Tokayev KTMT-ya niyə “qapı”nı göstərdi: Qərb sərmayəsi Rusiya silahına qalib gəlir

Tokayev KTMT-ya niyə “qapı”nı göstərdi: Qərb sərmayəsi Rusiya silahına qalib gəlir Ehtimal etmək olar ki, xarici sərmayənin təmsilçiləri prezident Tokayevlə qeyri-rəsmi görüşdə onu “ya Rusiya qoşunları, ya da Qərb investisiyası” prinsipial seçimi qarşısında qoyublar; Qazaxıstan iqtisadiyyatında hegemon paya sahib olan Qərb sərmayəsi indiki situasiyada ölkədə sabitlik üçün həlledici şərt olduğundan isə prezident Tokayev öz seçimini KTMT-nın, daha dəqiq desək, Rusiya qoşunlarının əleyhinə qərar verməklə edib…
Rusiya siyasi dairələrində çaşqınlıq yaşanır. Əsas səbəb isə Kremlin Qazaxıstana yönəlik siyasətinin gözlənilməz əks həmlə ilə üzləşməsindən qaynaqlanır. Və hazırda Rusiyanın nüfuzu Qazaxıstanda ciddi zərbə qarşısındadır.

Məsələ ondadır ki, Rusiya “KTMT şineli”nə bürünüb, Qazaxıstana qoşun yeritdikdən sonra Kremlə yaxın siyasi dairələrində böyük ruh-yüksəkliyi yaranmışdı. Həmin siyasi dairələr hətta Rusiyanın bütün dünyaya öz gücünü göstərdiyini vurğulayırdılar. Eyni zamanda, Kremlin ABŞ və Qərbi postsovet məkanına buraxmayacağı barədə açıq, həm də qətiyyətli mesaj verməklə, beynəlxalq rəqiblərini çıxılmaz vəziyyətə saldığı ilə bağlı iddialarla da lovğalanmaqdan özlərini saxlaya bilmirdilər.

Ancaq indi Rusiya siyasi dairələrdən cəmisi bir neçə gün öncə ən yüksək həddə çatmış həmin optimist əhval-ruhiyyədən əsər-əlamət qalmayıb. Hazırda daha çox pessimizm qarışıq çaşqınlıq yaşanır. Və Qazaxıstan ətrafında baş verənlərin anlaşılmaz olduğunu iddia edirlər.

Tokayev KTMT-ya niyə “qapı”nı göstərdi: Qərb sərmayəsi Rusiya silahına qalib gəlir


Əslində, müəyyən mənada, haqlı olduqları da qətiyyən şübhə doğurmur. Çünki KTMT qoşunlarını Qazaxıstana çağırmaqla, hətta ölkəsini sataraq, Kremlin oyuncağı imici qazanmış prezident Kasım-Jomert Tokayevin birdən-birə öz mövqeyini dəyişməsinin əsl səbəbləri hələlik məlum deyil. Yəqin ki, həmin səbəblər ortaya çıxdıqca, Rusiyanın Orta Asiya regionuna təsir imkanlarının əhatə dairəsi də nisbətən dəqiqləşməyə başlayacaq.

Hələliksə, prezident K.J.Tokayev KTMT-dan, həm də dolayısı ilə Rusiyadan hərbi qüvvələrini Qazaxıstandan çıxartmağı tələb edir. Üstəlik, sadəcə, tələb etməklə kifayətlənmir, konkret zaman da qoyur. Yəni, prezident K.J.Tokayev bəyan edib ki, KTMT qoşunları yanvarın 13-dən başlayaraq, 10 gün ərzində Qazaxıstanı tərk etməlidirlər.

Əlbəttə ki, KTMT qoşunlarının ölkədən çıxarılmasını tələb etmək Qazaxıstan siyasi dairələrinin suveren hüquqlarıdır. Ancaq istər-istəməz “nə baş verir” sualı da aktual xarakter daşıyır. Çünki KTMT qoşunlarının Qazaxıstana yeridilməsindən heç bir həftə keçməyib.

Prezident K.J.Tokayevin müraciətindən sonra təxminən 2-3 gün KTMT qoşunlarının Qazaxıstana daşınmasına, bu ölkənin müxtəlif bölgələrinə yerləşdirilməsinə sərf edilib. Yəni, KTMT qoşunları ən uzağı 3-4 gün Qazaxıstanda “sülhməramlı missiya”nı icra ediblər. İndisə, tez-tələsik çıxmaq məcburiyyətində qalıblar.

Halbuki, Kremlə yaxın siyasi dairələr KTMT qoşunlarının Qazaxıstanda uzun müddət, hətta həmişəlik qalacağını iddia edirdilər. KTMT dövlət başçılarının son onlayn toplantısında isə xarici terrorçulardan danışan Rusiya prezidenti Vladimir Putin bu qurumun qoşunlarının Qazaxıstanda “nə qədər lazım olsa, o qədər qalacağını” vurğulamışdı. Və bu, dolayısı ilə KTMT qoşunlarının Qazaxıstanda müddətsiz dislokasiyasına cəhd göstərildiyi anlamına gəlirdi.

Tokayev KTMT-ya niyə “qapı”nı göstərdi: Qərb sərmayəsi Rusiya silahına qalib gəlir


Digər tərəfdən, son vaxtlar Kremlin “könüllü mətbuat katibi” funksiyalarını öz üzərinə götürmüş Belarus prezidenti Aleksandr Lukaşenko daha uzaqgedən planların mesajını verirdi. Qazaxıstandan sonra Qırğızıstanda və Tacikistanda da KTMT qoşunlarının yerləşdirilməsini təklif edirdi. Vaxtilə KTMT üzvlüyünü tərk etmiş Özbəkistanı isə açıq şəkildə hədələyirdi.

Ancaq indi Rusiyanın müdafiə naziri Sergey Şoyqu nə qədər KTMT qoşunlarının Qazaxıstandan çıxarılmasına etiraz etsə də, həmin planların hamısı deyəsən, boşa çıxacaq. Yaxın gələcək üçün Qırğızıstan, Tacikistan və Özbəkistanı hədəf alan KTMT qoşunları, beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaqla girdiyi Qazaxıstandan da çıxmalı olacaq. Və hadisələrin belə əks istiqamətə yönəlməsi qətiyyən səbəbsiz ola bilməz.

Təbii ki, hələlik səbəblər tam şəkildə aydın olmasa da, müəyyən ehtimallar irəli sürmək mümkündür. Nəzərə almaq lazımdır ki, Qazaxıstan iqtisadiyyatının 70 faizdən çoxu xarici sərmayənin təsiri altındadır. Bu türk dövlətinə Türkiyə, Böyük Britaniya, ABŞ və Çin şirkətləri onmilyardlarla dollar investisiya yatırıblar.

Hətta ABŞ prezidenti Co Baydenin oğlu da Qazaxıstanda öz biznesini qurub və ciddi şəkildə inkişaf etdirib. Qazaxıstanın neft-qaz sektoru isə ümumiyyətlə, Böyük Britaniya başda olmaqla, Qərb dövlətlərinin nəzarəti altındadır. Və bu, olduqca önəmli geoiqtisadi faktordur.

Məsələ ondadır ki, Çin istisna olmaqla, Qərbi təmsil edən və Qazaxıstana sərmayə yatırmış ölkələr öz şirkətlərinin “KTMT şineli” altında bu ölkəyə yeridilmiş Rusiya qoşunlarının hərbi hegemoniyasi şəraitində fəaliyyət göstərmə ehtimalını qəbul etmədiklərini qətiyyən gizlətmirdilər.

Tokayev KTMT-ya niyə “qapı”nı göstərdi: Qərb sərmayəsi Rusiya silahına qalib gəlir


Ona görə də, ehtimal etmək olar ki, Qərb sərmayəsini təmsil edən xüsusi nümayəndə heyəti prezident K.J.Tokayevlə qeyri-rəsmi görüşdə indiki situasiyanın mümkün nəticələrini onun diqqətinə çatdırıblar. Yəni, prezident K.J.Tokayev “ya Rusiya qoşunları, ya da Qərb sərmayəsi” ilə bağlı prinsipial seçim qarşısında qoyulduğunu ehtimal etmək olar. Qazaxıstan iqtisadiyyatı üçün xüsusilə də, indiki situasiyada Qərb sərmayəsinin əsas mövcudluq şərti olduğundan prezident K.J.Tokayev öz seçimini KTMT, daha dəqiq desək, Rusiya qoşunlarının əleyhinə qərar verməklə, edib.

Əslində, indiki situasiya hələlik Tokayev hakimiyyəti üçün o qədər də təhlükəli deyil. Hazırda prezident K.J.Tokayev vəzifə və səlahiyyət baxımından özündən daha üst pillədə dayanan Nursultan Nazarbayevi hakimiyyətdən tamamilə uzaqlaşdıra bilib. Hazırda N.Nazarbayevin harada olduğu məlum deyil. Hətta onun sağ olub-olmadığı barədə də məlumat yoxdur.

İndi Tokayev hakimiyyəti dövlət vəzifələrini N.Nazarbayevə yaxın şəxslərdən təmizləməklə məşğuldur. Eyni zamanda, N.Nazarbayevə yaxın olan Qazaxıstan milyarderləri də küncə sıxışdırılır. Üstəlik, Qazaxıstan ordusuna da nəzarəti böyük ölçüdə ələ keçirtməyə nail olan K.J.Tokayev özünü nisbətə rahat hiss etməyə başlayıb.

Ona görə də, Tokayev hakimiyyəti hazırda Qazaxıstanda ümumi vəziyyətə nəzarət etmək imkanlarına malikdir. Bu baxımdan, prezident K.J.Tokayevin KTMT qoşunlarının Qazaxıstandan çıxarılmasının vaxtı ilə bağlı açıqlaması, əslində, müəyyən mənada, Rusiyanın patronajlığı altında olan bu hərbi-siyasi quruma “qapı”nın göstərilməsi anlamına gəlir. Belə anlaşılır ki, Qazaxıstanda Qərb sərmayəsi Rusiya silahına qalib gəlmək üzrədir.

Oxşar xəbərlər