Yeltsinin Qarabağ planı: 5 maddəlik şok sənəd üzə çıxdı

Yeltsinin Qarabağ planı: 5 maddəlik şok sənəd üzə çıxdı 1991-92-ci illərdə Azərbaycan Respublikasının humanitar məsələlər üzrə Dövlət müşaviri olan Kamran Rüstəmov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olduqca maraqlı faktları açıb. O bildirib ki, 1992-ci ilin aprel ayında Rusiya Federasiyasının 1-ci Prezidenti Boris Nikolayeviç Yeltsinin tapşırığı ilə Moskvadan Bakıya nümayəndələr gəlib.

Mövzu barədə Axar.az-a danışan professor Kamran Rüstəmov qeyd edib ki, hərbi təyyarə ilə təcili şəkildə Bakıya gələn rusiyalı rəsmilərin məqsədi Qarabağ münaqişəsini həll etmək olub:

“Axşamtərəfi Rusiya Federasiyasının 1-ci Prezidenti Boris Nikolayeviç Yeltsinin siyasi məsələlər üzrə köməkçisi Konstantin Borovoy və Rusiyanın Xarici İşlər nazirinin köməkçisi Ednan Ağayev gəldi. Onlar vacib bir məsələ ilə bağlı gəldiklərini dedilər. Əvvəlcə Borovoy danışmağa başladı. Dedi ki, biz şəxsən Boris Nikolayeviç Yeltsinin istəyi ilə buradayıq:

– O (Boris Yeltsin – red.), Azərbaycanın ərazi bütövlüyünün bərpasını, Qarabağ məsələsinin birdəfəlik həll olunmasını istəyir. 14 mayda MDB-nin qurultayında bu məsələ müzakirəyə çıxarılıb, öz həllini tapmalıdır.

Bu arada Ednan Ağayev dilləndi:

– Dağlıq Qarabağa Azərbaycan Respublikasının tərkibində müxtariyyət veriləcək. Sizdən sadəcə müvafiq sənədin tərtib olunması tələb olunur.

Borovoy:

– Siz ən qəti istəklərinizi belə qeyd edə bilərsiniz. Biz zəmanət veririk ki, sənəd Ermənistan tərəfindən söz-söhbətsiz təsdiq olunacaq. Artıq hər şey müzakirə olunub”.

Sabiq dövlət müşavirinin sözlərinə görə, bundan sonra təcili sürətdə Qarabağla bağlı sənədin hazırlanmasına başlanılıb:

“Nəhayət, 6 saatlıq çalışmadan sonra 5 maddədən ibarət sənəd hazır oldu. Sənəd aşağıdakı kimi idi:

“1. Dağlıq Qarabağa Azərbaycan Respublikasının tərkibində müxtariyyət verilir.

2. Hərbi kontingent Rusiya və Azərbaycan daxili qoşunlarının köməkliyi ilə Qarabağdan çıxarılır.

3. Qarabağ milisində ancaq yüngül odlu silahlar (tapançalar) saxlanılır.

4. Azərbaycan qaçqınlarının Qarabağa qaytarılması və təhlükəsizliyi təmin olunur.

5. Dağlıq Qarabağda azad iqtisadi zona yaradılır. Xarici biznesmenlər dəvət olunur və yeni iş yerləri açılır”.

Professor vurğulayıb ki, hazırlanmış sənəd müvafiq orqana təqdim olunub, lakin yekun nəticə əldə edilməyib.

“Gecə saat 12-də sənəd hazır idi və biz onu müvafiq struktura təhvil verdik. Çox heyf ki, bu sənədin sonrakı aqibəti sirr olaraq qaldı. Bu cür imkan əldən verildi”, – K.Rüstəmov qeyd etdi.

Oxşar xəbərlər