
“Qafqazinfo”ya müraciət edən şikayətçi Ramil Əliyev bildirib ki, 2018-ci il oktyabr ayında “İrşad”dan 1 illik zəmanət və kredit xətti ilə “Xiaomi A-2 Lite” markalı telefon və 500 GB-lik yaddaş kartı alıb: “Bir neçə ay sonra telefonda donmalar oldu, kamerası işləmədi, heç bir proqram vasitəsilə foto göndərə bilmədim. Problem istehsalçının özündən qaynaqlandığı üçün təmir edilməsinə görə servisə təqdim etdim. Telefonu təmir etdiklərini deyib mənə təhvil verəndə elə oradaca həmin problemlər təkrarlandı. Buna görə ikinci dəfə təmirə təhvil verdim. Onda da düzəltdiklərini desələr də, eyni problemlər qalırdı. Artıq telefonu təmir etdirməyin əhəmiyyətsiz olduğunu bildiyim üçün şirkətdən zəmanətə uyğun olaraq mənə yeni telefon verilməsini istədim. Bu dəfə isə “İrşad” bundan imtina etdi və yenidən təmir edəcəklərini dedilər, əlavə olaraq xarab telefona görə kredit ödənişimi davam etdirməyimi tələb etdilər. Belə olanda mən telefonu servis mərkəzində qoyub getdim və kredit müqaviləsinin ləğv edilməsini istədim. Daha sonra şirkət əməkdaşları məndən icazəsiz olaraq telefona texniki müdaxilə ediblər. Amma mənə böhtan ataraq bunu mənim servisdənkənar etdiyimi dedilər”.


“İrşad Electronics”ə iddia ilə bağlı münasibət bildirməsi üçün müraciət etsək də, şirkət bundan imtina edib və vətəndaşın müraciəti yayımlandıqdan sonra reaksiya verəcəklərini bildiriblər.