər. O zaman Tixonovla görüşə bilməsəm də, müəyyən müddət sonra Yaltada aparılan çəkilişlər vaxtı onunla ünsiyyət qurmaq qismətim oldu. Biz restoranda şam edirdik. Tixonov da öz tanışları ilə ora gəldi. Mən hörmət əlaməti olaraq onların masasına şampan şərabı yolladım və xahiş etdim ki, sovqatın kimdən olduğunu deməsinlər. Amma Tixonov inad etdiyindən ofisiant məcburən məni göstərdi. Beləcə, Vyaçeslav Vasilyeviçlə tanış olub söhbətləşdik. Mən gözəl dublyaja görə ona təşəkkür etdim, o isə sonadək inanmadı ki, Nəsimi mənim ilk ciddi rolum idi.

Leyla Əliyeva: "Nəsimi”dən sonra siz necə deyərlər, "gecə yatıb səhər məşhur oyandınız”. Şöhrət həyatınızı necə dəyişdirdi?

Rasim Balayev: Mən dəfələrlə şöhrətin yaxşı aktyorları necə məhv etdiyinin şahidi olmuşdum. Xoşbəxtlikdən, mən "ulduz xəstəliyi”nə yoluxmadım, hərçənd, bu o qədər də asan olmadı. Məni küçədə tanıyırdılar, Rasim deyil, Nəsimi deyə çağırırdılar. O vaxtkı filmlər indikilərdən qat-qat uzun ömürlü idi. Əvvəlcə onları bir neçə il kinoteatrlarda nümayiş etdirirdilər, sonra isə mütəmadi olaraq televiziya ilə yayımlayırdılar. "Nizami” kinoteatrının direktoru mənə danışırdı ki, düz bir ay "Nəsimi” filminə baxmaq istəyənlərin ardı arası kəsilməyib.

Pərəstişkarlarım məndən avtoqraf almaq istəyəndə qürurla yanaşı, məsuliyyət də hiss edirdim. Hər zaman təvazökarlığımı qorumağa çalışmışam. Elə indi də, təcrübəmə baxmayaraq, hər dəfə çəkiliş meydanına çıxanda həyəcanlanıram. Rejissoru diqqətlə dinləyirəm, hansısa ideyam meydana gələndə, hörmətlə xəbər alıram ki, onlar üzərində işləmək olar, ya yox.
Gənc rejissorlara: "Sən hələ uşaqsan, mənə nə öyrədə bilərsən? Mən necə istəyirəmsə, elə də olacaq!”,- deyən həmkarlarımı görəndə məyus oluram. "Ulduz xəstəliyi” aktyorun imkanlarını çox məhdudlaşdırır.

Leyla Əliyeva: Qadınlar sizi sevir, Azərbaycanda sizə pərəstiş edən bir neçə nəsil qadın var. Bəs Siz qadınları anlayırsınız? Onların nə istədiyini bilirsiniz?

Rasim Balayev:Qadınlar heyranedicidirlər, amma pərəstişkar diqqəti heç də "ulduz xəstəliyi”ndən az təhlükəli olmadı. Buna gərə də həyatda asanlıqla özünü itirə bilərsən. Yaxşı ki, tez evlənmişdim və "Nəsimi” ekranlara çıxanda artıq iki oğul atası idim. Məhz ailəm məni bir çox səhvlər etməkdən çəkindirdi. Həmişə hesab etmişəm ki, ailə qurmusansa, ona sadiq olmalısan.

Ola bilsin, hansısa məqamlarda kiməsə aşiq olmuşam, amma dərhal xatırlamışam ki, evliyəm və yaxınlarımı xoşbəxt etmək, oğullarımı ləyaqətli insan kimi yetişdirmək həyatımın ən vacib vəzifəsidir. Əvvəllər xanımım tipoqrafiyada işləyirdi. Amma mən yaxşı qazanmağa başlayandan sonra ona təklif etdim ki, işdən çıxıb rahat övladlarımızla məşğul olsun. Mən özüm övladlarıma istədiyim qədər vaxt ayıra bilmirdim, çünki daima çəkilişlərdə olurdum. Amma işimin çox olsa da, dünyanın hansı guşəsində olmağımdan asılı olmayaraq, hər gün evə zəng vururdum. Bəs qadınlar nə istəyir? Bütün insanların istədiyini. Hörmət, nəzakət, mehriban münasibət. Amma təbii ki, Sizinlə ünsiyyətdə xüsusi zərifliyə ehtiyac var, axı Siz incə varlıqsız.

Leyla Əliyeva: Həyatınızda elə məqamlar olub ki, həqiqət naminə böyük risklərə getmisiniz?

Rasim Balayev:Olub. Təbii ki, mən ideal insan deyiləm, amma həyatım boyu özümə xəyanət etməməyə çalışmışam. Bəzən bu mövqeyim mənə ziyan vurub. Amma ruhdan düşmürdüm, özümə deyirdim ki, həyatda hər şey ola bilər. Yanlışlarım da olurdu - dediyim kimi, ideal biri deyiləm. Amma Tanrıya şükür, düzəlməsi mümkün olmayan səhvlərim olmayıb.

Leyla Əliyeva: Həyatda kimi özünüzə ustad, məsləhətçi hesab edirsiniz?

Rasim Balayev: Gəncliyimdə valideynlərim mənə yol göstərirdi. İndi isə özüm ata və babayam. Övladlarıma, nəvələrimə məsləhət verirəm. Onları dürüst, məsuliyyətli olmağa, ləyaqətlə yaşamağa çağırıram. Hesab edirəm ki, ləyaqətli həyat xoşbəxtliyin bünövrələrindən biridir və istəyirəm ki, övladlarımla nəvələrim ləyaqətli ömür sürsünlər.

Leyla Əliyeva: Necə babasınız?

Rasim Balayev: Hər iki qız nəvəmi çox istəyirəm! Oğlanlarım balaca olanda onları da çox istəyirdim, amma onlara qarşı həddən artıq sərt davranırdım. Hərdən hətta məndən qorxurdular da. Onları sözsüz bir baxışla məzəmmət edə bilərdim. Yeri gəlmişkən, indiyədək bəzi söhbətlərimiz sözsüz baş tutur.

Onu deyirdim axı, oğlanlarım balaca olanda işimin çoxluğundan onlara istədiyim qədər vaxt ayıra, sevgimi yetərincə ifadə edə bilmirdim. Nəvələrimlə isə bunun tam əksidir. Bütün sevgimi, diqqətimi, boş vaxtımı onlara sərf edirəm. Nəvələrimdən biri artıq tələbədir, digəri isə hələ məktəbdə oxuyur. Amma hər ikisi bilir ki, dərslərindən yaxşı qiymət alsalar, babaları onları hədiyyəsiz qoymayacaq. İndi onların ataları mənə deyir: "Qızlarımızı ərköyün eləmə”. Mənsə onlara cavab verirəm: ” Öz işlərinizlə məşğul olun, imkan verin nəvələrimlə ünsiyyətdən zövq alım.”

Leyla Əliyeva: Siz daha çox optimistsiniz, ya sərt realist?

Rasim Balayev:Baxır vəziyyətə. Xarakterimdə nikbinlik də var, bədbinlik də. Mən istənilən məsələyə ehtiyatla yanaşıram. Görünür, buna görədir ki, çox nadir hallarda işim alınmır.

Leyla Əliyeva: Maraqlıdır, illər keçdikcə Nəsiminin poeziyasına münasibətiniz dəyişibmi?

Rasim Balayev:Böyük ədəbiyyatda bütün həyatın boyu öyrənə biləcəyin dərin mənalar yatır. Kitablar bir növ mənimlə birgə böyüyüb. Gənclik illərində oxuduğum əsərlərin daha çox qatı, hərfi mənası mənim üçün səthi açılırdı. İllər keçdikcə isə həmin kitabları təkrar oxuyaraq daxilən zənginləşməyə başladım. Əminəm ki, Nəsiminin, Puşkinin, Dostoyevskinin, eləcə də digər Azərbaycan və dünya klassiklərinin əsərləri səni bütün həyatın boyu müşayət etməlidir. Ədəbiyyatı çox sevirəm. Aktyor olmasa idim, çox guman ki, radioda şeir oxumağa gedərdim. İllər öncə BBC radiosu üçün Cek Londonun, rus və Azərbaycan klassiklərinin əsərlərini oxuyurdum və bu məşğuliyyəti çox bəyənirdim!

Leyla Əliyeva: Bəs hansı musiqini sevirsiniz?

Rasim Balayev:Keçmişdə bazar günləri günorta saat 1-dən 2-dək radioda muğam saatı verilirdi. Mən bu musiqinin, eləcə də Rəşid Behbudovun, Şövkət Ələkbərovanın, Rübabə Muradovanın ifa etdiyi mahnıların sədaları altında böyümüşəm. Sonralar isə Vaqif Mustafazadənin sayəsində özümçün cazı kəşf etdim. Onun cazla muğamın sintezindən yaranan musiqi əsərləri ruhumu oxşadı. Operanı da sevirəm. Özümü opera sənətinin bilicisi hesab etmirəm, amma Yusif Eyvazovla Anna Netrebkonun ifasının dahi ifa olduğuna əminəm.

Leyla Əliyeva: Siz kinodramaturq və rejissor Maqsud İbrahimbəyovla tanış idiniz. Onunla bağlı ən yaddaqalan xatirələrinizi eşitmək xoş olardı.

Rasim Balayev:Onunla çox səmimi münasibətimiz vardı. O, məndən bir neçə yaş böyük idi. Biz tez-tez görüşürdük, sənət, həyat, ümumiyyətlə hər şey haqda söhbət edirdik. Azərbaycanın Zadəganları Cəmiyyətinin üzvlük şəhadətnaməsini mənə məhz o təqdim etmişdi. Maqsud İbrahimbəyov çox istedadlı dramaturq və gözəl insan idi. Onunla ünsiyyətdə olarkən ondan öyrənirdim. Mən ümumiyyətlə ağıllı, qeyri-adi insanlarla ünsiyyət qurub onlardan yeni nəsə öyrənməyi xoşlayıram.

Leyla Əliyeva: Müasir Azərbaycan kinematoqrafına nə arzu edərdiniz?

Rasim Balayev:Yaxın keçmişdə milli kinematoqraf ağır günlərini yaşayırdı, amma Prezidentimiz bu problemləri həll etmək üçün əlindən gələni etdi. Kino xadimlərinin borcu da bu qayğı və dəstəkdən səmərəli istifadə edərək ölkəmizin dünyadakı obrazının formalaşmasına öz töhfəsini verməkdir.

Leyla Əliyeva: Bəs insanlıq və dünya ilə bağlı nə kimi arzularınız var?

Rasim Balayev:Bilirsiniz ki, dünyada müharibələr səngimək bilmir, günahsız insanların qanı tökülür. İstəyirəm, planetimiz qan-qadadan uzaq olsun, insanlar bir-birinə hörmətlə yanaşsın, anlasınlar ki, bu dünyada əbədi heç nə yoxdur. Heç birimiz əbədi yaşamayacağıq. Ölməz Rəşid Behbudovun ifasında sevə-sevə dinlədiyimiz, unudulmaz Cabir Novruzun sözlərinə yazılmış mahnıda deyildiyi kimi, tələsin adamlar, əldən tutmağa, fəqət ev yıxmaqda qalın geridə. Düşünürəm ki, dünyada haqsızlıq olmasa dünyamız çiçəklənər, həyatımız gözəlləşər. Kinematoqraf və digər sənət növləri insanları xoşbəxt etməyə borcludurlar. Sənət əsərləri mayak rolunu oynamalıdırlar.

Leyla Əliyeva: Bəs bilirsiniz mənim ən böyük arzum nədir? İstəyirəm, dünyada yaradıcılıq mümkün qədər çox olsun. Çünki yaradıcılıq zamana sığmır və dünyanı daha da gözəlləşdirir. Yaradıcılıq qəlbdən gəlir, yaradıcı insanlar dünyaya hamıdan çox təsir edir. İstəyirəm, dünyada yaradıcılıqla məşğul olan uşaqların sayı durmadan artsın. Əminəm ki, belə də olacaq. İnşallah!

Rasim Balayev:İnşallah. Sizə də Allahdan uğurlar diləyirəm.

Leyla Əliyeva: Mən də sizə.

QISA TƏRCÜMEYİ-HAL

Respublikanın Xalq Artisti və Dövlət Mükafatı Laureatı Rasim Balayev 1948-ci ilin 8 avqustunda Azərbaycanın Ağsu rayonunda anadan olub. 1969-cu ildə o vaxtkı Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Rasim Balayevin ən yaddaqalan və parlaq rollarından biri 1973-cü ildə ekranlara çıxan "Nəsimi” filmindəki Nəsimi obrazıdır. Tamaşaçılar onu həmçinin "Babək”, İstintaq” və digər filmlərdəki obrazlarına görə tanıyıb, sevir.

Rasim Balayev Azərbaycan kinosu qarşısındakı xidmətlərinə görə dəfələrlə ordenlərlə təltif edilib.

Oxşar xəbərlər