HACI ZEYNALABDİN TAĞIYEVİN ABİDƏSİNİN AÇILMASI ƏLAMƏTDAR HADİSƏDİR

HACI ZEYNALABDİN TAĞIYEVİN ABİDƏSİNİN AÇILMASI ƏLAMƏTDAR HADİSƏDİR Xalqına xidmət edən, onun rifahı üçün çalışan insanların adı qızıl hərflərlə o xalqın tarixində, yaddaşına həkk olur. Belə insanlardan biri də Hacı Zeynalabdin Tağıyevdir. Uşaqlığı kasıbçılıqda keçsə də, çalışqanlığı, zəhmətkeşliyi, ağlı sayəsində həyatını dəyişə bilmişdi, milyonçu Tağıyev olmuşdu. Milyonçu olsa da bir an belə kim olduğunu, haradan gəldiyini unutmamışdı. Buna görə də, xalqın sərvətini xalqa sərf eləməyin vacib olduğunu bilirdi. Tağıyevin xeyriyyəçilik fəaliyyəti olmasaydı, bəlkə də, o, Azərbaycan xalqının yaddaşında qalmazdı. Xalq Tağıyevdən bir ata qayğısı görmüşdü.

Təmənnasız, sözsüz, şərtsiz yurddaşlarının təhsili, səhhəti, rifahı, gələcəyi üçün əlindən gələni edirdi. Bakıya təmiz suyun çəkilməsi, məktəblərin açılması, teatr binasının tikilməsi, Bakıya gözəllik verən memarlıq abidələrinin inşası Tağıyevin göz qabağında olan fəaliyyətidir. Lakin bunlardan başqa təhsil sahəsində göstərdiyi xeyriyyəçilik fəaliyyətinin nəticələri ilə xalqın tarixində, inkişafında daha çox özünü göstərdi. Azərbaycanın mədəni, siyasi, iqtisadi inkişafında çox böyük əməkləri olan bir çox ziyalılarımız məhz Tağıyev sayəsində təhsil almışlar. Onlara yardım etməklə Tağıyev vətənin gələcəyini düşünmüşdür.

Məhz bu səbəblərdən Tağıyevin abidəsinin ucaldılması əlamətdar hadisədir. Xanlar Əhmədovun müəllifi olduğu abidə xalqımızın Z.Tağıyevə olan minnətdarlıq borcudur.

Abidə Bakı sakinlərinin ən sevimli yerlərindən birində, qala divarının önündə qoyulmuşdur. Sanki o hələ də aramızdadır. Öz duruşu ilə, baxışı ilə: “Mən xalqım üçün yaşadım, siz də xalqınızı düşünün. El malı elin olmalıdır” ,- deyir.

İnanıram ki, Zeynalabdin Tağıyevin həyatı, fəaliyyəti hər kəs üçün bir örnək olacaq və olmalıldır. Varlı olaq, kasıb olaq, fərqi yoxdur. Hər kəs bacardığı qədər öz ətrafını gözəlləşdirməli, yaxşılaşdırmalıdır.

Bakıxanov qəsəbəsi, 213 saylı məktəb-liseyin

direktoru Səbinə Əliyeva

Oxşar xəbərlər