Bu günlərdə Azərbaycan tarixində önəmli hadisələrdən biri yaşandı. Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub – şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağının işlənməsinin İlkin Hasilat Sxemi mərhələsi üzrə hasilıata başlanıldı.
Məlumat üçün bildirirəm ki, “Abşeron” yatağı ötən əsrin 60-cı illərində Azərbaycan geoloqları tərəfindən kəşf edilib. O zaman mövcud texnika və texnologiyalar Xəzər dənizinin dərinliklərində qazma işlərinə imkan vermədiyindən yatağın istismarı mümkün olmayıb. 1997-ci ildə “Abşeron” yatağı üzrə hasilatın pay bölgüsünə dair birinci beynəlxalq müqavilə imzalandı. Layihə çərçivəsində görülən işlər uğursuz nəticələndiyindən 2005-ci ildə müqaviləyə xitam verildi.
2020-ci ilin sentyabr ayında Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimi keçirildi.
“Abşeron” qaz-kondensat yatağı Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən nəhəng yataqlardan biridir. Yataq Azəri – Çıraq – Günəşli neft – qaz yatağından cənub qərbdə dənizin 500 metr dərinliyində yerləşir. Yatağın sahəsi 260 kvadrat kilometr təşkil edir. “Abşeron” yatağının ehtiyatları 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat həcmində qiymətləndirilir.
“Abşeron” yatağından ilk qazın əldə edilməsi Azərbaycan üçün son dərəcə əhəmiyyətli bir hadisədir. “Abşeron” yatağının ilkin işlənmə mərhələsi çərçivəsində çıxarılacaq qaz bütünlüklə Azərbaycan bazarına daxil olacaq. Bu da ildə 1,5 milyard kubmetr “mavi yanacaq” deməkdir.
Hamıya məlumdur ki, iyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirilib. Dövlət başçısı müşavirədə “Abşeron” qaz-kondensat yatağından ilkin qazın çıxarılmasının əhəmiyyəti barədə danışıb. Dövlət başçısı deyib ki, bu, doğrudan da çox əhəmiyyətli hadisədir. Çünki bu günə qədər bizim ixracla bağlı əsas qaz resursumuz “Şahdəniz” qaz-kondensat yatağı idi.
Bu gün bizim artıq iki böyük qaz-kondensat yatağımız var. “Abşeron” qaz yatağı ilə bağlı bizim ümidlərimiz böyük idi. Bilirdik ki, “Abşeron” qaz-kondensat yatağı böyük ehtiyatları özündə ehtiva edir. Bir neçə gün bundan əvvəl mənə məlumat verildi ki, ilkin qaz hasil edildi, debitlər də çox yaxşıdır. Hətta bir quyudan “Şahdəniz” qaz yatağından da daha çox qaz və kondensat hasil edilir. Əlbəttə, “Şahdəniz” qaz yatağından “Abşeron” yatağı ehtiyat nöqteyi-nəzərindən daha kiçikdir, ilkin hesablamalara görə təqribən üç milyard kubmetrdir. Amma mən tam əminəm ki, daha çox olacaq. İndidən demək, əlbəttə ki, düzgün deyil. Ona görə bu, bizim həm enerji təhlükəsizliyimizi daha yüksək səviyyədə təmin edəcək, həm də ixraca gedən qazın həcmi ildən-ilə artacaq - təkcə “Şahdəniz” yatağı hesabına deyil, o cümlədən “Abşeron” yatağı hesabına.
Pirşağı qəsəbəsi, 112 saylı tam orta məktəbin
Tarix müəllimi Şahnaz Quliyeva