Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir və bu rayonun çox böyük potensialı vardır. 28 illik işğal dövründə rayonun bütün infrastrukturu Ermənistan tərəfindən məhv edilib, Laçın rayonunda olan meşə fondunun böyük hissəsi ermənilər tərəfindən məhv edilib, kəsilib, talanıb, satılıb. İşğal dövründə ermənilər Laçında qanunsuz məskunlaşma siyasəti apararaq xaricdə yaşamış erməniləri həm Laçın şəhərinə, həm də bir neçə kənddə məskunlaşdırıblar. Bu da öz növbəsində bütün beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır”. Bu fikirləri Azərbaycan Prezidenti cənab İlham Əliyev martın 28-də Məsim Məmmədovla olan görüşündə səsləndirib. Rayon Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonu ilə, qərbdən isə Ermənistanla həmsərhəddir. Laçın ərazisində toxuculuq sənəti də inkişaf etmişdi. Burada yundan toxunan at çulu, palaz, kilim, xalça, zili, xurcun, fərməş xüsusi gözəlliyilə seçilib. Təsadüfi deyil ki, dünyada "Qasımuşağı" adı ilə tanınan xalçanın yaranması məhz bu bölgənin adıyla bağlıdır.
Rayonda ümumi ehtiyatları 1124 ton olan 3 civə (Narzanlı, Çilgəzçay, Sarıbulaq), ehtiyatları 4457 min ton olan və əhəng istehsalına yararlı Laçın əhəngdaşı, ehtiyatları 2533 min m3 olan və istismara cəlb edilən üzlük daşı istehsalına yararlı Qoçaz mərmərləşmiş əhəngdaşı, ümumi ehtiyatları 5125 min m3 olan və mişar daşı istehsalına yararlı 2 tuf (Ağoğlan, Əhmədli), ehtiyatları 998 min m3 olan və kərpic-kirəmid istehsalına yararlı Novruzlu gil, ehtiyatları 2144 min m3 olan Quşçu pemza, ehtiyatları 15794 min m3 olan Yuxarı Həkəriçay qum-çınqıl qarışığı, ehtiyatları 10 ton əqiq və 0,9 ton jad olan 2 əlvan bəzək daşı, ümumi ehtiyatları 10449 min ton olan 3 vulkan külü, istismar ehtiyatları 430 min m3/gün olan Minkənd mineral su yataqları vardır.
Bütün bu sərvətlərin qorunması üçün Laçın rayonunda Qaragöl Dövlət Təbiət Qoruğu və Dövlət Təbiət Yasaqlıqları yaradılmışdı. İşğaldan öncə ümumi sahəsi 240 hektar olan qoruqda 68 növdən və 27 ailədən ibarət bitki örtüyü vardı. Ermənistan tərəfindən Azərbaycana qarşı silahlı təcavüz və ərazilərinin 20 faizinin işğalı, eyni zamanda, ətraf mühit üçün ciddi fəsadlara səbəb olmuşdur. Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə meşələrin qırılması, qəsdən yanğınların törədilməsi, flora və fauna növlərinin məhv edilməsi, çayların və çay qollarının çirkləndirilməsi, münbit torpaqların məhv edilməsi, təbii sərvətlərin qanunsuz istismarı Azərbaycanda ətraf mühitə uzunmüddətli və bərpa olunmayan ziyan vurmuşdur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”-i aşağıdakı faktları aşkarlamışdır:
“Picənis və Hacışamlı meşəliklərindən qırmızı palıd qırılaraq, konyak istehsalında istifadə olunan çəlləklərin hazırlanması üçün Fransaya, külli miqdarda təbii halda bitən iri gövdəli qoz ağacları isə kütləvi qırılaraq mebel istehsalında istifadə məqsədi ilə İrana və Avropa ölkələrinə satılıb”.
“Hacılar və Sadınlar kəndlərinin ərazisində olan 65 hektar meşə sahəsi tamamilə qırılmışdır”.
Ölkə başçısının rəhbərliyi ilə bu gün Laçın rayonunda genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Laçında beynəlxalq hava limanı inşa edilir, Kəlbəcər-Laçın yolunun yenidən qurulması aparılır, Göygöl rayonundan Şərqi Zəngəzura yol çəkilir, Qubadlı-Laçın yolu da sürətlə inşa edilir. Laçın şəhərində Heydər Əliyev Fondunun xətti ilə məscid inşa ediləcəkdir.
Zabrat qəsəbəsi, 71 saylı tam orta məktəbin
ibtidai sinif müəllimi Əsmayə İsmayılova