Gözünün qabağında Ermənistana girdilər - İran bu dəfə səsini çıxara bilmədi

Gözünün qabağında Ermənistana girdilər - İran bu dəfə səsini çıxara bilmədi Hərbi-siyasi analitik, polkovnik Üzeyir Cəfərov Zəngəzur dəhlizi ilə bağlı son gəlişmələr və Ermənistanın şərti sərhəddəki təxribatları barədə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Bir neçə gündür İranla Rusiya arasında Zəngəzur dəhlizi ilə bağlı gərginlik yaşanır. Rusiya xarici işlər naziri Sergey Lavrovun son Zəngəzur açıqlaması İranı o qədər təlaşlandırıb ki, məsələni müzakirə etmək üçün Moskvaya hərbi heyət göndərdilər. İndiyədək dəhlizlə bağlı ən müxtəlif ölkələr bəyanatlar verib, fikirlər səsləndirib, amma İran o qədər təlaşlanmamışdı. Bəs bu dəfə niyə belə qorxdular?

- İranın davranışları qəribədir, nə istədiyi məlum deyil. İran ümumi fikirlərlə nəsə danışır, amma nə istədiyini açıq demir. Qənaətimə görə, İran Zəngəzur dəhlizi açılacağı təqdirdə gələcəkdə büdcəsinə daxil olacaq milyardların əlindən çıxacağını düşünərək bu bəyanatları verir. Heç kim bu dəhlizi açmaqla sərhədi dəyişmək və ya harasa itələmək fikrində deyil. İran nədən narahatdır, doğrusu, bilmirəm.

İran son vaxtlar Rusiya ilə soyumuş münasibətləri bir qədər də soyutdu. İş o yerə çatıb ki, hətta Rusiyanın Tehrandakı səfirini Xarici İşlər Nazirliyinə də çağırdılar. Bu gün Ermənistan öz yerinə qərar verə bilmir, bunu onun adından başqaları etməyə çalışır. İran da bundan istifadə edərək, marşrutu öz ərazisinə salmaq istəyir. İranın bütün cəhdləri bununla bağlıdır.

Ermənistanın bir fikri də var ki, Zəngəzur dəhlizinə ABŞ-ın hansısa özəl mühafizə şirkəti nəzarət edə bilər. Mən bunu ciddi saymıram. Düzdür, yenə də deyirlər ki, dəhlizə nə Rusiya, nə də Ermənistan nəzarət eləsin, nəzarət bir kənar beynəlxalq mühafizə şirkətində olsun. Belə olacağını düşünmürəm. Dəhlizə Ermənistan nəzarət edə bilər, amma bununla bağlı bizə qaneedici təhlükəsizlik zəmanəti verməlidir.

Biz həmçinin alternativ yol kimi İran ərazisindən də istifadə etməyi düşünürük, artıq bununla bağlı Tehranla razılaşmamız var. Amma İran ərazisindən Naxçıvana getmək vaxt itkisidir. Bununla belə İran ayağını dirəyib ki, Zəngəzur dəhlizi açıla bilməz. Görünür, İran dəhlizə nəzarətin Rusiyada olmasını da istəmir, Ermənistan da buna qarşı çıxır. Bu minvalla məsələ uzanır.

Ermənistan 2020-ci ildə Rusiyaya razılıq verəndə durum fərqli idi, Moskvadan çəkinirdilər. Amma sonradan Ukraynadakı müharibədə zəif düşdükdən sonra etiraz eləməyə başladılar. Hətta “Zvartnots”dakı Rusiya sərhədçilərini də çıxardılar. Bu gün də dəhlizə nəzarətin Rusiya yox, Ermənistanda olmasını istəyirlər və bunda da israrlıdırlar. Hələlik durum belədir.

- İran Zəngəzur məsələsi kontekstində Ermənistana dəstək bəyanatları versə də, bunlar İrəvanda adekvat reaksiyalarla qarşılanmır. Belə desək, sanki İrəvan Tehranın bu canfəşanlığına etinasız yanaşır. Sizcə, bu belədirmi?

- Mən belə başa düşürəm ki, İranla Ermənistan arasında gizli razılaşma var. Bu razılaşma da ondan ibarətdir ki, hər iki dəhliz işləməlidir – həm Zəngəzur, həm də İran ərazisindən keçən yol. Azərbaycan da dəhlizləri şaxələndirmək istəyir, yəni İran problem yaradanda Ermənistan, Ermənistan da problem yaradanda İran üzərindən keçəcək. İran öz maraqlarını saxlamaq üçün Ermənistanla gizli razılaşmaları həyata keçirməyə çalışır. Bunu ona görə əminliklə deyirəm ki, Rusiya avqustun əvvəlində hərbçilərini “Zvartnots”dan çıxardıqdan sonra ABŞ yük təyyarələri İrəvana gəldilər.

İranın özünün bəyan etdiyi bir “qırmızı xətt” anlayışı var. Necə olur ki, Ermənistan ABŞ-dan böyük dəstək alır, amerikalılarla hərbi təlimlər keçirir, amma İranın səsi çıxmır? NATO təyyarələri İran sərhədinə qədər gəlirlər, amma Tehran yenə də susur. Amma İran Azərbaycan ərazisində olmayan hansısa İsrail hərbçilərindən danışır. Görünür, İranla Ermənistan arasında nələrsə razılaşdırılıb, prosesi də bu şəkildə aparmağa çalışırlar.

- Bəs İran niyə Rusiyaya göstərdiyi təpkiləri ABŞ-a göstərmir və ya göstərə bilmir?

- Bunun izahı odur ki, İran öz zəifliyini bir neçə dəfə sübut edib. Qasım Süleymani öldürüləndə İran dedi ki, bunun qisası alınacaq, ABŞ cəzalandırılacaq və sair. Heç nə olmadı. Üstəgəl, Süleymaniyə keçirilən anım tədbirində çox böyük terror aktı həyata keçirildi. İkincisi, İbrahim Rəisi helikopter qəzasına düşdü, amma İran saatlarla onun yerini müəyyən edə bilmədi. Üçüncüsü, İsrail İranın Suriyadakı konsulluğunu vurduqdan sonra Tehran yenə qisas vədi verdi. Apreldə guya İran İsrailə 300-dən çox raket və dron atdı, bəs nəticəsi nə oldu? Sonuncu: İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasiminə qatılan HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsi. Sonra “İsraili bu gün vuracağıq”, “Sabah vuracağıq” nağılı danışmağa başladılar. Hadisənin üstündən nə qədər keçib?! Nə oldu? Heç nə.

Bunlar İranla bağlı sadaladığım azsaylı faktlardır. Digər məsələlər də var. Bu gün bəzi dövlətlər də var ki, İranı nələrəsə vadar eləmək, ardınca buna görə onu cəzalandırmaq istəyirlər. Hələlik Tehran bu addımları atmır. Çünki qabağında dura bilməyəcək, ehtiyat edir. Bu da İranı susmağa məcbur edir.

İran öz gücünü bilir. İranın gücü olsaydı, çoxdan balaca İsrailə qarşı addımlar atardı. İran bilir ki, hərəkət eləsə, dənizlərdə gözləyən döyüş gəmilərindən misli görülməmiş cavablar alacaq. İran bu səbəbdən Ermənistan ərazisində baş verənlərə də təpki göstərə bilmir. Əslində, göstərib özünü birabır eləməkdənsə, susmaq yaxşıdır. Susmaq da razılıq deməkdir.

- Axır vaxtlar ermənilər tez-tez haqqında bəhs etdiyimiz Zəngəzur istiqamətindən atəşkəs rejimini tez-tez pozurlar, atəşlər də çox vaxt Naxçıvan yönündə açılır. Uzunmüddətli sakitlikdən sonra artan erməni təxribatları nədən xəbər verir, hansı məqsədlərə xidmət edir?

- Məsələnin içində Ermənistanla yanaşı, həm də bu ölkədə yerləşən Rusiya hərbçiləri var. Ötən həftə Ermənistan prezidenti Beşinci Ordu Korpusunun komandiri Sasun Badasyanı işdən çıxardı. İttihama görə, o, Rusiya hərbçiləri ilə əlbir olub həm Naxçıvan, həm də Qarabağ istiqamətində Azərbaycana qarşı təxribatlar həyata keçirib. Bu adam ötən ilin fevralında vəzifəyə təyin olunmuşdu. Badasyan vasitəsilə Azərbaycanın mövqeləri atəşə tutulurdu. Baş nazir Nikol Paşinyanın təkidli tələbi ilə prezident həmin korpusun komandirini vəzifəsindən uzaqlaşdırdı.

Badasyan postundan uzaqlaşdırılıbsa, bəs bu gün baş verənlər nədir? Ermənistan ordusuna yenə də Rusiya hərbçilərinin təsiri qalır. Ermənistanın Azərbaycan, Türkiyə və İranla sərhədlərini kim qoruyur? Rusiya hərbçiləri və ya sərhədçiləri. Necə olur ki, Rusiya hərbçiləri ermənilərin sərhəddə atəşkəs rejimini pozmasına mane olmurlar? Buna görə düşünürəm ki, bu məsələ təkcə Ermənistanla bağlı deyil.

Paşinyanın özü də girov vəziyyətindədir. Ermənistan ordusunda idarəolunmaz bəzi qurumlar var. Bu qurumlar hanısa formada Paşinyana təzyiq göstərirlər. Unutmayaq ki, 44 günlük müharibədən sonra Paşinyanın istefası ilə bağlı sənədi imzalayan general və polkovniklərin bir hissəsi hələ də Ermənistan silahlı qüvvələrinin sıralarındadır.

Oxşar xəbərlər