Kremlin “İrəvan planı” niyə təxirə salınıb: Rusiyanın Ermənistanı “vuracağı” tarix məlum oldu

Kremlin “İrəvan planı” niyə təxirə salınıb: Rusiyanın Ermənistanı “vuracağı” tarix məlum oldu Paşinyan hakimiyyəti Ermənistanın Rusiyadan qopılması istiqamətində konkret hüquqi addımlar atarsa, bu halda, Kremlin dərhal öz çoxsaylı “boğucu mexanizmlər”ini işə salacağı qətiyyən şübhə doğurmur... Rusiyanın yalnız elə Ermənistandan idxal prosesini və güzəştli enerji resursları nəqlini dayandırması belə, rəsmi İrəvanı Kreml qarşısında diz çökdürə bilər, bu, olduqca güclü “silah”dır...
Rusiya və Ermənistan arasında ziddiyyətlər kəskinləşməkdə davam edir. Rəsmi İrəvan israrla Rusiyadan uzaqlaşmaq istiqamətində addımlar atır. Üstəlik, daha çox provokativ xarakter daşıyan bu addımların məhz ABŞ və Qərbdən aldığı təlimatlardan qaynaqlandığını da gizlətməkdə çətinlik çəkir. Sanki ABŞ və Qərb Ermənistanı “siyasi xizəyə” oturdub və Kremlin vaxtilə süni şəkildə yaratdığı bu qondarma ölkə “sürüşərək”, Rusiyadan uzaqlaşmağa çalışır. Və Ermənistanın Rusiya ilə hərbi müttəfiq olduğunu nəzərə aldıqda, rəsmi İrəvanın bu davranışlarının kifayət qədər təhlükəli məşğuliyyət olduğu qətiyyən şübhə doğurmur.

Məsələ ondadır ki, rəsmi İrəvan indiyə qədər Kremlə qarşı açıq demarş xarakteri daşıyan “sərt dönüşlər” edib. Rusiyanın Paşinyan hakimiyyətinin siyasi xəyanətinə konkret addımlarla deyil, məhz sadəcə, bəyanatlarla reaksiya verməsi isə rəsmi İrəvanı müəyyən mənada, arxayınlaşdırmağa başlayıb. Hətta bəzi müşahidələrə əsasən, Paşinyan hakimiyyətinin son vaxtlar daha da cəsarətlədiyini də iddia etmək olar. Hər halda, Ermənistan baş naziri Nikol Paşinyanın bir müddət öncə qapalı toplantıda Kremlin sərt reaksiya ehtimalından narahatlığını gizlətməyən siyasi komandasının bəzi üzvlərini “Rusiya indi heç kimi cəzalandıra biləcək imkanda deyil” izahı ilə sakitləşdirməyə çalışması da belə düşünməyə əsas verir.

Paşinyan hakimiyyəti Kremlə qarşı ən ağır demarşı məhz Rusiya prezidenti Vladimir Putin üzərindən etmişdi. Belə ki, rəsmi İrəvan Kreml sahibinə həbs qərarı çıxartmış Beynəlxalq Cinayət Məhkəməsi ilə bağlı Roma statutunu ratifikasiya etmişdi. Kremlin Rusiyaya müttəfiq Ermənistanın bu davranışının nəticəsiz qalmayacağı barədə xəbərdarlıq mesajlarına belə, əhəmiyyət verməyərək, müəyyən mənada, meydan oxumuşdu. Və bu, Ermənistan ilə Rusiya arasında siyasi münasibətlərin ciddi şəkildə korlana biləcəyinin önəmli əlamətlərindən biriydi.

Maraqlıdır ki, sonrakı mərhələdə Paşinyan hakimiyyəti Rusiya əleyhinə addımlarını eyni intensivliklə davam etdirməyə üstünlük verdi. Rəsmi İrəvan Rusiyanın patronajlığı altında olan qurumları baykot etməyə başladı. Kreml təmsilçilərinin qatıldığı dövlətlərarası toplantılarda iştirakdan nümayişkaranə şəkildə imtina etdi. Buna misal olaraq, MDB və KTMT-nın son zirvə toplantılarını göstərmək olar. Və buna əlavə olaraq, Paşinyan hakimiyyətinin təmsilçiləri beynəlxalq görüşlərdə Rusiyaya qarşı sərt ittihamlar irəli sürmələri ilə də diqqəti çəkirlər.

Ancaq rəsmi İrəvanın açıq Rusiya düşmənçiliyi yalnız bunlarla məhdudlaşmır. Belə ki, Ermənistan Avropa Birliyi ilə yeni sənəd imzalayıb. Həmin sənədə görə, Avropa Birliyinin Ermənistandakı mülki müşahidə missiyasının gələcək statusu müəyyən olunacaq. Eyni zamanda, yeni müqavilə ilə avropalı müşahidəçilərin sayının artırılması da təmin olundu. Halbuki, Kreml hesab edir ki, müttəfiq Ermənistandakı avropalı müşahidəçilər Rusiyaya qarşı fəaliyyət göstərən hərbi kəşfiyyatçılardır. Və vaxtilə KTMT müşahidəçilərin analoji milki hədəflərlə Ermənistana yerləşdirilməsinə razılaşmayan rəsmi İrəvana Kreml tərəfindən bu barədə sərt xəbərdarlıq edilib.

Digər tərəfdən, KTMT-nın son toplantısına qatılmaqdan vaxt bəhanəsi ilə yayınan baş nazir Nikol Paşinyan bu hərbi-siyasi alyansa müraciət edərək, Ermənistana dəstək layihəsinin müzakirədən çıxarılmasını da xahiş edib. Erməni baş nazir bununla Kremlə mesaj verib ki, Ermənistanın Rusiya və KTMT-nın dəstəyinə ehtiyacı yoxdur. Və indi rəsmi İrəvan Qərbin himayəsini daha üstün tutur, dolayısı ilə Ermənistanın qapılarının Rusiyanın üzünə bağlandığını qabardır.

Belə anlaşılır ki, rəsmi İrəvan Rusiya ilə müttəfiqlik münasibətlərini tamamilə kəsmək niyyətindədir. Ancaq baş nazir Nikol Paşinyan “Ermənistan KTMT-nı deyil, məhz KTMT Ermənistanı tərk edir” tezisini gündəmə gətirsə də, rəsmi İrəvanın tamamilə rahat olduğu da müəyyən şübhələr doğurmaqdadır. Hər halda, rəsmi İrəvan Kremli ittiham etsə də, Rusiya ilə hərbi müttəfiqliyin sonlandırılması, Ermənistanın KTMT-dan çıxaması istiqamətində konkret rəsmi addımın atılmasına da tələsmir. Və böyük ehtimalla Paşinyan hakimiyyəti hər hansı belə bir addımın dərhal Rusiyanı hərəkətə gətirəcəyini də deyəsən, anlamamış deyil.

Əslində, bu, real vəziyyəti tamamilə izah edir. Belə ki, hazırda Kreml Ermənistanın davranışlarından elə də narahat görünmür. Hətta Paşinyan hakimiyyətinin atdığı addımlara münasibətdə maksimum səviyyədə səbrli yanaşmağa çalışır. Böyük ehtimalla Kremlin bu mövqeyi daha çox iki önəmli məqamdan qaynaqlanır. Birincisi, Rusiya hazırda əsas diqqətini məhz Ukrayna savaşında hərbi məğlubiyyətdən yayınmağın yollarının tapılmasına yönəldib.

Yəni, ABŞ və Qərblə bütün istiqmətlər üzrə qarşıdurma vəziyyətində olan Kremlin hazırda Ermənistanı özünə ciddi problemə çevirməyə həvəsli deyil. Yəqin ki, Ukrayna savaşından sonra Kreml Rusiyanın ən çətin dövründə xəyanət edən Ermənistanla bağlı yekun və prinsipial qərarını verəcək. Və Kremlin Ermənistan barədə həlledici qərarının daha da tezləşməsini indi yalnız rəsmi İrəvan stimullaşdıra bilər.

Məsələ ondadır ki, əgər, rəsmi İrəvan Rusiya ilə hərbi müttəfiqliyin pozulduğunu və Ermənistanın KTMT-dan çıxdığını rəsmən elan edərsə, bu halda, situasiya ciddi şəkildə dəyişə bilər. Belə ki, Kremlin səbrli davranmasının ikinci səbəbi Ermıənustanda Rusiyanın iki hərbi bazasının olmasıyla birbaşa bağlıdır. Digər tərəfdən, Rusiya şirkətləri Ermənistan iqtisadiyyatına demək olar ki, tam şəkildə nəzarət edirlər. Üstəlik, Ermənistanın xarici ixracatının təxminən 55 faizi məhz Rusiyanın payına düşür. Və bu kimi önəmli faktorlar Rusiyanın Ermənistanla bağlı səbrli davranmasına imkan verir.

Ancaq rəsmi İrəvan Ermənistanın Rusiyadan qopılması istiqamətində konkret hüquqi addımlar atarsa, bu halda, Kremlin dərhal öz çoxsaylı boğucu mexanizmlərini işə salacağı qətiyyən şübhə doğurmur. Məsələn, yalnız Ermənistandan idxal prosesinin və güzəştli enerji resursları nəqlinin dayandırılması belə, rəsmi İrəvanı Kreml qarşısında diz çökdürə bilər. Və bu baxımdan, Rusiyanın Ermənistanda dərin sosial-iqtisadi böhran yaratmaq imkanları Kremlin əlində kifayət qədər güclü “silah”dır.

Bu baxımdan, hesab etmək olar ki, Paşinyan hakimiyyəti də bu reallığı bilir və konkret addımlar atmaqdan çəkinir. Rusiya əleyhinə kampaniya isə əslində, Ermənistanın deyil, məhz Paşinyan hakimiyyətinin siyasi maraqlarından qaynaqlanır. Və əsas hədəf Rusiyaya qarşı demarşlarla Qərbin dəstəyini qazanaraq, hakimiyyətinin uzunmüddətli olmasını təmin etməkdən ibarətdir.(Yeni Müsavat)

Oxşar xəbərlər