Ermənistana verilmiş vaxt tükənir: Əliyev Paşinyana niyə son şans tanıdı

Ermənistana verilmiş vaxt tükənir: Əliyev Paşinyana niyə son şans tanıdı Rusiya və Fransanın pozucu fəaliyyəti Ermənistanı sülh sazişini imzalayıb, dinc inkişaf dövrünə keçmək şansından uzaqlaşdırır... Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın son imkandan yararlanması üçün maksimum səviyyədə səbrli davrandığı da qətiyyən diqqətdən yayınmır...

Cənubi Qafqazda geopolitik proseslərin sürətləndiyi müşahidə olunmağa başlayıb. Bu regionda strateji maraqları olan dövlətlərin və beynəlxalq qurumların təmsilçiləri bir-birinin ardınca Cənubi Qafqaza səfərlər edirlər. Müxtəlif açıqlamalarla həm ölkələrinin maraqlarını ifadə edirlər, həm də regional proseslərə təsir göstərməyə çalışırlar.

Hazırda Cənubi Qafqazda strateji maraqları olan beynəlxalq güclər arasında cəbhələşmənin yaranmaqda olduğu da nəzərə çarpır. Belə ki, Rusiya, Fransa və Almaniya birmənalı şəkildə regional hərbi-siyasi gərginliyin qalmasına çalışır. Bu düşərgə sülh prosesinin pozulması üçün bütün mümkün vasitələrdən yararlanmağa can atır.
Kreml Rusiyanın Cənubi Qafqazda onilliklər boyu sabit qalmaqda olan mövqelərinin sarsılmasından ciddi şəkildə narahatdır. Rusiya siyasi dairələri Cənubi Qafqazın birdəfəlik itirə biləcəyini ciddiyə alırlar və bundan qorxurlar. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda səfərdə olarkən, hətta Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış məntəqələri quraşdırmaq niyyətinə qarşı çıxmaqdan özünü saxlaya bilmədi.

Ermənistana verilmiş vaxt tükənir: Əliyev Paşinyana niyə son şans tanıdı


Ardıncasa, Azərbaycanın Xankəndi və ətraf bölgəsində Rusiya sülhməramlı qüvvələrinin də bulaşdığı erməni təxribatları törədilməyə başladı. Ona görə də, son günlər həm Ermənistanın, həm də Xankəndi və ətraf bölgədə olan erməni separatçı-terrorçuların Azərbaycan ordusunun mövqelərini atəşə tutması intensivləşib. Azərbaycan Müdafiə Nazirliyi bu barədə silahlı təxribatların müəlliflərinə sərt xəbərdarlıq edib.

Digər tərəfdən, Azərbaycanın Müdafiə Nazirliyi ilə yanaşı, Xarici İşlər Nazirliyi də mövcud situasiyanın aradan qaldırılması üçün Laçın yolunda nəzarət-buraxılış məntəqələrinin qurulmasının qaçılmaz olduğunu vurğulayır. Eyni zamanda, xəbərdarlıq edilir ki, Ermənistandan Azərbaycan ərazilərinə silah-sursat və hərbi qüvvə daşınmasına dərhal son verilməzsə, rəsmi Bakı ölkənin suveren hüquqlarını qorumaq üçün ən sərt addımlar atmaqdan çəkinməyəcək. Və bu, açıq deyilməsə də, dolayısı ilə erməni təxribatlarının əsas ssenari müəalliflərindən biri olan Rusiyaya da aiddir.

Maraqlıdır ki, Azərbaycan Prezidenti İlham Əliyev də bütün bu baş verənlərə diplomatik şəkildə münasibət bildirib. Azərbaycan lideri vurğulayıb ki, Ermənistan müstəqil dövlət olmaq, öz gələcəyini qurmaq şansını əldən verərək, bir ölkənin müstəmləkəsinə çevrilməyi üstün tutub. Və dövlət başçısının bu fikri Ermənistanın son 30 ildə yürütdüyü xarici siyasəti tam dəqiqliyi ilə ifadə edir.

Aydındır ki, burada Ermənistanı müstəmləkəyə çevirmiş ölkə ilk növbədə Rusiya hesab oluna bilər. Halbuki, indi rəsmi İrəvan Rusiyadan uzaqlaşıb, bəzi Qərb ölkələrinin də müstəmləkəsinə çevrilməyə can atır. Ona görə də, rəsmi İrəvanın davranışlarında çox şeyin dəyişdiyini iddia etmək qətiyyən mümkün deyil.

Ermənistana verilmiş vaxt tükənir: Əliyev Paşinyana niyə son şans tanıdı


Təbii ki, indiki situasiyada Paşinyan hakimiyyətinin Ermənistanın gələcəyi baxımından, strateji seçim variantları o qədər də çox deyil. Belə ki, əgər, rəsmi İrəvan Ermənistanı müstəmləkə durumundan xilas edib, inkişaf istiqamətinə yönəltmək niyyətindədirsə, onda ilk növbədə Azərbaycanla sülh sazişi imzalamağa nail olmalıdır. Əks halda, Ermənistanın müstəmləkə dövrü davam edəcək, hətta növbəti mərhələdə dövlətçiliyin ümumiyyətlə, itirilməsi qaçılmaz olacaq.

Ona görə də, indi əsas müəmmalı suallardan biri də rəsmi İrəvanın Rusiyadan “qaçıb”, sığınmağa çalışdığı Qərb ölkələri Ermənsitana müstəqil ölkə olmaq şansından istifadə etməsi üçün yardım göstərərib-göstərməyəcəkləri ilə bağlıdır. Əgər, Qərb ölkələri mövcud situasiyanın ciddiliyini, təhlükəli olduğunu Paşinyan hakimiyyətinə anlada, sülh sazişinin imzalanmasının yeganə çıxış yolu olduğunu başa sala bilsələr, Ermənistan bu şansdan yararlana bilər. Qonşu ölkələrlə normal münasibətlər qurub, inkişaf imkanları qazanar. Əks halda, Ermənistanı yeni savaş və dağıntılar gözləyir.

Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın Bakıda verdiyi açıqlama da əslində, Ermənistan üçün önəmli məqamları dəqiqləşdirmək imkanları açır. Avropalı diplomat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselin vasitəçiliyi ilə sülh prosesini yüksək dəyərləndirməsi Cənubi Qafqaz üçün böyük əhəmiyyət daşıyır. Yaxın gələcəkdə sülh sazişinin imzalana biləcəyinə ümidləri artırır: “Çünki Ermənistan baş naziri Nikol Paşinyanın da sülh prosesi ilə bağlı hüquqi öhdəlikləri mövcuddur”.

Ermənistana verilmiş vaxt tükənir: Əliyev Paşinyana niyə son şans tanıdı


Göründüyü kimi, rəsmi İrəvan beynəlxalq imformasiya məkanında nə qədər yalan məlumatlarla manipulyasiya etməyə çalısa da, Avropada əsl reallığı hər halda bilirlər. Qərb siyasi dairələri rəsmi Bakının sülh prosesinin uğur qazanmasında maraqlı olduğuna əmindirlər. Ancaq onu da bilirlər ki, Paşinyan hakimiyyəti öz üzərinə götürdüyü hüquqi öhdəliklərin icrasından israrla yayınır. Nəticədə Cənubi Qafqazda sülh prosesinin inkişafı əvəzinə, hərbi-siyasi gərginlik artmaqda davam edir.

Prezident İlham Əliyevin Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması qarşısında elə bir ciddi əngəlin olmadığını bəyan etməsi də qətiyyən təsadüfi deyil. Çünki rəsmi Bakı ötən il keçirilmiş üçtərəfli görüşlərin nəticələrinə böyük önəm verir. Hər halda, həmin görüşlərdə Paşinyan hakimiyyəti Azərbaycanın təklif etdiyi beynəlxalq hüquq normalarına əsaslanan beş şərt-prinsipi qəbul edib. Üçtərəfli görüşlərdə imzalanan sənədlərlə Ermənistan Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını rəsmən tanıyıb.

Ancaq bütün bunlara baxmayaraq, Rusiya və Fransanın pozucu fəaliyyəti Ermənistanı sülh sazişini imzalayıb, dinc inkişaf dövrünə keçmək şansından uzaqlaşdırır. Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın bu şansdan yararlanması üçün maksimum səviyyədə səbrli davrandığı da qətiyyən diqqətdən yayınmır. Halbuki rəsmi Bakının səbri də tükənməz deyil. Paşinyan hakimiyyəti bu yeganə şansdan vaxtında istifadə etmək üçün mütləq tələsməlidir. Əks halda, zaman və proseslər Ermənistanın əleyhinə işlədiyindən, sonra çox gec ola bilər.(musavat.com)

Oxşar xəbərlər