SOCAR: Xəzərə neft dağılmaları təhlükəsi aradan qaldırılıb

SOCAR: Xəzərə neft dağılmaları təhlükəsi aradan qaldırılıb Yanan neft quyularının söndürülməsi nəticəsində

“Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində mümkün neft dağılmalarının və yarana biləcək ekoloji fəsadların qarşısını almaq məqsədi ilə yaradılmış işçi qrup tərəfindən ötən sutka ərzində aparılmış növbəti monitorinqin nəticələri açıqlanıb.

Dövlət Neft Şirkətindən (SOCAR) verilən məlumata görə monitorinqlər havadan helikopterlər, dənizdən gəmilər vasitəsilə bütün gün ərzində davam etdirilib.

Müşahidələr və analizlər göstərir ki, qəza rayonunda neft dağıntısı yoxdur. Yanan neft quyularının söndürülməsi dənizə neft dağılmaları təhlükəsinin aradan qaldırılmasında əhəmiyyətli rol oynayıb. Ekoloji vəziyyətə daimi nəzarəti təmin etmək üçün ərazidə olan ixtisaslaşdırılmış “Məmməd Süleymanov” gəmisindən alınan məlumatlar da hava və dəniz müşahidələrinin nəticələrini təsdiqləyib.

“İşçi qrup bir daha qətiyyətlə bildirir ki, indiyə qədər “Günəşli” yatağı və “Neft daşları” ərazilərində, eləcə də onların ətrafında neft sızıntılarına dəlalət edən ləkələr qeydə alınmayıb. Mümkün neft dağılmalarına qarşı dəniz səthinə düzülmüş xüsusi bonlar dağıla biləcək neftin gəmilərə doldurulması və utilizasiya üçün xüsusi məntəqələrə çatdırılması məqsədi daşıyır”, - deyə məlumatda bildirilir.

Oxşar xəbərlər