Rusiya imkan verməyəcək: Bakının başqa yolu yoxdur - NƏ ETMƏLİ?

Rusiya imkan verməyəcək: Bakının başqa yolu yoxdur - NƏ ETMƏLİ? Ermənistan Azərbaycanla sülh danışıqlarına gedirmiş kimi davransa da, belə deyil. Bu işlərin arxasında Rusiya faktoru dayanıb. Ermənistanın nəinki ordusu, bir çox qurumları və tamamı Rusiyadan birbaşa asılıdır.

Bu sözləri Axar.az-a hərbi ekspert Alparslan İmamqulu erməni separatçıların təxribat xarakterli hərəkətlərindən danışarkən deyib.

Ekspertin sözlərinə görə, proseslərin Azərbaycanın lehinə həll olunmasında Rusiya əngəl yaradan əsas qüvvə olaraq qalır:

“Rusiya Cənubi Qafqazda varlığını sürdürmək üçün Azərbaycan ərazilərində olmaq istəyir. 2025-ci ildə buradan getmək istəmələri inandırıcı görünmür. Burada olmaq istədiyi üçün də təxribatlara zəminlər hazırlayır. Erməni ailələrə Rusiya pasportunun verilməsi, terrorçu qüvvələrin silahlandırılması, təlimlər keçilməsinə göz yumulması və ya dəstək verməsi açıq-aşkardır”.

O bildirib ki, Bakının reinteqrasiya prosesinə imkan verməyən terrorçu qrupları tez bir zamanda zərəsizləşdirməkdən başqa yolu qalmayıb:

“Azərbaycan üçün önəmli məsələ ərazi bütövlüyü və təhlükəsizliyidir. Ərazi bötüvlüyü bizim şərti sərhədimizdən başlayır. Bu məsələləri həll etmədən öncə Xankəndi və Xocalı kimi ərazilərimizdə təmizlik işlərinin getməsi qaçılmazdır. Burada müqayisə olaraq Türkiyənin 90-cı illərini xatırlatmaq istəyərdim. PKK Türkiyənin cənub-şərq ərazilərində əhalini sıxışdırıb, əllərində olan imkanlardan faydalanır, azyaşlı uşaqları terrorçu qrupun sıralarına cəlb edirdi. Eyni vəziyyət bu gün Azərbaycan ərazisi olan Qarabağda yaşanır. Haqqında bəhs olunan minlərlə terrorçunu bu gün Ermənistan özü də qəbul edə bilməz. Çünki geriyə döndükləri zaman Ermənistanda siyasi gərginlik yarada, hətta hərbi cevriliş edə bilərlər. Rusiyanın dəstəyi ilə bu terrorçular boş durmur. Azərbaycan vətəndaşlığını qəbul etməyə hazır olan mülki erməni əhalini zorla bu prosesə cəlb edirlər. Azyaşlılara hərbi təlimlər keçirlər. Bu gün bunu dünyaya göstərməliyik. Prosesin bu istiqamətdə davam etməməsi üçün ilk atacağımız addım sayı 10 minə yaxın olan terrorçu qüvvələri zərərsizləşdirməkdir. Atılacaq ən önəmli addımlardan biri istiqamət komandanlığının yaradılmasıdır. O ərazilərdə Müdafiə Nazirliyi, DSX, DTX, DİN fəaliyyət göstərir və hər birinin öz cavabdehlik sahəsi var. Lakin hər hansı terrorçu qüvvə orada risk faktoru yaratdıqda, bu qurumlar arasında müəyyən koordinasiya məsələsi gündəmə gəlir. Bu, bir xeyli zaman alır və sürət mexanizi zəif çalışa bilər. Bu baş verməsin deyə, adıçəkilən qurumlardan say-seçmə xüsusi təyinatlı bölmələr yaradılaraq vahid komandanlıq altında birləşməlidir. Eyni zamanda, yumşaq güc alətləri dediyimiz “Azərsu”, “Azərqaz”, “Azərişıq”, ASAN Xidmət kimi qurumların da operativ mərkəz olaraq bir araya gətirilməsi və koordinasiyalı çalışması vacibdir. Beləliklə, bölgənin daha təfərrüatlı incələnməsi üçün kritik zərurətlərimizi, kritik həssasiyyət və qabiliyyətimizi araşdırmalı, buna baxmalıyıq. Bundan sonra artıq “skelet mərkəz” dediyimiz minlərlə terroçu qüvvəni ən qısa zamanda tərk-silah edə bilərik. Onları bölgədən təmizlədikdən sonra mülki əhali üzərində çalışmalarımızı həyata keçirməliyik. İlk növbədə vətəndaşlıqla bağlı şərtlər qoyulmalıdır. Bununla reintaqrasiya prosesinə başlaya bilərik”.

Oxşar xəbərlər