“Bakı planları darmadağın etdi, Rusiyanın addımına da qane olmadı”

“Bakı planları darmadağın etdi, Rusiyanın addımına da qane olmadı” “Kriminal oliqarx, Rusiyadan xüsusi məqsədlərlə göndərilmiş Ruben Vardanyan Qarabağda tutduğu “dövlət naziri” postundan azad edilib. Onu göndərən dairələrin əlində alət olan Vardanyanın Qarabağdakı erməniləri “xilas” edəcəyi ilə bağlı pafoslu açıqlamaları onu uçuruma yuvarladı”.

Bunu açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib.

“Bakı planları darmadağın etdi, Rusiyanın addımına da qane olmadı”


O bildirib ki, məhz Azərbaycanın tələbi və təzyiqi nəticəsində Vardanyan tutduğu “rəsmi vəzifədən” azad edildi: “Çünki rəsmi Bakı onunla heç bir danışıqlar aparmayacağını ilk gündən bəyan etmişdi. Hətta onun formal olaraq Rusiya vətəndaşlığından azad edilməsi ilə bağlı rəsmi Moskvanın atdığı addım da Bakını qane etmədi və tələblər dəyişilmədi.

Qazandığı çirkli pulları Qarabağ erməniləri üçün xərclədiyini elan edən R.Vardanyan özünü “xilaskar” obrazında təqdim etmək, bununla da yerli əhali arasında nüfuz qazanmaq, separatçı rejimdə siyasi olimpə yüksəlmək, daha sonra isə digər siyasi istəklərini də həyata keçirmək kimi xam xəyallara qapılmışdı. O bunları həyata keçirmək üçün Azərbaycan rəsmiləri ilə masa arxasına oturmaq və Qarabağ “məsələsini”, ermənilərin “taleyini” müzakirə etmək niyyəti güdürdü ki, Bakı bu planları darmadağın etdi".

O əlavə edib ki, İkinci Qarabağ müharibəsi bütün ermənilərə Azərbaycanın gücünü göstərmişdi: "Qarabağdakı ermənilər psixoloji gərginlikdə idilər. Onlara təskinlik verməyə, bölgədən qaçmalarının qarşısını almağa çalışan rusiyalı emissarın cəhdləri durumu yalnız gərginləşdirirdi. Onun gəlişi separatçı Araik Arutunyanla və digər separatçılarla arada olan münasibətləri çıxılmaz duruma saldı. Vardanyan həm separatçılarla, həm də yerli əhali ilə qarşıdurma halına gəldi.

Azərbaycanın sərvətlərini Laçın-Xankəndi yoluyla daşımaq, humanitar məqsədlər üçün istifadə olunmalı olan yolla silah-sursat, mina daşıyıb terroristləri silahlandırmaq planları da iflasa uğradı. Azərbaycan QHT-lərinin və ekoaktivistlərinin dekabr ayından başlatdıqları etiraz aksiyası onun çirkin məqsədlərinin qarşısını aldı. Vardanyanın və onu dəstəkləyənlərin “blokada” hay-küyünə isə əhəmiyyət verən olmadı. Çünki yol humanitar məqsədlər üçün açıqdır.

Kriminal oliqarx siyasi səbatsızlığı ucbatından bütün hər şeyi bərbad edəndən sonra Qarabağdan Rusiyaya qaçdı, lakin yenidən biabırçı şəkildə Xankəndiyə qaytarıldı. Onun necə gedib, necə gəlməsi isə biabırçı duruma düşməsinin real göstəricisi idi. Qarabağa qayıdan kimi separatçılarla arasında olan durum daha da gərginləşdi, nəticədə o, “vəzifəsindən” getdi. Bu rəsmi Bakının qəti və sərt tələbi idi. Azərbaycan istəyinə nail oldu. Azərbaycan rəsmiləri onun sərhədlərinin içərisində siyasi oyunbazlıq edən, separatçılıqla məşğul olan xarici ölkə emissarı ilə danışıqlara gedə bilməzdi və getmədi. Azərbaycan kriminal keçmişə malik birisinin bölgədə durumu daha da gərginləşdirdiyini Moskvaya da, Qərbə də açıq şəkildə bildirmişdi. Prezident İlham Əliyev Münxen Təhlükəsilik Konfransında da bu mövzuya toxunaraq, Vardanyanla heç bir danışıqların aparılmayacağını qətiyyətlə bəyan etdi. Bu Azərbaycanın növbəti siyasi-diplomatik qələbəsidir. Bununla da rəsmi Bakı göstərdi ki, Qarabağ məsələsində heç bir halda güzəşt olmayacaq.

İndi Vardanyan Qarabağda öz “ictimai-siyasi fəaliyyətini” davam etdirmək fikrinə düşüb. Bununla guya siyasi arenada nəyəsə nail olacağını düşünürsə, çox böyük səhv edir. Ona bu işdə dəstək verənlər, onun vasitəsilə bədnam siyasi məqsədlər güdənlər yaxşı olar ki, bu fikirdən vaz keçsinlər. Çünki kriminal keçmişə malik olan, siyasi cəhətdən səbatsız bir şəxs üzərindən planlar qurmaq bəri başdan iflas göstəricisidir.

Azərbaycanın ayrılmaz hissəsi olan, Qarabağ iqtisadi rayonunda yaşayan əhali - erməni əsilli azərbaycanlılar isə bir həqiqəti başa düşməlidirlər ki, onların xilası kənardan ixrac olunan, yaxud yerli səviyyədə separatçılıqla məşğul olan şəxslərdə deyil. Xilas yolu ancaq Azərbaycan qanunları çərçivəsində və bayrağının altında dinc, yanaşı yaşamaqdır".

Oxşar xəbərlər