
Həmin məlumat əsasında dərhal rayon polis şöbəsi və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yeri müayinə olunub. Faktla bağlı rayon prokurorluğunda 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə), 29.120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd etmə), 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə; yandırmaqla ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə məhkəmə tibb ekspertizası təyin olunub, digər zəruri istintaq hərəkətləri davam etdirilir.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisəni mərhum Nabat Qurbanovanın əri, İmişli rayonu, Qaralar kənd sakini 1988-ci il təvəllüdlü Elçin Qurbanov törədib. O, martın 1-dən 2-nə keçən gecə ailə münaqişəsi zəminində arvadı Nabat Qurbanovanı kəsici alətlə qətlə yetirib, qayınanası Rahilə Qarayevanı kəsici alətlə öldürməyə cəhd göstərib. Daha sonra evdə olan 9 yaşlı qızını çölə çıxararaq evi yandırıb, yaşadığı Qaralar kəndinə gedərək uşağı təhvil verib və İmişli Polis Şöbəsinə gedib təslim olub.
N. Qurbanova və E.Qurbanov bir müddət öncə ayrılıblar. N. Qurbanova məhkəməyə müraciət edərək boşanmaq istəyib, lakin E.Qurbanov buna qarşı çıxıb. Məhkəmə də qanuni prosedura uyğun olaraq onlara barışmağı təklif edib. N. Qurbanova bundan imtina edib. Cütlük bu səbəbdən mübahisə edib.