Polisin döydüyü Qarabağ qazisindən Prezidentə müraciət: “Həyatım təhlükədədir”

Polisin döydüyü Qarabağ qazisindən Prezidentə müraciət: “Həyatım təhlükədədir” Avtovağzal ərazisində polislər tərəfindən döyüldüyünü iddia edən birinci qrup Qarabağ əlili Rzayev Amil İsmayıl oğlu prezident İlham Əliyevə və daxili işlər naziri Ramil Usubova müraciət edib

AzNews.az xəbər verir ki, şikayətçi müraciətində həyatına təhlükə yarandığını qeyd edib və bu məsələnin şəxsi nəzarətə götürülməsini xahiş edib: “İstəyirəm ki, bu işi öz nəzarətlərinə götürsünlər. Baxıram ki, həyatıma təhlükə var. Həmin polis və yaxınları məni təhdid edirlər. Bu təhlükəni aradan qaldırmağa kömək edin. Əgər mənə qarşı təhlükə aradan qalxmazsa, ölkə vətəndaşlığından imtina edəcəyəm”.

Haqsızlıqla üzləşdiyini deyən A.Rzayev Daxili İşlər Nazirliyinin onunla bağlı verdiyi açıqlamanı qərəzli adlandırıb: “Mənim məsələm ictimailəşəndən sonra Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə işi araşdırmadan AÇIQLAMA yayıb. Heç kimi dinləmədən, yalnız qudurğan polisin müdafiəsinə yönəlik və mənə qarşı şər və böhtan xarakterli açıqlama yayıb. Deyib ki, guya mən polisə şər atmışam. Mətbuata müraciət edəndən bu saata kimi sahə inspektoru Azər Əliyev başda olmaqla nəzarətçilərə kimi hamısı məni təhqir edirlər. Deyirlər ki, yazdığın müraciətləri geri götür. Azər Əliyev guya, mən ictimai asayişi pozuram deyə əleyhimə izahat alıb. Azər Əliyev polis mayorudur. O, nə qədər məvacib alır ki, 170 minlik maşın sürür? Əgər o, şər atmasa, qanunsuzluqlar etməsə, xərac toplamasa 170 minlik maşın sürə bilməz. Mən kreditlə maşın götürmüşəm, pulunu da ödəyə bilmirəm. Mansurzadənin bəyanatı kökündən səhvdir. İnanmıram ki, ona hətta öz naziri inana”.

A.Rzayev 1994-cü ildə Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edərkən yaralandığını, 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü olduğunu bildirib.

Qeyd edək ki, birinci qrup Qarabağ əlili Rzayev Amil İsmayıl oğlu redaksiyamıza gələrək polislər tərəfindən döyüldüyünü bildirib. Buna səbəb Beynəlxalq Avtovağzala girmək üçün qeyri-qanuni tələb olunan 1 manatı verməməsinə etiraz etməsi olub. Sözügedən yazını BURADAN oxuya bilərsiniz.

Oxşar xəbərlər