Maaş artımı inflyasiya və devalvasiyaya səbəb olacaq? – Ekspertlər aydınlıq gətirdi

Maaş artımı inflyasiya və devalvasiyaya səbəb olacaq? – Ekspertlər aydınlıq gətirdi Bu şəxslərin borcu silindi - ŞAD XƏBƏRÖtən gün Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, minlərlə insanın maaşı artıb.

Ekspertlər deyir ki, ümumilikdə son aylarda imzalanan sərəncamlardan iki milyon insan faydalanıb.

Lakin son sərəncamlardan sonra Azərbaycanda inflyasiya olacağı, qiymətlərin artacağına dair söz-söhbətlər gəzir.

Oxu.Az-ın əməkdaşı bu söz-söhbətlərə aydınlıq gətirmək üçün ekspertlərlə əlaqə saxlayıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev saytımıza açıqlamasında bildirib ki, maaşların artımı labüddür:

“Prezident İlham Əliyevin sərəncamları sosial rifahın yaxşılaşdırılmasına hesablanıb. Maaşların artması müəyyən qədər qiymətlərə də təsir edəcək. Bu, o demək deyil ki, maaş artan kimi qiymətlər kəskin artacaq. Xeyr. Müəyyən müddətdən sonra istehsal olunan mallara cüzi təsiri ola bilər.

Dövlət kifayət qədər antiinflyasiya metodlarına əl atır ki, iqtisadi artım, tədarük balansı müsbət olsun, qeyri-neft sektoru inkişaf etsin və neftin qiyməti 60 dollar civarında davam etsin. Bu bizə kifayət edir ki, iqtisadiyyatda müsbət hal olsun və sosial məsələlər də öz nəticəsini göstərsin”.

Deputat qeyd edib ki, inflyasiyanın artacağı, devalvasiya olacağı barədə gəzən fikirlər yanlışdır:

“Hansı mallar Azərbaycana xaricdən gətirilirsə, bəzi “işbazlar” onların qiymətini kəskin qaldırmağa çalışa bilərlər. Bunun üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tədbirlər görməlidir”.

İqtisadçı ekspert Elşad Məmmədov bildirib ki, Azərbaycanda əməkhaqlarının artırılması ilə bağlı imzalanan sərəncamlar çox ciddi sosial-iqtisadi məna daşıyır:

“Bir çox ekspertlərin çıxışlarında da qiymət artımı ilə bağlı narahatlıqlar ifadə olunur. Azərbaycanda inflyasiya təhlükəsi və iqtisadiyyatda yarana biləcək problemlərlə bağlı hər hansı bir fikir bildirmədən öncə iqtisadi proseslərin ciddi elmi əsaslarla təhlili həyata keçirilməlidir.

Ölkəmizdə müstəqillik dövründən bəri formalaşan inflyasiyanın təbiəti bizə deməyə əsas verir ki, dövlət əlində olan antiintisar tədbirləri və digər mexanizmlərdən istifadə edərsə, əməkhaqqı paketinin inflyasiyaya heç bir təsiri olmayacaq.

Azərbaycanda mövcud olan inflyasiya əlavə pul kütləsi ilə bağlı olan inflyasiya deyil. Bu, təklif inflyasiyasıdır və iqtisadiyyata heç bir təsiri olmayacaq”.

Ekspert süni qiymət artımı ehtimallarından da danışıb.

“Bir sıra hallarda Azərbaycana məhsullar daxil olan zaman bəzi işbazlar süni qiymət artımına yol verirlər. Bunlar nə gömrük rüsumları, nə də məhsulu aldıqları yerdə qiymət artımı ilə izah oluna bilər.

Bunun bir səbəbi var: işbazlar tərəfindən qiymətlərin hədsiz dərəcədə artırılması. Bəzi işbazlar ölkədə maaş artımından istifadə edərək qiyməti artırmağa cəhd edə bilərlər. Amma bu, fundamental əsas deyil. Bunun qarşısını almaq üçün dövlət mexanizmi var. Hesab edirəm ki, inflyasiya təhlükəsi ilə bağlı yanaşma yanlışdır”, – deyə iqtisadçı qeyd edib.

Oxşar xəbərlər