Sərhədə cəmləşdirilmiş qoşunlar hərəkətə keçdi - YENİ VİDEOLAR YAYILIB

Sərhədə cəmləşdirilmiş qoşunlar hərəkətə keçdi - YENİ VİDEOLAR YAYILIB Rusiya hərbi texnikanı Ukrayna ilə sərhədə yaxınlaşdırmağa davam edir. Bunu son günlər sosial şəbəkələrdə yayımlanan videoları tədqiq edən Conflict Intelligence Team də (Münaqişə Kəşfiyyat Komandası ) təsdiqləyir. Əsasən 1-ci Qvardiya Tank Ordusunun bölmələrinin Voronej yaxınlığındakı poliqondan sərhədə qədər irəlilədiyi iddia olunur.

Əvvəllər xəbər verildiyi kimi, dekabrda bu ordunun texnikası Voronejdən cənubda yerləşən Poqonovo poliqonuna gəlib.

Virtualaz.org xəbər verir ki, son günlər sosial şəbəkələrdə yayılan bir neçə videoda Belqorod vilayətindəki stansiyalarda bu ordunun hərbi texnikası görünüb. CIT qeyd edir ki, söhbət təkcə Voronej yaxınlığında yerləşən avadanlıqlardan deyil, həm də Moskva yaxınlığından gələn əlavə texnikadan gedir.

Sərhədə cəmləşdirilmiş qoşunlar hərəkətə keçdi - YENİ VİDEOLAR YAYILIB


Başqa videolarda CIT mütəxəssisləri hərbçilərin Smolenskdən Bryansk vilayətinin cənubuna - həm də Ukrayna ilə sərhədə köçürülməsini də müşahidə ediblər. Bundan əvvəl Bryansk vilayətində Rusiya ordusunun əsas zərbə qüvvələrindən biri olan Pskovdan olan 76-cı hava-desant diviziyasının texnikası da diqqət çəkib.

Avadanlıqların Rusiya ərazisi ilə ötürülməsi Belarusda Rusiya hərbçilərinin və texnikasının iştirakı ilə keçirilən irimiqyaslı hərbi təlimlər, eləcə də Qara dənizdə bu gün başlayan və bir neçə iri desant gəmilərinin iştirakı ilə hərbi dəniz təlimləri fonunda baş verir.

ABŞ hakimiyyətinin nümayəndələri kəşfiyyat məlumatlarına istinadən son günlər bəyan edirlər ki, Rusiya irimiqyaslı hücuma başlamaq üçün Ukrayna ilə sərhədlər yaxınlığında özünün zərbə hissələrini cəmləşdirməyi praktiki olaraq yekunlaşdırıb. Qərb ölkələri narahatdır ki, hücum "istənilən vaxt" baş verə bilər.

Ukrayna sərhədləri yaxınlığındakı rus qoşunlarının ümumi sayının 120 mini keçdiyi təxmin edilir. Almaniyanın "Spiegel" nəşri və bir sıra Britaniya mediası kəşfiyyat məlumatlarına istinad edərək, işğalın fevralın 16-da başlaya biləcəyini iddia ediblər. Rəsmi Vaşinqton dəqiq tarixləri açıqlamayıb. Ağ ev və Dövlət Departamenti Rusiyanı diplomatiya yolunu seçməyə inandırmaq imkanlarına hələ də inandıqlarını bildirirlər. Eyni zamanda, ABŞ öz vətəndaşlarına Ukraynanı tərk etməyi tövsiyə edib.

Sosial şəbəkələrdə yayılmış son videokadrlarda, habelə, Rusiyanın onlarla döyüş vertolyotunun tam döyüş təchizatı ilə Ukrayna istiqamətində uçduğu əks olunur. Daha əvvəl də Rusiyanın hücum vertolyotlarını sərhədə yaxın ərazilərə yerləşdirdiyinə dair kadrlar yayılmışdı.




Oxşar xəbərlər