Erməni kilsəsi daxili savaş qərarı verib: Paşinyan terrora hədəf seçilib, dəfn mərasimi...

Erməni kilsəsi daxili savaş qərarı verib: Paşinyan terrora hədəf seçilib, dəfn mərasimi... Paşinyan hakimiyyəti və erməni kilsəsi arasındakı savaşın artıq dəhşətli kulminasiya nöqtəsinə yaxınlaşdığı açıq-aşkar nəzərə çarpır... Belə davam edərsə, erməni kilsəsi ya terror, ya da Rusiya kəşfiyyatının nəzarətindəki hərbçilərin silahlı qiyama qalxması ilə situasiyanı öz xeyrinə çevirməyə çalışa bilər...

Cənubi Qafqazda Ermənistan ən etibarsız tərəfdaş rolunda çıxış edir. Rəsmi İrəvanın verdiyi qərarlar və atdığı addımlar birmənalı şəkildə gündəlik situasiyadan qaynaqlanır. Yəni, Ermənistanın yaxın, orta və uzaq perspektiv üçün hər hansı strateji “yol xəritəsi” mövcud deyil. Üstəlik, rəsmi İrəvanın siyasi gündəmi də əslində, ABŞ və Qərb tərəfindən müəyyən olunur. Və Paşinyan hakimiyyəti Ermənistanın yeni beynəlxalq himayədarlarının təlimatlarından kənara çıxmaq şansı demək olar ki, yoxdur.

Onu da qeyd etmək lazımdır ki, son günlər baş verən hadisələr Ermənistanın konkret və prinsipial siyasi mövqeyinin olmadığını da açıq şəkildə göstərir. Belə ki, rəsmi İrəvan ABŞ və Qərbdən aldığı çoxsaylı vədlərin yerinə yetirilməməsindən ciddi şəkildə məyus olsa da, Ermənistanı xarici siyasət vektoru qeyri-müəyyən qalmaqda davam edir. Yəni, rəsmi İrəvan Ermənistanı Rusiyadan qaçırıb, Qərbə yaxınlaşdırmağa çalışsa da, hədəflərinin heç birisinə çata bilməyib. Ermənistan Rusiyadan qaçmağa nail olmayıb, Qərbə də heç yaxınlaşmayıb. Və indi Ermənistan ortalıqda müxtəlif tərəflərə dartışdırılan ölkə təsiri bağışlayır.

08d7627d-c37a-4027-b621-d957c3ed31d5.jpg (105 KB)Maraqlıdır ki, bir müddət öncə Moskvaya səfər edən baş nazir Nikol Paşinyan, Rusiyaya qarşı xəyanət yolunu tutmasına baxmayaraq, prezident Vladimir Putindən yüz milyon dollar həcmində maliyyə dəstəyi qopartmağa nail olmuşdu. Ardınca Rusiya Ermənistandakı təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında Ermənistana kömək təklif etmişdi. Nəhayət, Kreml sahibi hətta erməni baş naziri doğum günü münasibətilə təbrik də etmişdi. Və ilk baxışdan, olduqca gərgin Rusiya-Ermənistan münasibətlərində normallaşma mərhələsinin başlandığı ilə bağlı təsəvvürlər yaranmışdı.

Ancaq nə qədər qəribə də olsa, bu, qətiyyən uzun sürmədi. Belə ki, Ermənistanın rəsmi nümayəndə heyəti Ukraynaya səfər etdi. Həmin səfər çərçivəsində erməni rəsmilər Rusiyanın kütləvi qırğınlar törətdiyi Buça şəhərinə baş çəkməyi də unutmayıblar. Üstəlik, Ukrayna ordusu üçün yardımlar da aparıblar. Bəzi məlumatlara görə, erməni rəsmilərin bu səfəri Qərb siyasi dairələrinin təlimatı ilə reallaşdırılıb. Və bu təlimata uyan Paşinyan hakimiyyəti Ermənistanın Rusiya ilə münasibətləri normallaşdırmağa hazırlaşmadığını, Qərbə yaxınlaşma kursuna sadiq olduğunu nümanyiş etdirmək niyyəti güdüb.

Kremldən verilən reaksiyaların məzmununa diqqət etdikdə rəsmi İrəvanın öz niyyətinə müəyyən mənada, çatdığını da düşünmək olar. Hər halda, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova Ermənistanı sərt ittihamlara məruz qoyub. Belə ki, o, Ermənistan rəsmilərinin Ukraynaya son səfərini Rusiyaya münasibətdə qeyri-dost davranış kimi dəyərləndirib. Kremlin erməni rəsmilərin Ukrayna ordusuna yardımından narahat olduğunu vurğulayıb və Ermənistana nota verildiyini bildirib. Və bu, o deməkdir ki, Rusiya-Ermənistan münasibətlərində nisbi yumşalma yenidən qarşıdurma səviyyəsinə qaytarılıb.

pasha-keshish.JPG (36 KB)Nəticə isə özünü o qədər də çox gəzlətməyib. Belə ki, Ermənistan polisi ölkə parlamentinin və hökumət binasının qarşısına artıq tikanlı məftillər çəkməyə başlayıb. Belə anlaşılır ki, Paşinyan hakimiyyətinə və onun təmsilçilərinə qarşı real təhlükənin yaranması ilə bağlı müəyyən məlumatlar alınıb. Əks halda, belə radikal təhlükəsizlik tədbirlərinin görülməsinə elə bir ciddi ehtiyac duyulmazdı. Və indi belə ehtimal etmək olar ki, Paşinyan hakimiyyəti hazırda “tikan” üzərində oturub.

Maraqlıdır ki, Ermənistan mətbuatı mövcud ölkədaxili gərginliyi ilk növbədə Rusiya ilə gərginliyin yenidən yüksəlməsi ilə izah etməyə çalışırlar. Ermənistan hökumətinə yaxın media quruluşları Rusiya kəşfiyyatının nəzarəti altında olan müxalifət qüvvələrinin Paşinyan hakimiyyətinə qarşı radikal addımlar atmağa hazırlaşdığını iddia edib. Həmin iddialara görə, baş nazir Nikol Paşinyanın hətta erməni kilsəsinin rəhbəri II Qaregin və onun ölkəni qarışdırmağı tapşırdığı keşiş Baqrat tərəfindən ölümlə hədələndiyi də vurğulanır. Və bu, Ermənistanda siyasi terror ehtimalının kifayət qədər ciddi olduğunu göstərir.

Digər tərəfdən, Paşinyan hakimiyyətinə müxalif, erməni kilsəsinə isə yaxın Ermənistan mətbuatı bunun tam əksini iddia edir. Belə ki, baş nazir Nikol Paşinyan və onun yaxın ətrafının II Qaregini sui-qəsd ilə təhdid etdiyi vurğulanır. Hələlik qarşıduran tərəflərdən hansının doğru, hansının isə yalan dediyi müəmmalı olaraq, qalmaqdadır. Yalnız onu anlamaq mümkündür ki, Ermənistanda hakimiyyət uğrunda mübarizə artıq silahlı terror mərhələsinə sürətlə yaxınlaşır. Və hər an Ermənistanda silah səsləri eşidilə bilər.

pasha-keshish.JPG (36 KB)Belə anlaşılır ki, Paşinyan hakimiyyəti və “erməni üçlüyü” - kilsə, diaspor və Qarabağ klanı arasında savaş həlledici mərhələdən o qədər də uzaq deyil. Hər halda, qarşıduran tərəflərdən hansınınsa, sıradan çıxarılacağı qətiyyən istisna deyil. İndiki situsiyada keşiş Baqratın “kilsə qiyamı”nın sürətlə zəiflədiyini nəzərə aldıqda, Paşinyan hakimiyyətinin bu savaşdan qalib çıxma şansı kifayət qədər yüksəkdir. Halbuki, bu, “erməni üçlüyü”nün daha da radikallaşdıra biləcək məqamdır. Və Paşinyan hakimiyyətinin erməni kilsəsini vergilərə cəlb etmək niyyəti ilə küncə sıxışdırmağa çalışması qarşı tərəfin terrora son çıxış yolu kimi yanaşmasına da səbəb ola bilər.

Bütün bunları nəzərə aldıqda, Paşinyan-kilsə savaşının artıq kulminasiya nöqtəsinə yaxınlaşdığı açıq-aşkar nəzərə çarpır. Belə davam edərsə, erməni kilsəsi ya terror, ya da Rusiya kəşfiyyatının nəzarətində olan hərbçilərin silahlı qiyama qalxması variantları ilə situasiyanı öz xeyrinə çevirməyə çalışa bilər. Bu, hər iki variantda Ermənistanı vətəndaş savaşına düçar edə biləcək situasiya vəd edir. Və belə anlaşılır ki, baş nazir Nikol Paşinyan üçün dəfn mərasimi də artıq planlaşdırılıb.(musavat.com)

Oxşar xəbərlər