Supermarket rəhbərlərinin müraciəti - İki nazirliyi üz-üzə qoydu

Supermarket rəhbərlərinin müraciəti - İki nazirliyi üz-üzə qoydu İqtisadiyyat Nazirliyinə müraciət edən supermarket rəhbərlərinin nazirlə görüşünün ardından Vergilər Nazirliyinin həmin marketlərdə yoxlamalara başlaması cəmiyyətdə birmənalı qarşılanmadı. Bu iki hadisə arasında bağlılıq axtaranlar sahibkarların ƏDV-nin faiz dərəcəsinin azaldılması ilə bağlı Vergilər Nazirliyinə deyil, məhz İqtisadiyyat Nazirliyinə müraciət etməsinin nazir Fazil Məmmədovu qıcıqlandırdığını deyirlər

Marketlərdə yoxlamaların başladılması da məhz bu müraciətə “cavab olaraq” atılmış bir addım hesab olunur. Bəs görəsən, iki qurumu üz-üzə qoyan bu prosesin, İqtisadiyyat Nazirliyindəki müzakirələrin, Vergilər Nazirliyindəki yoxlamaların nəticələri necə olacaq?

İqtisadçı ekspert Natiq Cəfərli öncə sahibkarları bu müraciəti etməyə vadar edən səbəblərdən danışdı: “Çox qəribə bir durum yaranıb. Vergilərin yüksək olması səbəbindən böyük ticarət şəbəkələrinin ziyanla işləməsi ehtimalı öncədən məlum idi. Çox maraqlı məqam odur ki, bunun səbəblərindən biri gömrüyün getdikcə daha şəffaf işləməyə başlaması ilə əlaqədardır. Çünki bundan öncə gömrükdən keçən məhsulların böyük əksəriyyəti rəsmiləşdirilmirdi və marketlərin marjalarında - gəlir səviyyələrinə müəyyən dərəcədə təsir göstərirdi. 18 faiz ƏDV-nin ödənilməsi çox zaman lazım olmurdu. Açıq desək, satılan məhsulların böyük əksəriyyəti rəsmiləşdirilmədən marketlərə daxil olurdu. İndi rəsmiləşdirmə yüksəldikcə, gömrükdən keçərkən 18 faiz ƏDV-nin ödənilməsi həyata keçirildikcə, bunun sonradan əvəzləşdirilməsi problemi yaranır. Marketlər sonradan həmin vəsaiti əvəzləşdirə bilmirlər və avtomatik olaraq 18 faiz ƏDV ödəyicisinə çevrilirlər. ƏDV-nin yüksək olması isə onların gəlirlərinə birbaşa təsir edir”.

İqtisadçının fikrincə, bunlar əvvəldən hesablanmalı idi və ən azından gömrük rüsumlarında, vergi dərəcələrində müəyyən azalmalara gedilməli idi: “Bu, təkcə supermarketlərə aid deyil. Ümumiyyətlə, ticarət dövriyyəsinin zəifləməsi sübut edir ki, burada problemlər var. Azərbaycanın müxtəlif yerlərində, Bakıda, o cümlədən mərkəzi hissələrdə dükanların bağlanması da dolayısı ilə bunu sübut edir. İnsanların alıcılıq qabiliyyəti aşağı düşür, dükanların dövriyyəsi azalır və buna baxmayaraq, iş adamlarının vergi və gömrük rüsumlarında ödənişlər artır. Burada bir disbalans yaranıb və supermarket sahiblərinin belə bir şikayətlə çıxış etməsinə səbəb olub. Əslində onları ilk növbədə Vergilər Nazirliyi qəbul etməli, danışıqlar aparmalı idi. Vergilərin azaldılması ilə bağlı ancaq bu nazirlik çıxış edə bilərdi. Biz məsələnin detallarından xəbərsizik. Ola bilər ki, Vergilər Nazirliyinə müraciət olunub, qəbul olunmayıb. Və ya Vergilər Nazirliyinin başı üzərindən birbaşa İqtisadiyyat Nazirliyinə müraciət olunub və nazirlə görüş keçirilib. Açığı, bu detalları mən bilmirəm. Ancaq görünən odur ki, Vergilər Nazirliyinin başı üzərindən birbaşa İqtisadiyyat Nazirliyinə müraciət olunması çox güman ki, həmin nazirliyin xoşuna gəlməyib və bir növ supermarket sahiblərinin atdığı bu addıma ”cavab" olaraq, bu yoxlamaları başladıb".

Natiq Cəfərli onu da vurğuladı ki, yoxlamaların genişləndirilməsi onsuz da ağır durumda olan iqtisadi subyektləri daha çətin vəziyyətə salır: “Azərbaycan reallığı sübut edir ki, yoxlamaların olması iqtisadi xərcləri daha da artıracaq.

Ona görə də bu vəziyyətin davam etməsi indiki ağır iqtisadi böhran şəraitində anlaşılan deyil. Əksinə, bütün hökumət qurumları iş adamları ilə bir yerdə birgə fəaliyyət planı, “yol xəritəsi” hazırlamalı idilər və buna uyğun olaraq da islahatlar aparılmalı idi. Hökumət vergi və gömrük faizlərinin aşağı salınmasından qorxmamalıdır. Vergi dərəcələrinin aşağı salınması ola bilər ki, qısa müddət ərzində büdcəyə daxilolmalarda müəyyən aktivliyə səbəb olsun. Çünki iqtisadi aktivliyin və dövriyyənin artması bir neçə aydan sonra effekt verəcək və büdcəyə daxilolmaların artması da mümkün olacaq. Ona görə də İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi bir yerdə birləşib proqram hazırlamalıdır. Biz dəfələrlə bununla bağlı müraciət etmişik. Lakin hökumətdə heç bir ortaq proqram yoxdur. Belə çıxır ki, hər nazirlik öz maraqlarına uyğun olaraq, öz sözünün daha keçərli olmasını sübut etmək üçün hərəsi ayrı-ayrılıqda fəaliyyət göstərir. Bu da ümumi iqtisadi vəziyyətə daha ciddi mənfi təsirlər vurur".

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov isə sahibkarların müraciətini haqlı sayıb: “Vergilər Nazirliyinin supermarketlərdə yoxlamalara başlaması haqda mənim də məlumatım var. Ümumi götürəndə bu nazirliyin hüququdur. Ancaq digər tərəfdən, iqtisadiyyat naziri onları qəbul edib, mənim aldığım məlumata görə, müəyyən razılıqlar da əldə olunub. Bu məsələni biz uzun müddətdir ki, Milli Məclisdə qaldırmışıq. Əsas təklifimiz ƏDV-ni diferensial qaydada tətbiq etməkdir. Yəqin ki, hökumət bu yaxınlarda öz mövqeyini bildirəcək”. //musavat.com

Oxşar xəbərlər