“ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır

“ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 18-də Salyan şəhərinə səfəri zamanı Azərbaycan Televiziyasına müsahibə verib. Ölkə başçısı müsahibədə aktual məsələlər barədə fikirlərini bildirib.
2004-cü ildən başlayaraq Azərbaycanda həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları barədə danışarkən o deyib ki, hazırda 4-cü proqram icra edilir. Bu proqramların icrası nəticəsində bölgələrdə çox böyük genişmiqyaslı quruculuq işləri aparılmışdır. Bu işlər davam etdirilir.
Salyanda açılan “ASAN xidmət” barədə söz açan ölkə başçısı deyib ki, bu mərkəz, sayca 25-ci mərkəzdir. “ASAN xidmət” sistemi bu gün dünyada artıq Azərbaycan brendi kimi tanınır. “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır və bəyənmə əmsalı 99,8 faizdir. Artıq ASAN modelini bir neçə ölkə tətbiq edir. Son 10 il ərzində 61 milyon müraciət olmuşdur. Bu xidmətin yaradılması faktiki olaraq ictimai xidmətlər sahəsində bir inqilab idi, bir dönüş nöqtəsi idi və hazırda 300-dən çox xidmət göstərilir. “ASAN xidmət” Azərbaycanın intellektual məhsulunun bir nümunəsidir.
Ölkəmizdə bərpa və quruculuq işlərinin plan üzrə getdiyini söyləyən Azərbaycan Prezidenti Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi məsələsini əsas prioritetdir adlandırıb.
Prezident İlham Əliyev bəyan edib ki, keçmiş köçkünlər bu ilin yay aylarında Laçın şəhərinə qayıdacaqlar. Son planlara görə, ancaq fərdi evlərin sayı 570 olacaq. 140-dan çox mənzil hazır olacaqdır. Beləliklə, 700-dən çox ailə bu ilin yay aylarında Laçın şəhərində yerləşdiriləcəkdir.
Sonra dövlət başçımız Ermənistanda revanşist qüvvələrin yenə baş qaldırdığını deyib. Bildirib ki, istənilən vəziyyətə hazır olmalıyıq və elə bir ordu yaratmalıyıq ki, dünya miqyasında nümunəvi olsun və ən güclü ordulardan biri olsun. Bu gün də Azərbaycan Ordusu güclüdür. Biz gücümüzü döyüş meydanında göstərmişik. Biz döyüş meydanında həm Azərbaycan xalqının gücünü, iradəsini, əyilməz ruhunu göstərdik, eyni zamanda, hərbçilərimizin peşəkarlığını və hərbi potensialımızı göstərdik.
Ali Baş Komandan bildirib ki, Azərbaycan tərəfindən danışıqlarla bağlı irəli sürülmüş təşəbbüslər bu gün əsas amildir. Çünki işğala, erməni vəhşiliyinə, barbarlığına baxmayaraq, məhz Azərbaycan təklif etmişdir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansın və məhz Azərbaycan məlum beş prinsipi ortaya qoymuşdur. Bu prinsiplər beynəlxalq hüququn norma və prinsiplərinin təməl prinsipləridir.


Kürdəxanı qəsəbəsi, 113 nömrəli tam orta məktəbin
direktoru Gültəkin Rüstəmova

Oxşar xəbərlər