Zelenski Rusiya ilə müharibəni bitirməyə mane olan səbəbi açıqladı

Zelenski Rusiya ilə müharibəni bitirməyə mane olan səbəbi açıqladı "Bizə yardımın istənilən gecikməsi düşmənlərimizin daha çox ukraynalını öldürməsinə səbəb olacaq".

"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski video-müraciətində açıqlama verib.

O bildirib ki, hazırda ölkəsinin ərazisində və sərhəd rayonlarında Rusiya ordusunun bütün döyüş qabiliyyətli hissəsi cəmləşib: "Onlar bizimlə mübarizəyə bütün döyüş qabiliyyətliləri yığıb atıblar. Buna görə də belə bir qarşıdurmada və müdafiə döyüşlərində bütün dünyanın gözü qarşısında gücünə görə ikinci və ya üçüncü sayılan orduya qarşı real olaraq, vuruşuruq. Silahlı Qüvvələrimiz elə möhkəm dayanıblar, bütün xalqımız elə cəsarətlə müdafiə olunur ki... Onlar nümayiş etdirirlər ki, qlobal reytinqdə Ukrayna ordusu çoxdan Rusiyadan yüksəkdə olmağa layiqdir".

Zelenskinin sözlərinə görə, Ukrayna ehtiyac duyduğu və Rusiyanın istifadə etdiyi ilə üst-üstə düşən bütün silahları tərəfdaşlarından əldə edə bilsəydi, artıq müharibəni başa çatdırardı: "O halda biz sülhü qaytara və ərazilərimizi işğalçılardan azad edə bilərdik. Çünki Ukrayna hərbçilərinin taktika və müdriklikdə üstünlükləri tam aydındır".

Dövlət başçısı qeyd edib ki, digər ölkələrdən olan həmkarları ilə hər bir təması zamanı, eləcə də bütün müraciət və müsahibələrində Ukraynanın tərəfdaşlarından illərlə anbarlarında silah saxlamalarının ədalətsizliyini vurğulayır: "Onlarda Ukraynaya lazım olan silahlar varsa, bizə vermələri, ilk növbədə, mənəvi borclarıdır. Bununla azadlığı müdafiə və minlərlə ukraynalının həyatını xilas etməyə köməklik göstərirlər. Hazırda aldığımız köməyi müharibənin ilk həftəsində əldə etsəydik, Ukraynaya və Avropanın azadlığına faydası daha çox olardı. Bəzi tərəfdaşlarımızdan yaxın həftələrdə planlaşdırılan hərbi yardımı alsaq, bu, minlərlə insanın həyatını xilas etməyə imkan verəcək. Ümidvaram ki, tərəfdaşlar bu tezisi eşidəcək və hər günün əhəmiyyətə malik olduğunu anlayacaqlar. Ukraynaya yardımın istənilən gecikməsi düşmənlərimizə daha çox ukraynalını öldürmək imkanı qazandıracaq".

Qeyd edək ki, 19 aprelə olan məlumata görə, Ukraynada 20 800 rus hərbçisi öldürülüb.

Oxşar xəbərlər