“Azəri-Çıraq-Günəşli”də hasilat 213 milyon barrel olub

“Azəri-Çıraq-Günəşli”də hasilat 213 milyon barrel olub 2018-ci ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasilat 213 milyon barrel, yəni 29 milyon ton təşkil edib.

“BP Azerbaijan” şirkətindən Azvision.az -a verilən məlumata görə, il ərzində AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. AÇG-dən ümumi hasilat – “Çıraq” (46 min), “Mərkəzi Azəri” (154 min), “Qərbi Azəri” (126 min), “Şərqi Azəri” (97 min), “Dərinsulu Günəşli” (105 min) və “Qərbi Çıraq” (57 min) platformalarından birlikdə gündəlik orta hesabla 584 min barrel olub.

İlin sonuna AÇG-də ümumilikdə 117 neft hasilat quyusu, 44 su və 7 qaz injektor quyusu istismarda olub. Ötən il blokda 14 neft hasilat və 3 su injektor quyusu qazılıb.

2018-ci ildə AÇG layihəsinə təqribən 505 milyon dollar əməliyyat və 1 milyard 150 milyon dollar isə əsaslı məsrəflər xərclənib.

AÇG-də tərəfdaşların iştirak payları bu nisbətdədir: BP – 30,37 faiz, “AzAÇG” (SOCAR) – 25 faiz, “Chevron”- 9,57 faiz, “Inpex” – 9,31 faiz, “Equinor” – 7,27 faiz, “ExxonMobil” – 6,79 faiz, “TPAO” – 5,73 faiz, “Itochu” – 3,65 faiz və “ONGC Videsh Limited” (OVL) – 2,31 faiz.

Xatırladaq ki, 2017-ci il sentyabrın 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş Sazişi imzalayıblar. Saziş Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən oktyabrın 31-də ratifikasiya olunub. AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

Oxşar xəbərlər