Paris İrəvanı Bakıya qarşı silahlandırırsa... - NƏ BAŞ VERİR?

Paris İrəvanı Bakıya qarşı silahlandırırsa... - NƏ BAŞ VERİR? Fransa Senatı "Sezar" artilleriya sistemlərinin Ermənistana tədarükü məsələsinin mümkün qədər tez öyrənilməsini tövsiyə edib. Bu barədə Senata istinadla erməni mediası yazıb. Fransa Senatının məlumatına görə, Ermənistan bu yaxınlarda “Thales”dən üç GM-200 radarının alınmasına dair saziş imzalayıb və "Mistral" 3 zenit-raket komplekslərinin tədarükü ilə bağlı müzakirələr gedir. Senat həmçinin qeyd edib ki, Fransanın “Arquus” şirkətinin istehsalı olan “Bastion” tipli 24 zirehli maşın artıq Ermənistana gətirilib, daha 26 ədəd “Bastion” da göndəriləcək: “Fransa hakimiyyəti Ermənistana müdafiə silahlarının verilməsi təşəbbüsü ilə çıxış edib. Müdafiə və hücum silahları arasındakı fərq, əslində, Ukraynadakı müharibənin göstərdiyi kimi o qədər də praktik deyil. Gəlin eyni səhvləri təkrar etməyək və əvvəldən lazım olan avadanlıqların çatdırılmasını gecikdirməyək. Buna görə də biz Ermənistan hakimiyyətinin bütün müraciətlərinə, xüsusən də, onların artilleriyaya ehtiyacı ilə bağlı dərhal cavab verməliyik”.

Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a açıqlamasında deyib ki, bu, Parisin İrəvana hücum silahlarını göndərmək hazırlığından xəbər verir. Ekspert xatırladıb ki, Fransa Ermənistanı “Azərbaycan hücum edəcək” iddiası ilə silahlandırmağa başladı və göndərilən silahların “müdafiə xarakteri” daşıdığını, “heç bir ölkəyə qarşı yönəlmədiyini” bəyan etdi:
"“Bastion” hərbi maşınların, GM-200 radar sistemləri və "Mistral" zenit-raket komplekslərinin tədarükü “müdafiə” adı altında həyata keçirildi. Hərçənd bunun başlanğıc olduğu və ardınca hücum silahlarının göndəriləcəyi gözləntisi var idi. Çünki Bakının Qarabağda erməni separatizmini ləğv etməsi və Zəngəzur dəhlizinə marağının qalmadığını bildirməsi, eləcə də, sülh danışıqları fonunda “Azərbaycanın Ermənistana hücum edəcəyinin” məntiqi izahı yoxdur. Bu iddiaların hədəfi bəllidir. Məqsəd Ermənistanı silahlandırmaq üçün əsasın yaradılması və Azərbaycana qarşı mümkün təxribat ssenarisində öncədən “alibi” yaratmaq cəhdidir. Fransanın Ermənistana “Sezar” tanklarını göndərməsinin gündəmə gəlməsi bu kontekstdə diqqətəlayiqdir. Parisə Ermənistanda Rusiyanın yerini tutmaq üçün yeni eskalasiya lazım olacağı istisna deyil. Bu esakalsiyanın yeganə platforması Azərbaycanla sərhəddir".

Politoloq Elxan Şahinoğlu isə yeni zirehli texnika və zenit-raket komplekslərinin Ermənistana hansı yolla çatdırılacağından söz açıb:
"Görəsən, Tbilisi bu dəfə də həmin hərbi texnikanın Gürcüstan ərazisindən Ermənistana çatdırılmasına şərait yaradacaq? Gürcü rəsmilər bununla bağlı açıqlamalarında beynəlxalq hüquqa zidd addım atmadıqlarına işarə ediblər. Orası elədir, ancaq ortada Azərbaycanla strateji tərəfdaşlıq var. Gürcüstanda bilməlidirlər ki, Fransanın hərbi texnikasının növbəti partiyası da Gürcüstan limanları və nəqliyyat yolları vasitəsilə Ermənistana çatdırılsa, bu, Azərbaycan cəmiyyətində tərəfdaşlıqla bağlı haqlı suallar yaradacaq. Aydındır ki, Fransa Gürcüstana təzyiq edir, ancaq Tbilisinin Azərbaycanla strateji tərəfdaşlığa uyğun fərqli seçim imkanı da var. Gürcüstanı enerji və kreditlərlə təmin edən Azərbaycandır. Gürcüstan müdafiə naziri bugünlərdə Bakıda idi, azərbaycanlı və türkiyəli həmkarıyla üçtərəfli müzakirələr apardı. Yəqin bu görüş və müzakirələrdə gürcü nazirə mövcud reallıqlar izah edilib".

Oxşar xəbərlər