“Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) “çay üstündə qala” deməkdir. Kevli “çayın üstü”, çer/car “qala” mənasını verir.Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Buna görə də mütəxəssislər toponimi kevil/kəvl və qədim türk dillərindəki cər (qaya, yarğan) komponentləri ilə əlaqələndirirlər. Kəlbəcərdəki oronomik toponimlərin hamısı türk mənşəlidir. Bir sıra qədim türk tayfalarının adı bu gün də bu toponimlərdə yaşayır. Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir.
Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb.
Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb. Kəlbəcərdə “Türk qəbristanlığı” adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Alıbəyli, Kəlbəcər, Zar və b. kəndlərin ərazisindədir. Qəbirstanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir.Kəlbəcərdə Zar açıq düşərgəsində aparılan arxeoloji tədqiqatlarda sübut olunub ki, ibtidai insan sürü icmasının ilk əmək alətləri (daşdan) meydana gəlib. Azərbaycanın müstəqillik əldə etməsindən sonra 1991-ci ildə Kəlbəcər rayonu, mərkəzi Kəlbəcər şəhərində olmaqla, özünün inzibati-ərazi statusunu qoruyub saxladı. Kəlbəcər rayonu coğrafi mövqeyinə görə keçilməz bir ərazidir, çünki rayon ərazisi hər tərəfdən dağlarla əhatə olunub. 1993-cü il 2 aprel tarixində Ermənistan silahlı birləşmələri tərəfindən rayonun işğal olunması digər rayonlarımızın itirilməsi üçün sanki bir açar rolunu oynadı. Məhz bundan sonra digər rayonları işğal edə bilmək üçün Ermənistanın imkanları daha da artmış oldu. Kəlbəcər rayonunun işğal altına düşməsi böyük faciə idi. Hər bir rayonun işğal altına düşməsi böyük faciə idi. 1992-ci ilin may ayında Şuşa və Laçın rayonlarının işğal altına düşməsindən sonra Kəlbəcərin də işğal altına düşməsi Ermənistanla keçmiş Dağlıq Qarabağ arasında coğrafi əlaqə yaratdı. Kəlbəcər işğal edildikdən sonra BMT Təhlükəsizlik Şurası bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələbi ilə 822 saylı Qətnamə qəbul etmişdi. Lakin Ermənisrtan həmin qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə məlum qətnamənin icra edilməsində maraqlı olmadılar. Birləşmiş Millətlər Təşkilatının münaqişə ilə əlaqəli bu və digər qətnamələri sadəcə kağız üzərində qaldı.
27 sentyabr 2020-ci il tarixdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əks hücum əməliyyatlarına başlayan rəşadətli Azərbaycan Ordusu cəmi 44 gün ərzində düşmənin belini qırdı. Azərbaycan Ordusu qarşısında diz çökən Ermənistan təslim olmaq haqqında kapitulyasiya aktı imzalamaq məcburiyyətində qaldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında möhtəşəm Zəfər qazanaraq tarixi ədaləti bərpa edən ordumuz Azərbaycanın diplomatik müstəvidə də qalib olmasına zəmin hazırladı. Cənab Prezident İlham Əliyevin xalqımızın və dövlətimizin milli maraqlarına xidmət edən düşünülmüş siyasəti və qətiyyətli mövqeyi nəticəsində düşmən öz silahlı birləşmələrini 3 rayonumuzdan geri çəkməli oldu ki, həmin rayonlardan biri də Kəlbəcər rayonudur. Vətən müharibəsinin ilk günlərində ordumuz Kəlbəcərin şimal hissəsini işğlçılardan azad etmiş, strateji yüksəkliklərin götürülməsi ilə ermənilərin istifadə etdikləri nəqliyyat-kommunikasiya infrastrukturuna nəzarəti ələ almışdı. Ümumilikdə isə Kəlbəcər rayonunun hərbi əməliyyatlarsız boşaldılması əslində Azərbaycan dövləti üçün həm hərbi, həm də diplomatik bir uğurdur ki, bu da daha böyük mahiyyət kəsb edən qələbədir. Çünki ordumuz heç bir itki vermədən Kəlbəcər işağldan azad edildi. Üzü soyuq qışa doğru Kəlbəcər kimi keçilməz və təbii istehkamlarla zəngin olan bir ərazidə hərbi əməliyyatların keçirilməsi heç də asan başa gəlməyəcəkdi. Lakin Azərbaycan Ordusunun gücü, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi və diplomatik məharəti ölkəmizin hərtərəfli qələbəsini təmin etdi. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sərəncamla Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədi daşıyır ki, həmin tarixlərdən biri də 25 Noyabr tarixidir ki,məhz bu gün Kəlbəcər şəhər günüdür.
Maştağa qəsəbəsi, 28 №-li tam orta məktəbin
Tarix müəllimi Həsən Xələfov