Azərbaycan MDB-dən çıxacaq? SON DƏQİQƏ AÇIQLAMASI

Azərbaycan MDB-dən çıxacaq? SON DƏQİQƏ AÇIQLAMASI Azərbaycanın MDB dövlət başçılarının Sankt-Peterburqda keçirilən görüşünə qatılmamağı “Bizə MDB lazımdırmı? Azərbaycanın bu təşkilatdan çıxması gözləniləndirmi?” kimi sualları meydana gətirib.

Siyasi şərhçi Aydın Quliyev Musavat.com-a bildirib ki, Rusiyanın qeyri-səmimi davranışı, verdiyi vədlərin üstündə dayanmamağı və bundan qaynaqlanan hadisələr, MDB-nin özünün vəziyyəti Azərbaycanın bu təşkilatın üzvlüyündən imtinasına gətirib çıxara bilər:

“Bu təşkilat 30 ildən artıq bir dövr ərzində mövcud olmağına baxmayaraq, öz strukturlarını heç bir halda təkmilləşdirməyib. MDB adlanan təşkilatın özünü yeniləndirmək, islah etmək, Rusiyanın təsiri altından çıxmaq potensialı yoxdur. Ən azı Avrasiya məkanında proseslərə təsir göstərən ciddi dövlətlərarası quruma çevrilə bilməyib. Proseslər göstərir ki, MDB olan-qalan təsirlərini də getdikcə itirəcək. Beləliklə də Azərbaycanın bu cür qurumu gələcəkdə tərk etməsi labüd gerçəkliyə çevrilməkdədir”.

Bununla belə, ekspert onu da deyib ki, burada bəzi regional və geosiyasi amilləri nəzərə almaq lazımdır:

“Hələlik Rusiyanın Ukrayna müharibəsindəki taleyinin necə olacağı bəlli deyil. Bizim bölgəmizdə sülh tam şəkildə bərqərar edilməyib və bu bölgədə sülh üçün böyük təhlükə olan Ermənistanın xarici oriyentasiyasının nə yöndə olacağı tam qətiləşməyib. Azərbaycanla Ermənistan arasında hələ sülh sazişi imzalanmayıb. Belə şəraitdə münasibətlərin aydınlaşmasına qədər Azərbaycanın indi MDB-dən çıxması müəyyən riskləri özündə saxlaya bilər. Gələcəkdə Azərbaycanın MDB-ni tərk edəcəyi labüd olsa da, hələlik bu addımı atmağın məncə, vaxtı çatmayıb”.

Aydın Quliyev qeyd edib ki, MDB əslində Rusiya deməkdir:

“MDB ölkələri ilə ikitərəfli əməkdaşlıq qurmaqda Azərbaycanın heç bir problemi yoxdur. Və ya bir blokda olmadığımız Avropa ölkələri ilə Azərbaycan normal dialoq qurmayıb ki?! Qurub. Nəhayət, Düşənbə görüşündən sonra gərginlik səhifəsini geridə qoymaq istədiyini bəyan edən Azərbaycan Prezidenti qarşılığında nə gördü? Rusiyada diasporumuz yenə basqı altındadır, Kremldəki erməni torpedoçuları hələ susmayıb, “Rossotrudniçestvo” hələ də düşmənçilik aparır və sair”.

Oxşar xəbərlər