Beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirə olunduğu əsas platforma olan Münxen Təhlükəsizlik Konfransında 3 gün ərzində bir sıra vacib məsələlər müzakirə olundu. 40 ölkənin dövlət və hökumət başçısının iştirak etdiyi konfransda əsasən qlobal problemlər, siyasi-hərbi məsələlər müzakirə edildi. Heç şübhəsiz Ukraynada baş verənlər əsas diqqət mərkəzidə idi. Azərbaycan Prezidentinin Münxen Təhlükəsizlik Konfransında iştirak etməsi isə ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edirdi.Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, Münxendə daha bir erməni yalanına son qoyuldu. Beynəlxalq tədbirdə dövlət başçısı açıq-aydın bildirdi ki, Laçın-Xankəndi yolunda baş verənlər blokada deyil. Yol açıqdır və oradan humanitar məqsədlər üçün istifadə edilir. Dekabrın 12-dən indiyədək 2500-dən çox nəqliyyat vasitəsi, o cümlədən Rusiya sülhməramlılarının və Qırmızı Xaçın təmsilçilərinin yük avtomobilləri keçib. Qarabağdan demək olar ki, 100 pasiyent müalicə üçün Qırmızı Xaç tərəfindən Ermənistana aparılıb. Əgər Qarabağdakı ermənilər bu yoldan istifadə etməyə çalışsalar, onları heç kim dayandırmayacaq.Azərbaycan yerli ermənilərlə dialoqun tərəfdarıdır. Lakin kənardan Qarabağa məqsədli şəkildə, konkret gündəliklə göndərilən şəxslərlə heç bir əlaqədən söhbət gedə bilməz. Dövlət başçısı 2020-cı ildə Münxen Təhlükəsizlik Konfransında iştirak edərkən Azərbaycanın müharibə istəmədiyini, Beynəlxalq Təşkilatların Ermənistana daha çox təzyiq göstərməsinin əhəmiyyətini vurğulamışdı. Dövlət başçısının bu açıqlamaları bir növ beynəlxalq ictimaiyyətə ünvanlanan sonuncu xəbərdarlıqlar idi. Çünki işğal faktı əbədi olaraq davam edə bilməzdi.Azərbaycanın səbrinin də bir sərhəddi vardı. Məhz Vətən müharibəsinin başlaması ilə tarixi ədalət bərpa olundu. Azərbaycan yeni reallıqlar yaratdı. Və indi bu reallqıları hər kəs qəbul edir. Etməyənlərin isə başqa çıxış yolu yoxdur.
Cənubi Qafqazdakı təhlükəsizlik məsələləri qərbin xüsusi diqqət mərkəzindədir. Məhz buna görə də konfrans çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin 2 fərqli platformada bir araya gəlməsi də buna hesablanıb. Onu da qeyd eləmək lazımdır ki, tarixdə ilk dəfədir ki, Münxen Təhlükəsizlik Konfransı vasitəsilə Azərbaycan, Ermənistan və Gürcüstan liderləri eyni zamanda bir platformada görüşüblər. Dövlət başçısı bildirib ki, Azərbaycan bölgədə sülhün təsis olunmasında maraqlıdır. Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur. Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət edilməlidir.
Görüşdən sonra jurnalistlərə açıqlama verən Prezident İlham Əliyev bildirib ki, bu gün həqiqətləri gizlətmək, yaxud da ki, reallığı təhrif etmək mümkün deyil. Biz informasiya dünyası dövründə yaşayırıq. Hər kəs yaxşı bilir harada nə baş verir. Ona görə qeyri-ciddi və manipulyativ mahiyyət daşıyan açıqlamalar, əlbəttə ki, ciddi qəbul edilmir. Bizim mövqeyimiz birmənalıdır. Biz nəyi deyiriksə, birincisi, həqiqətə əsaslanırıq. İkincisi, mövqeyimizi açıq bildiririk. Beynəlxalq tərəfdaşlar da bilirlər ki, biz nə istəyirik. Dövlət başçısı həmçinin vurğulayıb ki, sərhədlərimiz tarixi xəritələr əsasında delimitasiya olunsun. Bunun da tarixi məntiqi var. Biz istəyirik ki, Ermənistan bizə qarşı ərazi iddialarından əl çəksin və normallaşma olsun.Ermənistan nə istəyir? Biz bunu başa düşə bilmirik-deyə dövlət başçısı qeyd edib.
Münxendə Azərbaycan tərəfi Ermənistana yeni təkliflərini rəsmən təqdim edib. Dövlət başçısı bildirib ki, Ermənistan və Azərbaycan ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələrini Ermənistan-Azərbaycan sərhədində yaratsınlar. Bu təkliflə bağlı Ermənistan tərəfindən hələlik hər hansı mövqe səsləndirilməyib. Ermənistanın istənilən cavabından asılı olmayaraq Azərbaycan yeni reallıqlar yaratmağa davam edəcək.
Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin
direktoru Ruhiyyə İbrahimova