Dövlətimiz hər zaman şəhid ailələrinin və müharibə əlillərinin yanındadır

Dövlətimiz hər zaman şəhid ailələrinin və müharibə əlillərinin yanındadır Bu gün Azərbaycan 30 illik həsrətə son qoyub öz əzəli və əbədi torpaqlarına qovuşmağın qürurunu yaşayır. Bu qüruru bizə yaşadan qəhrəman oğullarımızı dövlətimiz hər zaman diqqətində saxlayır, onlara xüsusi qayğı göstərir. Atılan hər bir addımda həm şəhid ailələrinə, həm müharibə əlilərinə onlarla fəxr edildiyi xüsusi olaraq vurğulanır ki, öz yaxınlarını itirmiş insanlar təsəlli tapa bilsinlər. Çünki onların qəhrəmanlığı, şücaəti, fədakarlığı torpaqlarımızın azad olunmasına xidmət etdi. Məhz onların qanı bahasına biz torpaqları almışıq, geri qaytarmışıq. Bizim şəhidlərimiz haqq yolunda, Vətən uğrunda həlak olublar. Qəhrəman oğullarımızın şücaəti bütün dünyaya səs saldı. Bu gün bizim bayrağımızın azad edilmiş torpaqlarda ucaldılması məhz o qəhrəman oğulların qanı, canı bahasına başa gəldi. Onların qəhrəmanlığı nəticəsində xalqımız, dövlətimiz, müzəffər dövlət, müzəffər xalq kimi yaşayır və bundan sonra əbədi yaşayacaq.
Dövlət başçısı cənab İlham Əliyev hər bir çıxışında qeyd edir ki, şəhid ailələri və müharibə əlillərinə xüsusi diqqət və qayğı göstərilməlidir. Dövlət başçısı vurğulayır ki, şəhid ailələrinə olan münasibət, onların evlə, mənzillə təmin olunması işğal dövründə prioritet məsələlərdən biri idi və İkinci Qarabağ müharibəsindən sonra bu məsələlər öz həllini tapır. Burada məsələ qoyulmuşdur ki, həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin şəhid ailələrinin, müharibə əlillərinin yaşayış məsələləri tezliklə öz həllini tapsın. Bu istiqamətdə bu il və keçən il önəmli addımlar atılmışdır. Ölkə başçısının iştirakı ilə şəhid ailələri və müharibə əlilləri üçün yeni salınmış yaşayış kompleksi istifadəyə verilmişdir. Kompleks 810 mənzildən ibarətdir. Kompleksdə 620 nəfərlik məktəb və uşaq bağçası artıq fəaliyyətə hazırdır. Şəhid ailələri və Qarabağ qaziləri üçün inşa olunmuş kompleksdə rahat yaşamaq üçün bütün imkanlar yaradılmışdır. Son illər ərzində ölkəmizdə bu sahədə çox böyük işlər görülmüşdür. 10 min şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin olunub və bu proses davam edir. 2020-ci ildə Azərbaycan bu istiqamətdə ən böyük göstəricilərə nail olub-1572 şəhid ailəsi və Qarabağ qazisi evlərlə, mənzillərlə təmin olunub. Bu il 3 minədək şəhid ailəsi, müharibə əlili evlərlə, mənzillərlə təmin ediləcək və bu yaşayış kompleksini də nəzərə almaq şərti ilə artıq bu kateqoriyadan olan 1300-dən çox ailə mənzillərlə təmin olunub. Bununla bərabər, uzun illərdir ki, Qarabağ qaziləri fərdi avtomobillərlə də təmin olunur, ümumilikdə Qarabağ qazilərinə 7200 avtomobil verilib.
Bu Vətən bizimdir, onu qoruyanlara hamımız borcluyuq!

C.Cabbarlı adına 187 nömrəli tam orta məktəbin
məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Nərmin Abbasxanova

Oxşar xəbərlər