1992-ci ilin mayında Azərbaycan Respublikasının ərazisində erməni qüvvələri tərəfindən Qarabağın qondarma "Dağlıq Qarabağ Respublikası” ilə Ermənistan Respublikası arasında açılan dəhliz olub.
Bu iki ərazi arasında yeganə yol olmaqla, o, çox vaxt Dağlıq Qarabağ sakinləri üçün “həyat xətti” kimi təsvir edilmişdir. 1994-cü ildə Qarabağ müharibəsinin atəşkəs razılaşmasından sonra qondarma Dağlıq Qarabağ Respublikası nəzarəti altında idi. Lakin rəsmi olaraq Azərbaycan Respublikasının Laçın rayonunun bir hissəsidir. Dəhliz de-yure Azərbaycanın Laçın rayonundadır, lakin 2020-ci il Dağlıq Qarabağ barışıq sazişindən sonra Rusiyanın sülhməramlı qüvvələrinin nəzarəti altındadır. Dəhlizin ərazisinə 2022-ci ilə qədər Zabux, Sus kəndləri və Laçın şəhərinin özü daxil idi.
2023-cü il aprelin 23-də Azərbaycan rəsmiləri dəhlizdə nəzarət-buraxılış məntəqəsi yaradıb və bunun “insan qüvvəsinin, silahların, minaların qeyri-qanuni daşınmasının qarşısını almaq üçün” nəzərdə tutulduğunu bəyan edib.
Aprelin 23-də Laçın-Xankəndi yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin yaradılması Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli və ardıcıl siyasətinin nəticəsidir.
Xatırlatmaq yerinə düşər ki, 44 günlük müharibənin yekununda 2020-ci il 10 noyabr üçtərəfli bəyanatın imzalanması ərəfəsində Azərbaycan, Rusiya və Ermənistan arasında aparılan danışıqlar zamanı Ermənistan başqa iddialarla çıxış edirdi. İrəvan Laçın dəhlizinin 20 km enində və Ermənistanın nəzarətində olmasını təkidlə istəyirdi. Lakin Ermənistanın bu yersiz tələbi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə rədd edildi. Dövlət başçısı sərt və barışmaz mövqe ortaya qoyaraq, Laçın dəhlizinin 5 km müəyyən edilməsi, 3 il müddətində yeni yolun istifadəyə verilməsi və Laçın rayon mərkəzinin Azərbaycana qaytarılması ilə bağlı prinsipial müddəaların üçtərəfli bəyanatda əksini tapmasına nail oldu.
Kapitulyasiya aktına imza atmış Ermənistanın isə sonrakı addımlarında çirkin niyyətlərindən əl çəkmədiyinə diqqət çəkmək lazım gəlir. Belə ki, Azərbaycan yeni yolun inşasını il yarıma başa çatdırıb, istismara hazır vəziyyətə gətirsə də, Ermənistan öz ərazisinə düşən 7 km-lik yolun çəkilməsini süni şəkildə ləngidir, hətta 2022-ci ilin avqustunda bununla bağlı təxribatlar törədirdi. Lakin bütün çirkin niyyətlərin və təxribatların qarşısı ağıllı, düşünülmüş və ardıcıl tədbirlərlə alındı, İrəvanın Laçın rayon mərkəzinin Azərbaycanın nəzarətinə keçməsinin qarşısını almaq cəhdləri iflasa uğradı. Laçının mərkəzi 2022-ci ilin sentyabrında qansız və heç bir qurban olmadan Azərbaycanın tam nəzarətinə keçdi. Prezident İlham Əliyev sentyabrın 21-də Laçına səfər etdi və şəhərin mərkəzində Azərbaycan bayrağını ucaltdı.
Təəssüf ki, hadisələrin sonrakı inkişafında biz yenə də Ermənistanın təxribat və diversiyalarının şahidi oluruq. Müharibədə aldığı sarsıdıcı zərbələrə baxmayaraq, sonrakı mərhələdə ermənilər Laçın yolu ilə Qarabağa silah-sursat daşınmasını, Qarabağda hərbi kontingent formalaşdırmağa cəhd göstərməsini davam etdirirdilər.
Azərbaycan Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsini yaratmaqla təkcə ermənilərin növbəti təxribatlarının qarşısını almadı, həm də öz ərazi bütövlüyünü tam bərpa etdiyini hamıya göstərdi, bunu bir daha təsdiqlədi. Azərbaycan öz suveren ərazisində nəzarət-buraxılış məntəqəsi yaratdı, dövlət sərhədində bayrağını ucaltdı. Bununla, Prezident İlham Əliyevin “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm!” sözləri bir daha öz təsdiqini tapdı. Bu, Azərbaycan Prezidentinin ardıcıl şəkildə, qətiyyətlə həyata keçirdiyi siyasətin nəticəsi və növbəti təntənəsidir.
Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin
coğrafiya müəllimi Ceyhun Sadizadə