
“Qafqazinfo” “1tv.ge”yə istinadən xəbər verir ki, Saakaşvili hökmünə münasibət bildirib.
O bu hökmün onun üçün ömürlüyə bərabər olduğunu qeyd edib:
“Oliqarxın hökmü necə də sürpriz oldu, hə? Mən Prezident Administrasiyasının rəsmi xərclərinə görə praktiki olaraq ömürlük həbsə məhkum edildim. Bizi qorxuda bilməzlər. Güc birlikdədir!”.
Xatırladaq ki, 57 yaşlı Saakaşvili 2021-ci il oktyabrın 1-də gizli şəkildə getdiyi Tbilisidə saxlanılıb. Saxlanıldığı gün aclıq aksiyasına başlayan keçmiş prezident 50 günlük aksiyadan sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü. Saakaşvili 2022-ci ilin mayında uzun müddət davam edən aclıq aksiyasından sonra müalicə alması üçün Tbilisidə “Vivamed” klinikasına köçürülüb.
Gürcü siyasətçi iki cinayət işi üzrə qiyabi olaraq mühakimə olunub və ümumilikdə 6 il müddətinə azadlıqdan məhrum olunub. O, hazırda az qidalanma səbəbindən yaranan kaxeksiya xəstəliyindən müalicə olunur. Həkimlər onun səhhətinin getdikcə yaxşılaşdığını qeyd edib.