“Gəncə işi”: Elmar Vəliyevə sui-qəsdlə bağlı məhkəmə yubanır

“Gəncə işi”: Elmar Vəliyevə sui-qəsdlə bağlı məhkəmə yubanır Hadisələrlə bağlı digər tutulanların məhkəməsi Bakının Sabunçu Rayon Məhkəməsində davam edir

Gəncə hadisələri – istər 3 iyul 2018-ci ildə şəhərin icra başçısı Elmar Vəliyevə sui-qəsd, istərsə də iyulun 10-da 2 polis əməkdaşının ölümü ilə müşayiət olunan hadisələrə görə tutulanların məhkəmə prosesi Bakının Sabunçu Rayon Məhkəməsində davam edir.

Musavat.com yazır ki, hazırda Sabunçu məhkəməsində aparılan 4 cinayət işindən heç biri birbaşa Elmar Vəliyevə sui-qəsdlə əlaqəli deyil. Sabiq icra başçısına qarşı olayla bağlı prosesin nə vaxt başlayacağı da ictimaiyyətə açıqlanmır. Martın 30-da Siyasi Məhbusların Monitorinq Mərkəzi Müsavat Partiyasının qərargahında “Gəncə işi” ilə bağlı ictimai dinləmələr təşkil edib. Dinləmələrdə övladarının, qohumlarının işgəncələrə məruz qaldığını iddia edən onlarla insan iştirak edib.

Bu il fevralın 7-də Baş Prokurorluqda Mərkəzi Aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanlarının 2018-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib. Həmin iclasda baş prokuror Zakir Qaralov deyib ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində respublikada böyük ictimai rezonansa səbəb olan bir sıra cinayət işinin istintaqı müvəffəqiyyətlə aparılıb. Bu işlər sırasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına qarşı törədilmiş terror aktı, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsi, terrorçuluq və sair xüsusilə ağır cinayət əməlləri törətdiklərinə görə istintaq edilən iş üzrə ümumilikdə 29 nəfərin təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs-qətimkan tədbirlərinin seçilməsi təmin edilmiş, həmin şəxslərdən 11-i barəsində beynəlxalq axtarış elan olunmaqla hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir. Bundan başqa, radikal diniyönümlü bir qrup şəxs tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında zorakılıq aktları, hakimiyyət nümayəndələrinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaş törədilməsi, 2 polis əməkdaşının qəsdən öldürülməsi və sair faktlar üzrə ibtidai istintaqı aparılan cinayət işi üzrə 59 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində həbs-qətimkan tədbiri seçilmiş, 1 nəfər barəsində isə həbsli axtarış elan olunub. Həmin cinayət işinin materiallarından 51 şəxs barəsində 6 cinayət işi ayrıca icraata ayrılaraq aidiyyəti üzrə baxılmaları üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin Gəncədə deyil, Bakıda keçirilməsi də proseslərə az adamın gəlməsi məqsədilə düşünüldüyü iddialarının ortaya çıxmasına yol açıb. İş üzrə təqsirləndirilən şəxslərin hamısı dövlət hesablı vəkillə təmin olunub. Həmin vəkillər ictimaiyyətin, jurnalistlərin dəstəyindən yararlanmır, mediaya danışmamağa üstünlük verirlər.

Oxşar xəbərlər