Xanım Metsolanın və cənab Borrelin yürütdüyü siyasət və Azərbaycana olan münasibətləri qəbulolunmazdır

Xanım Metsolanın və cənab Borrelin yürütdüyü siyasət və Azərbaycana olan münasibətləri qəbulolunmazdır Azərbaycanın regionda formalaşdırdığı yeni siyasi reallıqlar bir sıra dairələr və ya şəxslərin, xüsusilə erməni lobbisi ilə bu və ya digər şəkildə əlaqəsi olan qüvvələr tərəfindən həzm edilmir. Halbuki, beynəlxalq status daşıyan bu təşkilatların təmsilçiləri ölkəmizin bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyinin təminatı, davamlı sülhün yaradılması istiqamətində atdığı addımları daha çox dəyərləndirməlidirlər. Bunun qarşılığında isə bəzi təşkilatların nümayəndələrinin “hədələyici” və ya reallıqdan kənar fikirlərinə “tuş gəlirik”.
Maraqlıdır ki, bu təşkilatların sırasında Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə vasitəçilik edən Aİ-nin bəzi strukturları da yer alır. Bunu Aİ rəsmisi Cozef Borellin, Avropa Parlamentinin sədri Roberta Metsolanın timsalında müşahidə edirik. Borrell Qarabağdan Ermənistana könüllü şəkildə köçən ermənilər üzərindən manipulyasiya həyata keçirməyə çalışırsa, Metsola bir neçə ay əvvəl ölkəmizə qarşı sanksiyaların tətbiqini tələb edirdi. Amma nəticə onu göstərir ki, bu kimi şəxslərin nə istədiyi əsas deyil - əsas olan Azərbaycanın beynəlxalq hüquqa əsaslanaraq apardığı milli maraqlara söykənən siyasət kursudur.
Prezident İlham Əliyev “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumundakı çıxışında bildirib ki, Avropa Parlamentinin sədri xanım Metsola bizim antiterror tədbirlərindən sonra bəyan etmişdi ki, Azərbaycanla qaz sahəsində olan münasibətlərə və qaz müqavilələrinə xitam verilməlidir: “Mən cənab Şarl Mişelə dedim ki, yəqin o, bu işlərin necə idarə olunduğunu bilmir. Çünki tərəflərdən biri müqaviləni ləğv edərsə, o, cərimə ödəməlidir. Birincisi, o, Avropa İttifaqının enerji siyasətinə cavabdeh olanlardan soruşmalıdır ki, Rusiyadan tədarükün kəsilməsinə görə keçən il Avropa İttifaqı Azərbaycandan Avropa üçün daha çox qazla kömək göstərməsini necə xahiş edib və biz buna necə cavab verdik? Təəssüf ki, belə insanlar var. Deyərdim ki, Avropada liderlər arasında cənab Borrel, xanım Metsola kimi populist insanlar var”.
Xatırladaq ki, 2022-ci il iyulun 18-də ölkəmizlə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Sənədə əsasən, Azərbaycan 2027-ci ilə qədər Avropa İttifaqı bazarına qaz təchizatını iki dəfə artırmağı planlaşdırır. Belə olan halda, xanım Metsolanın bu kimi populist çıxış əsasında nəyə nail olmaq istəməsi sual doğurur - axı Azərbaycan hazırda Avropanın enerji təminatının ən fəal iştirakçılarından biridir və ölkəmizə qarşı hər hansı bir “sanksiya” tələbi ilə çıxış edilməsi yersiz və beynəlxalq hüquqa ziddir.
Daha sonra Prezident İlham Əliyev adıçəkilən tədbirdə vurğulayıb ki, cənab Borrelin son bəyanatı tamamilə faydasızdır. Onun Qarabağı tərk etmiş 150 min erməni ilə bağlı açıqlaması yalandır: “Təəssüf edirəm ki, belə bir təcrübəli avropalı diplomat yalan danışır. Hətta ermənilərin özləri Qarabağı tərk edənlərin 150 min yox, 100 min olduğunu deyirdilər. Əgər cənab Borrel bir ay ərzində belə davam etsə, 200 min olacağını söyləyəcək. Bu, onun gördüyü yuxulardan asılı olacaq. Amma yenə də nəinki rəqəmlərlə olan bu manipulyasiya, heç bizim etmədiyimiz bir şeylə bağlı Azərbaycana qarşı ittihamlar da qətiyyən yolverilməzdir. Xüsusən də qəribədir ki, onun ölkəsi bizim Xarici İşlər Nazirliyinin də artıq elan etdiyi kimi, separatizmdən əziyyət çəkib. Bəs o, separatçıları necə müdafiə edə bilər?”.
Beləliklə, belə yalanların və ya reallığı əks etdirməyən fikirlərin, “təkliflərin” Avropanın özünü “demokratik təsisat” adlandıran təşkilatların rəhbər şəxsləri tərəfindən səsləndirilməsi təəssüf doğurur. Bu bir daha onu göstərir ki, həmin təşkilatların hər hansı hadisə və ya baş verənlərə münasibəti heç də demokratik və ya hüquqi müstəvidə deyil - tam əksinə, həmin şəxslər münasibət bildirərkən şəxsi korporativ maraqlarına və şəxsi mənafelərinə istinad edirlər. Bu isə təbii olaraq onların bütövlükdə fəaliyyətlərinin şübhə altına alınması üçün haqlı səbəblər yaradır.

Mehrinur Nağıyeva,
Şirvan-Salyan Regional Təhsil İdarəsinin Salyan rayonu üzrə
Təhsil İdarəsinin aparıcı məsləhətçisi



Oxşar xəbərlər