
Musavat.com-un Tükiyənin “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, 11 iyul 2018-ci ildə həyata keçirilən əməliyyatdan bir neçə dəqiqə əvvəl Qəndilli ərazisində yerləşən villasından qaçan Adnan Oktarın görüntüləri ortaya çıxıb. Görüntülərdə Oktar və qruplaşmanın tanınmış ismi Didəm Ürərin təşkilata aid olan villanın gizli keçidindən sürətlə qaçdıqları və qapıda gözləyən lüks avtomobilə minərək, oradan uzaqlaşdıqları nəzərə çarpır.
Araşdırmalar nəticəsində eyni keçiddən təşkilat mənsubu başqa qadın və kişilərin də keçdiyi ortaya çıxıb.
Fotolarda diqqət çəkən başqa bir məqam isə onların əlində olan çantalardır.
Qaçış anı dəqiqə-dəqiqə kameralarda
Adnan Oktar və Didəm Ürərin cinayətkar qruplaşmaya aid olduğu deyilən Qəndillidəki villadan qaçış anına aid görüntülərdə villanın aşağı yoluna doğru enən bir gizli keçidin olduğu görülür. Adnan Oktar və Didəm Ürər bu gizli qaçış yolu ilə əməliyyatdan dəqiqələr öncə ana yola çıxırlar.

Polisdən qaçan Oktarın 05:22 radələrində gizli keçiddən çıxıb, onu gözləyən lüks avtomobilinə mindiyi və ərazidən ayrıldığı da fotoda görünür. Onun qaçış zamanı gərgin, əsəbi olduğu da əldə edilən fotolardan asanlıqla hiss olunur.

Oktarın televiziya kanalı olan “A9”-da qatıldıqları proqramlarda üzlərindəki makiyaj və geyimlərindən əsər-əlamət qalmayan dəstə mənsubu qadınların, gizli yoldan qaçdıqları əsnada əyinlərində idman geyimi olduğu görünür. Qaçış üçün sürətlə hazırlandıqları anlaşılan cinayətkar dəstə üzvləri, əllərindəki çamadanlarla kameralara düşüblər.

Məlum olduğu kimi, aparılan araşdırmalardan sonra bu gizli yolun bir neçə detalı ortaya çıxmışdı. İddialara görə, Oktar Qəndillidə yerləşən villalarının qarşısına avtomobil, sahildə isə, qayıq yerləşdirmişdi. Onlar polis basqınlarına qarşı 24 saat ərzində Adnan Oktarı gözləyirdilər. Oktar heç kimin hələlik minmədiyi və bilmədiyini düşündüyü avtomobili ilə Sarıyerə gedən zaman İstanbulun Maslak ərazisində saxlanılır.



Toğrul İsmayıl,
Musavat.com