Azərbaycanın 26 yaşlı prorektoru: “Yüksək vəzifədə dayım yoxdur” - VİDEO - FOTO

Azərbaycanın 26 yaşlı prorektoru: “Yüksək vəzifədə dayım yoxdur” - VİDEO - FOTO Milli.Az qafqazinfo-ya istinadən Azərbaycanın 26 yaşlı prorektoru ilə reportajı təqdim edir:

26 yaşlı prorektor... Həm də dövlət universitetində... Ən əsası da Azərbaycanda...

Beynəlxalq təcrübəyə, lap elə özəl universitetlərimizin bir neçəsinə nəzər salsaq, bu, elə də qeyri-adi hal deyil. Ancaq cavan müəllimləri belə hələ təzə-təzə görməyə öyrəşdiyimiz dövlət universitetlərimizdə bu təyinat uğur sayıla bilər.

Gənc prorektorun bioqrafiyasına nəzər salırıq - Ümid Səməndər oğlu Mehdiyev. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bakalavr, daha sonra isə Böyük Britaniyanın Liverpul Universitetində magistr dərəcəsi alıb. Universitetə daxil olduğu ildən iş karyerasına da başlayan Mehdiyev gənc olmasına baxmayaraq bir neçə şirkətdə mühüm vəzifələri tutub.

Son ana kimi marağımızı üstələyə bilsək də, müsahibəyə bir neçə saat qalmış gənc prorektorun ailə üzvlərini internetdə axtarışa veririk. Səməndər Mehdiyev - Dünya Azərbaycanlıları Konqresi, Qərbi Azərbaycan Nümayəndəliyinin rəhbəri. Söhbətimə də elə bu balaca araşdırmamızdan başlayıram. O isə gülür:

"Yox, yox, həmin şəxslə hər hansı bir qohumluğum yoxdur. Açıb baxsınlar ki, həmin Səməndər Mehdiyevin Ümid adlı oğlu var, ya yox? Bu barədə dəfələrlə eşitdiyim üçün artıq mənə sadə gəlir. Ancaq ailəmdən təhsil sferasında çalışan kimsə yoxdur. Atam Fövqəladə Hallar Nazirliyində baş məsləhətçidir, anam isə evdar qadın. Digər qohumlarımdan da yüksək vəzifələrdə çalışan dayım, əmim yoxdur. Yəni, sırf öz əməyimlə bu vəzifəyə çatmışam.

- Bizi qınamayın, cavan kadrların dövlət qurumlarında belə yüksək vəzifələrə yüksəlməsini nadir hallarda görürük. Bəs, təyinatınız necə oldu?

- Bildiyiniz kimi, Liverpul Universitetində təhsil almışam. Geri döndükdən sonra Təhsil Nazirliyində qeydiyyatdan keçirik və adlarımız ehtiyat kadrlar siyahısına daxil olur. Ondan sonra da bizimlə mütəmadi olaraq əlaqə saxlayırlar, dövlət müəssisələrində vakansiya olan zaman zəng vurub xəbər verirlər. Mən universitetə prorektor kimi gəlməmişəm, yəni əvvəldən yüksək vəzifə tutmamışam. 9 ay rektor köməkçisi olmuşam. Daha sonra gördüyüm işləri yüksək dəyərləndirən rektor təqdimatımı Təhsil Nazirliyinə göndərib və əmrim təsdiqlənib. May ayının 1-dən Pedaqoji Universitetin təsərrüfat işləri üzrə prorektoruyam.

- Bəs reaksiyalar necə olur? Xüsusilə də həmkarlarınızın...

- Düzdür, xaricdə təhsilin öz rolu var. Ancaq indiki kontingent böyük dəstək göstərir. Artıq anlayırlar ki, yeniləşmə olmalıdır. Cavan kadrları önə çəkməyə başlayıblar. Düzdür, cavan olsam da, kifayət qədər iş təcrübəm var. Ancaq onu anladım ki, rəhbər şəxslər insanlarla işləməyə xüsusi fikir verməlidir. İnsanlarla anlaşmağa çalışmalıdır ki, gələcəkdə kollektivin rəğbətini qazana bilsinlər.

- Çox vaxt yaşlı müəllimlər cavanların buyruğunu götürmək istəmir, sizin bununla bağlı problemləriniz olub?

- Problem deməzdim, ancaq əvvəllərdə müraciət formaları, səs tonu ilə bağlı bəzi anlaşılmazlıqlarımız olurdu. Bəzən hansısa müəllim əsəbi formada nəsə tələb edəndə və ya "sən" deyə müraciət edəndə mədəni formada ona qaydalara riayət etməli olduğunu anlatmağa çalışırdım. Sərt biri deyiləm, ancaq hər şey qaydalara uyğun olaraq görülməlidir ki, sonradan narazılıqlar olmasın. İndi hər şey qaydasındadır.



- Xaricdə təhsil almış biri kimi, bizim və onların təhsil sistemini rahat müqayisə edə bilərsiz. Müqayisədə gördüyünüz axsaqlıqlar nələrdir? Siz nələri dəyişməyə çalışırsız?

- Xarici universitetlərlə müqayisədə ən böyük gözəçarpan məqam infrastrukturdur. Eyni savadda müəllimlərimiz, çalışqan tələbələrimiz ola bilər. Ancaq burada infrastruktur da mühüm rol oynayır. Tələbə daşın üstündə oturub dərs oxumayacaq ki. Zamanla ayaqlaşmaq üçün İT sahəsinə xüsusi diqqət yetirmək lazımdır. Mənə həvalə olunan işlərdən də biri budur. Hazırda layihələr hazırlayırıq və tələbələrin təhsilinə necə müsbət təsir edə biləcəyimiz haqda planlar qururuq. Bunlar da 1-2 günün işi deyil. Yenidənqurma işləri vaxt tələb edir. Digər məsələyə gəlincə isə, müəllimlərimiz də artıq anlayırlar ki, yenilik etmək lazımdır. Yalnız dərsə girib kitabdan mühazirə oxumaqla, onu tələbəyə əzbərlətməklə təhsil vermək olmaz. Əlimizdə olan internetdən yararlanaraq beynəlxalq təcrübəni öyrənmək olar, köhnədən qalan kitablarla kifayətlənmək olmaz. Mən inanmıram ki, ideal işləyən müəssisə olsun. Hər bir işdə kiçik nöqsanlar olur. Hazırda həm ölkə siyasəti, həm də Təhsil Nazirliyinin qarşıya qoyduğu əsas məqsədlərdən biri də müəllim imicinin qaldırılmasıdır. Sovet vaxtına nisbətən son vaxtlarda müəllim imici bir qədər zəifləmişdi. Amma artıq sosial layihələr də müəllim adını zirvəyə qaldırmağı əsas sayır.

- Xarici universitetlər bir yana, təkcə ölkəmizdə fəaliyyət göstərən özəl və dövlət universitetləri arasında çox böyük mühit fərqi var. "Azərbaycansayağı boloniya sistemi" deyimi də yayılıb.

- Mən xaricdə magistratura oxumuşam. Boloniya sistemi olduğundan dərsdə iştirak etmək azad idi. Bizdə də 25%-lik bir qaib limiti var. Tələbə xəstələnə bilər, işi çıxa bilər və ya ümumiyyətlə, dərsdə iştirak etmək istəməyə bilər. Limiti aşmamaq şərti ilə dərsdən qala bilər. Deyirlər, azad dərs sistemi olsa, dərsə gələn olmaz. Burada bir neçə məqama fikir vermək lazımdır. Birincisi, imtahan sistemi. Pedoqoji Universitetdə biz gələnə kimi test imtahan sistemi idi. Tələbə imtahana 3-4 gün qalmış cavabları əzbərləyib gəlirdi. Bu tələbə təbii ki, dərsdə oturmaz. Rektor dəyişikliyindən sonra qərara alındı ki, birinci kurslar yazılı imtahanlara girsin. Onun nəticəsidir ki, müəllimlər artıq tələbələrin kitab oxuduğunu deyir. Əvvəl kitabxana tərəfə gedən olmazdı, indi kitab çatdırmaqda çətinlik çəkirlər.

- Hər insanın qarşısına qoyduğu hədəfləri olur. Siz 25-26 yaşında Azərbaycan gəncinin edə bilmədiyi çox işi bacarmısınız. Bununla qane olmaq olar?

- Qane olmaq bir az mürəkkəb məsələdir. Əvvəllər gələcəklə bağlı planlar quranda düşünmürdüm ki, nə vaxtsa təhsil sistemində çalışacam. Təhsil aldığım təchizat və loqistika sahəsi daha çox böyük şirkətlərdə tələb olunur. Avropada isə bu ixtisas trend sayılır. Başlanğıc olaraq "Silk Way"də çalışmağı seçdim. Orada təcrübə toplayıb digər şirkətlərə müraciət etmək fikrindəydim. Bu təklif gözlənilməz oldu. Adamda mühiti dəyişmək istəyi olur. Mən də özümü bu dəfə təhsil sferasında sınamaq istədim.

Oxşar xəbərlər