ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil

ABŞ noyabrda erməni faktorunu Ermənistan Azərbaycanla yekun sülh sazişinin imzalanması üçün hələlik aktual olan son şansından istifadə etmək məcburiyyətindədir... Əks halda, bir neçə aydan sonra Azərbaycan üçün bu məsələ ümumiyyətlə, öz real əhəmiyyətini itirə, rəsmi Bakı geopolitik şərtləri daha da sərtləşdirə bilər...
Cənubi Qafqaz uğrunda mübarizədə situasiya tədricən yekun mərhələyə yaxınlaşır. Dünya nəhənglərinin Cənubi Qafqaz planlarında ciddi problemlərin olduğu da müşahidə olunur. Hər halda, nə ABŞ və Qərb, nə də Rusiya bu regionla bağlı strateji hədəflərinə yaxınlaşa bilməyib. Və bu, onu göstərir ki, Cənubi Qafqaz artıq fərqli geopolitik İradənin nəzarəti altındadır.

Məsələ ondadır ki, indi Cənubi Qafqazda yalnız Azərbaycanın geopolitik iradəsi və diqtə etdiyi şərtlər keçərlidir. Ona görə də, dünya nəhəngləri rəsmi Bakının geopolitik iradəsi ilə barışmaq məcburiyyətində qalıblar. İndi məhz Azərbaycanın mövqeyi ilə hesablaşırlar, rəsmi Bakı ilə anlaşmağa çalışırlar. Və bu, Azərbaycanın beynəlxalq imicini gücləndirən əsas strateji faktor sayıla bilər.

Maraqlıdır ki, son dövrlərdə rəsmi Bakı intensiv siyasi manevrlər etməyi bacardı. Kreml ilə anlayaraq, çox qəliz bir problemi həll etdi, Rusiya sülhməramlı qüvvələrini Azərbaycan ərazisindən çıxartdı. Buna qədər isə ermənipərəst Fransa Cənubi Qafqazda cərəyan edən geopolitik proseslərdən kənarlaşdırılmışdı. Eyni zamanda, ABŞ və Avropa Birliyinin Brüssel təxribatı boşa çıxarılmışdı. Və rəsmi Bakının sərt, prinsipial müqaviməti Qərbi Azərbaycanın maraqlarına həssas yanaşmaq məcburiyyətində buraxmışdı.
Təbii ki, Azərbaycanın bu önəmli siyasi-diplomatik zəfəri indi artıq regional proseslərin istiqamətlərinə və nəticələrinə də təsir göstərməyə başlayıb. Belə ki, rəsmi İrəvan daha ABŞ və Qərbin verdiyi vədlərə əvvəlki kimi o qədər də güvənmir. Hər halda, Paşinyan hakimiyyəti ABŞ və Qərbin Azərbaycana təsir və təzyiq mexanizmlərinin olmadığını dəqiqləşdirməyə imkan tapıb. Rəsmi İrəvan Qərbin Azərbaycana qarşı effektiv təsirə malik olmadığından artıq əmindir.

Ona görə də, Paşinyan hakimiyyəti indi Azərbaycanla mövcud problemləri rəsmi Bakı ilə birbaşa təmaslar sayəsində həll etməkdən başqa çıxış yolunun qalmadığı qənaətindədir. Üstəlik, indi rəsmi İrəvan mümkün qədər tələsmək məcburiyyətində də qalıb. Halbuki, son vaxtlara qədər Qərbə böyük ümidlər bəsləyən Ermənistan israrla sülh prosesindən yayınmaqla, zaman qazanmağa cəhd göstərirdi. Və bunun mümkün olmadığını, əksinə, indi sülh prosesindən yayınmağın qazanılmış deyil, itirilmiş zaman kateqoriyasına aid oldunğunu anlamağa başlayıb.

Maraqlıdır ki, Paşinyan hakimiyyəti Azərbaycanla sərhədlərin delimitasiya prosesini hazırda Ermənistanın təhlükəsizliyi üçün ən ciddi təminat hesab edir. Ona görə də, Azərbaycanın tələb etdiyi 8 kəndin dördünü artıq qaytarıb. Üstəlik, rəsmi İrəvan bu prosesin Ermənistan daxilində xaos yaratdığı bir şəraitdə belə, yeganə çıxış yolu olduğunu anlayır. Paşinyan hakimiyyəti daxili müqavimətə baxmayaraq, bu istiqamətdə davam etdirilməsində də maraqlıdır.

Onu da qeyd etmək lazımdır ki, baş nazir Nikol Paşinyan daxili təzyiqlər qarşısında geri çəkilmək niyyətində olmadığını da qətiyyən gizlətmir. Erməni baş nazir heç bir halda, istefa verməyəcəyini açıq şəkildə bəyan edir. Onun fikrincə, vaxtilə istefa verərək, yenidən baş nazir seçildiyi üçün indi bunu təkrarlamaq qeyri-ciddi qərar olardı. Baş nazir Nikol Paşinyan vurğulayıb ki, indi istefa deyil, məhz Ermənistanı xilas etmək barədə düşünmək vaxtıdır. Və Ermənistanın ətrafında yaranmış situasiyanın qəlizləşməsi belə bir təhlükəni daha da aktuallaşdırır.

Üstəlik, indi Ermənistan müəyyən mənada, seytnot vəziyyətinə düşmüş kimi də görünür. Belə ki, rəsmi İrəvan Bayden administrasiyasının hazırda Ermənistana verdiyi siyasi dəstəyin yalnız geopolitik maraqlardan deyil, həm də seçki hədəflərindən qaynaqlandığını nəzərə almaq məcburiyyətindədir. Çünki Bayden administrasiyasına ABŞ-dakı erməni diasporunun seçici səsləri lazımdır. Və seçkilərdən sonra ABŞ-ın Cənubi Qafqaz siyasətinə yenidən düzəlişlər edilə biləcəyi qətiyyən istisna deyil.

Xüsusilə də, Bayden administrasiyası məğlub olarsa, keçmiş prezident Donald Tramp seçkilərdə qalib gələrsə, noyabrın 5-dən sonra ABŞ Ermənistanı ümumiyyətlə, taleyin ümidinə buraxa bilər. ABŞ-ın tərk etdiyi Ermənistana digər Qərb siyasi dairələrinin, o cümlədən də, Avropa Birliyinin sahib çıxacağına ümid bəsləmək isə yumşaq desək, sadəlövhlük olardı. Və bu səbəbdən də, rəsmi İrəvan Azərbaycanla münasibətlərini normallaşdırılması sayəsində Ermənistanın Cənubi Qafqazdakı gələcək taleyini təmin etmək barədə düşünməlidir.

Maraqlıdır ki, Paşinyan hakimiyyətinin təmsilçiləri son vaxtlar yenidən yekun sülh sazişinin imzalanmasının vacibliyi barədə danışmağa başlayıblar. Ermənistan parlamentinin spikeri Alen Simonyan hətta sülh sazişi üzərində müzakirələrin pozitiv xarakter daşıdığını bildirib. Onun fikrincə, yaxın vaxtlarda yekun sülh sazişinin imzalanması tamamilə mümkündür. Erməni spiker hətta sülh sazişinin maddələri ilə bağlı Azərbaycan və Ermənistan arasında elə də ciddi fikir ayrılıqları mövcud deyil. Və bu, o deməkdir ki, rəsmi İrəvan hazırda yekun sülh sazişinin imzalanmasına can atır.

Digər tərəfdən, baş nazir Nikol Paşinyan yekun sülh sazişinin imzalana biləcəyi zaman barədə də artıq ehtimal irəli sürüb. Erməni baş nazir hesab edir ki, Ermənistan bu ilin noyabr ayına qədər Azərbaycanla sülh müqaviləsini imzalaya bilər. Düzdür, Paşinyan hakimiyyəti ötən il də təxminən oxşar ehtimallar irəli sürürdü. Sülh sazişinin ötən ilin dekabr ayında imzalanacağını bildirirdi. Və ötən il bu, siyasi manipulyasiya xarakterı daşımaqla, regionda hərbi toqquşmalardan yayınmaq, beləliklə də, zaman udmaq məqsədi güdürdü.

Ancaq bu dəfə rəsmi İrəvanın belə siyasi manipulyasiyalar şansına malik deyil. Çünki noyabr ayında Bayden administrasiyasının dəyişmə və keçmiş prezident Donald Trampın hakimiyyətə gəlmə ehtimalı olduqca ciddiləşib. Əgər, bu, baş verərsə, Ermənistan Azərbaycanla sülh masasında təkbaşına buraxılmış olacaq. Çünki 44 günlük savaş dövründə Tramp administrasiyası erməni faktoruna laqeyd olduğunu qətiyyən gizlətmirdi. Hətta erməni diasporunun təzyiq və tələbləri də ABŞ-ın Ermənistana dəstəyini təmin etmək üçün yetərli olmadı.

Məsələ ondadır ki, keçmiş prezident Donald Tramp israrlı tələblərdən sonra cəmisi bir dəfə Azərbaycan və Ermənistanı atəşkəsə çağırdı. Ancaq ABŞ-ın vasitəçiliyi ilə baş tutan atəşkəs anlaşması cəmisi bir neçə saat çəkdi. Tramp administrasiyası özünün vasitəçi olduğu atəşkəs anlaşmasın qısa müddətdə pozulmasına əhəmiyyət belə, vermədi. Və bu baxımdan, Paşinyan hakimiyyəti noyabr seçkilərindən sonra ABŞ-ın Ermənistanın arxasından çəkilə biləcəyini təxmin edir.

Təbii ki, bütün bunlar onu göstərir ki, Paşinyan hakimiyyətinin yekun sülh sazişinin imzalanması üçün tələsməyin üçün kifayət qədər ciddi səbəblər mövcuddur. Böyük ehtimalla Donald Tramp seçkilərdə qalib gələrsə, ABŞ Cənubi Qafqazda "erməni faktoru"nu öz siyasi hədəflərində istifadə alətləri sırasına daxil etməyə də bilər. Bu, öz növbəsində "erməni faktoru"nun ümumiyyətlə, beynəlxalq məkanda əhəmiyyətini itirərək, "dəfn" olunması təhlükəsini də ciddiləşdirir.

Belə anlaşılır ki, rəsmi İrəvan Azərbaycanla yekun sülh sazişinin imzalanması üçün hələlik aktual olan son şansından istifadə etmək məcburiyyətindədir. Əks halda, bir neçə aydan sonra Azərbaycan üçün yekun sülh sazişi ümumiyyətlə, real əhəmiyyətini itirə bilər. Bu halda isə Ermənistanın yekun sülh sazişinin imzalanması üçün Azərbaycanla müzakirə əvəzinə, sadəcə, yalvarmaq məcburiyyətində qala biləcəyi qətiyyən istisna deyil.(musavat.com)

Oxşar xəbərlər